İqtisadçı: ''Depozit faizlərinin enməsi Türkiyə və Gürcüstanda daşınmaz əmlaka yatırımları artıra bilər''
Əmanətlərin Sığortalanması Fondu iyulun 1-dən etibarən milli valyutada olan və qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini 10 faiz müəyyən edib. Bu rəqəm xarici valyutada 2,5 faizdir.
Məlumatı Əmanətlərin Sığortalanması Fondu yayıb.
Bundan sonra milli valyutada qorunan əmanətlərin faiz dərəcəsi 33 faiz azaldılıb. Bundan sonra banklarda yerləşdiriləcək milli valyutada yalnız 10 faiz və daha aşağı dividend hesablanan əmanətlər qorunacaq.
İqtisadçı Vüqar Bayramov deyir ki, qorunan əmanət faizlərinin yuxarı həddinin azaldılması birbaşa banklarda depozitlər üzrə dividentlərin son 1 ildə aşağı düşməsi ilə bağlıdır. Hazırda aparıcı banklar manat üzrə əmanətlərə 7 faiz dividend təklif edirlər.
Mərkəzin Bankın məlumatına görə, kredit qoyuluşları 12 milyard 861 milyon, əhalinin əmanətləri isə 8 milyard 622 milyon manatdır. Deməli, əmanətlər kredit portfelinin 67 faizini təşkil edir.V.Bayramov deyir ki, göründüyü kimi əmanət faizləri azalsa da, kredit faizləri hələ də yüksəkdir:
“Sadə müqayisə aparsaq, banklar kredit kimi təklif etdikləri hər 100 manatın 67 manatını vətəndaşın özündən alıb, sonra yüksək faizlə digər vətəndaşımıza verirlər. Sistem əhəmiyyəti banklarda manat ilə depozitlərə 7 faiz təklif olunsa da, kredit faizləri 29 faizədək yüksəlir. Deməli, bank bir vətəndaşdan 7 faizlə əmanət cəlb edib, onu üzərinə 22 faiz əlavə edərək digər vətəndaşımıza kredit kimi təklif edir”.
İqtisadçının sözlərinə görə, əmanətlərin qorunan faizləri azaldıqdan sonra kredit faizlərinin aşağı salınması istiqamətində fəaliyyətinin genişləndirilməsinə və ən əsası bank sektorunda rəqabətin gücləndirilməsinə ehtiyac var:
“Bundan əlavə, fondun qərarına əsasən, bugündən etibarən banklarda yerləşdirilən və 10-dan çox faiz təklif edən əmanətlər qorunmayacaq. Yəni, əgər vətəndaşımız 11 faizlə bankda kredit yerləşdirsə və o bank müflis olsa, o zaman onun depoziti qorunmuş hesab edilməyəcək. Buna görə də, vətəndaşlarımız əmanət yerləşdirən zaman bu halı nəzərə alsalar yaxşı olar”.
Vüqar Bayramov əlavə edir ki, qorunan əmanətlər üzrə yuxarı həddin 10 faizədək azaldılmasına baxmayaraq, əvvəlki dövrdə 10 faizədən çox, 15 faizdən az milli valyutada olan əmanətlər müqavilə müddətində qorunmuş hesab olunacaq:
“Məsələn, vətəndaşımız ötən ay bankda 1 illik 14 faizlə milli valyutada əmanət yerləşdirib və bugündən qorunan əmanətlər üzrə yuxarı hədd 10 faizədək azaldılıb. Buna baxmayaraq, həmin əmanət qorunmuş hesab olunur”.
İqtisadçı deyir ki, əvvəlki dövrdə milli valyutada 10 faizdən çox qorunan əmanət yerləşdirən vətəndaş müqavilə bitən zaman yeni müqavilə bağladıqda qorunan əmanət seçməsi vacibdir. Belə ki, müddət bitəndən sonra müqavilə əvvəlki şətlərlər uzanırsa, o zaman o əmanət qorunmayan əmanətə çevrilir:
“Məsələn, ötən ay 14 faizlə milli valyutada əmanət yerləşdirən vətəndaşımız 2020-ci ilin iyun ayında müqaviləni yeniləyən zaman o dövrdəki qorunan əmanət faizlərini nəzərə almalıdır ki, vəsaiti sığortalansın. Əvvəlki banklar, xüsusən də “Dəmirbank” müflis olan zaman müqavilə müddəti avtomatik uzadılan bir sıra sığortalanan əmanətlərin qorunmayan əmanətə çevrilməsi praktikası var”.
İqtisadçı əlavə edir ki, qorunan əmanətlərin yuxarı həddinin 10 faiz olması 12 faizlik depozitdə 10 faizin sığortalanması anlamına gəlmir:
“Bizə olan müraciətlər də göstərir ki, bəzi hallarda bu məsələdə qeyri-müəyyənliklər olur. Bütövlükdə, bu gündən etibarən bankda yerləşdirilən və 10 faizdən çox dividend təklif edən heç bir milli valyutada olan əmanət sığortalanmayacaq. Bu baxımdan, vətəndaşlarımızın öz vəsaitlərini qorunun depozit kimi yerləşdirməsi daha məqsədəuyğundur”.
İqtisadçı Natiq Cəfərli isə deyir ki, Azərbaycanın primitiv iqtisadi modeli olduğuna görə depozit faizlərinin azalması kredit faizlərinə təsir etməyəcək, ancaq məntiqlə təsir etməlidir:
amma etməyəcək. Üstəlik, bu qərar, əslində bankları qorumağa yönəlib. Bu qədər yardımlara baxmayaraq, bank sektoru hələ də özünə gələ bilməyib, problemlər qalmaqdadı. Çünki bütün iqtisadi sistem bərbad olduğu bir ölkədə ayrıca bank sistemi normallaşa bilməz. Yəni, bank sisteminin vəziyyəti nəticədir – ümumi sistem problemlərinin nəticəsi”.
İqtisadçı deyir ki, bu qərar manatla depozitlərin azalmasına səbəb olacaq:
“Vətəndaşlar riskli manat depozitlərindən çıxacaq, çox güman, Türkiyə və Gürcüstanda daşınmaz əmlaka yatırımları artıracaq, ya da manat depozitlərindən yenidən dollara-avroya sürətli keçid baş verəcək”.