Dünyaya hökm edən ailələr: “Dərin dövlət”, “masonlar”, daha nələr...

27-07-2019, 12:29   
 
Dünya siyasətində zaman-zaman yeri və sözü olan şəxslər olub. Adətən bu şəxslər böyük dövlətlərin başçıları olur, onlar müəyyən zaman kəsiyində nüfuz və bacarıqları ilə dünya siyasətinə yön verməyə nail olurlar. Lakin hər hansı dövlət postunu tutmayan elə ailələr var ki, onlar bütün dünyada siyasi proseslərin gedişatına təsir etmək gücünə malikdirlər. Və bu təsir 5-10 illik deyil, bir neçə əsrlik dövrü əhatə edir.
Müasir dövrün bir sıra kino və ədəbiyyat nümunələrində “dərin dövlət”, yaxud “masonlar” adlandırılan qüvvələrin prototipinin məhz bu ailələr olduğu hesab edilir: onlar hətta ən güclü dövlətlərin rəhbərlərindən də qüdrətli olurlar, dünyanın ən ucqar bölgələrinə belə əlləri çatır, kimlərisə dövlət rəhbərliyinə gətirib və oradan uzaqlaşdıra bilirlər, müharibələri başladıb, sona çatdırırlar. Bu ailələrin hamısı bir-biri ilə gizli əlaqədə fəaliyyət göstərir, müxtəlif ölkələrlə bağlı qərarları qarşılıqlı məsləhətləşmələr vasitəsilə verirlər...
Dünya güclərini idarə edən bu ailələr birlikdə dünya maliyyə-bank sektoruna, iqtisadiyyata və siyasətinə nəzarət edirlər.
Söhbət hansı ailələrdən gedir? “Yeni Müsavat” tarixdə böyük izi və təsiri olan ən böyük ailələri təqdim edir.

Rokfellerlər
Ailənin banisi 1839-1937-ci illərdə yaşamış Con Rokfellerdir. O, Almaniyadan ABŞ-a mühacirət etmiş alman idi. Kiçik bir şirkətdə mühasib yardımçısı işləyən Con ABŞ-da başlayan vətəndaş müharibəsi dövründə aldığı dövlət sifarişlərindən bəhrələnərək neft hasilatı sahəsində böyük imkanlar əldə edib. 1870-ci ildə “Standard oil” şirkətini yaradıb və 10 ildən sonra bütün ABŞ ərazisindəki neft hasilatının 95 faizini əlində cəmləyib. O öldükdən sonra ailə biznesinin idarəçiliyi oğlu Kiçik Con Rokfellerə keçib. 1913-cü ildə onun qayınatası senator Nelson Oldriçin təşəbbüsü ilə Konqresdə ABŞ-da milli valyutanı buraxan və kommersiya bank sistemini idarə edən Mərkəzi Bankın yaradılmasına dair qanun qəbul edilir. İndiki adı Federal Ehtiyatlar Sistemi (FED) olan bu qurum hələ də müstəqilliyini saxlayaraq, nə ABŞ federal hökumətinə, nə də prezidentə tabe deyil.
19-cu əsrin 70-ci illərindən ailənin rəhbərliyi Devid Rokfellerdə olub. Devid dünyada əhali artımının qarşısının alınması, doğum prosesinin sərt nəzarətə götürülməsi, ekoloji fəlakətə qarşı mübarizə sahəsində uzunmüddətli layihələrin ideya müəllifidir. O, 2017-ci ildə 101 yaşında vəfat edib. Müasir dünya siyasətini yönləndirdiyi deyilən, ali Qərb elitasının toplandığı Bilderberq klubunun yaradıcısı məhz D.Rokfellerdir. İndinin özündə də bu klub dünyanı idarə edən “Dünya Hökuməti” hesab olunur.
3 trilyon dollara yaxın sərvəti olduğu deyilən Rokfeller ailəsi bu gün yüzlərlə dövlətin birləşdiyi BMT, BRİKS, NATO kimi qurumların siyasətinin altyapısını müəyyənləşdirən güclərdən biri sayılır.

Rotşildlər
Rotşildlər ən qədim tarixə malik ailələrdən biridir. Almaniya əsilli yəhudi Amşel Mayer Rotşilddən başlayan ailə artıq Napoleonun dövründə ən varlı ailələrdən biri hesab olunurdu.
18-ci əsr Almaniyasından başlayaraq bu ailə lombard kreditləri, maliyyə-bank, daha sonra qiymətli kağızlar, qızıl və səhm bazarında böyük nüfuz və imkanlara malikdir.
Dünyanın qüdrətli simaları onların fəaliyyətlərinin təsiri altında formalaşıb. Konspiroloqlar əmindirlər ki, qol-budaqları Avropa və ABŞ-a yayılmış məşhur ailə şəcərəsi ABŞ-ın Federal Ehtiyat Sisteminin köməkliyi ilə dünyanın bütün maliyyə sisteminə nəzarət edir.
Bir çox ölkələrdə bu ailə ABŞ-ın nüfuz tərəfdaşı kimi qiymətləndirilir. Əsrlər boyu Avropa hökmdarlarının, hətta Roma Papasının belə borc aldığı bu ailənin müxtəlif ölkələrdə siyasi hakimiyyət dəyişikliklərində iştirakına dair çoxsaylı iddialar mövcuddur.
Ailənin hazırkı varidatı 2 trilyon dollar civarında qiymətləndirilir.

Morqanlar
Morqanlar dünyanın üçüncü ən güclü ailəsi hesab olunur. Müasir dünya politoloji mərkəzlərində olan rəyə əsasən, Morqan ailəsi ABŞ-ın siyasi kursunu müəyyənləşdirir, eyni zamanda dünyanın bütün banklarına nəzarət edir. Ailənin əsasını qoyan Con Pirpont Morqan ABŞ-da ilk maliyyə imperiyasının sahibi hesab olunur. O, Vətəndaş müharibəsi dövründə silah alveri ilə məşğul olub. 1907-ci ildə ABŞ-da bank sistemini iflasdan qoruyanın məhz Con Morqan olduğu deyilir. O vaxtdan bəri Morqanlar dünya bank sisteminə nəzarət edən başlıca qüvvə hesab olunurlar. Bu nəzarət həm eyni adlı banklar, həm də dünya maliyyə-bank sistemindəki əlaqələri vasitəsilə təmin olunur. Morqanlar “General Motors”, “General Elektriks” kimi transmilli korporasiyaların rəhbərləri olublar.

Barux ailəsi
Əsası Bernard Barux tərəfindən qoyulan ailə varidatına görə Rotşild və Rokfellerlərdən geri qalsa da, siyasi və maliyyə nüfuzuna görə heç də onlardan geri qalmır. 94 il yaşayan Bernard Barux(1870-1965) ABŞ-ın beş prezidentinin məsləhətçisi və Böyük Britaniyanın baş naziri Uinston Çörçillin yaxın dostu olub. Bernard bütün varidatını təkbaşına, heç bir şirkətlər qrupu və ya korporasiya ilə əməkdaşlıq qurmadan toplayıb. Buna görə ABŞ-da onu “Uoll Stritin yalquzağı” adlandırırlar. B.Barux FED-in təsisçilərindən biri idi.
İkinci Dünya müharibəsindən sonra “soyuq müharibə” anlayışının müəllifi olan Barux ABŞ-da atom bombasının yaradılması layihəsinin rəhbəri, Atom Tədqiqatları üzrə Beynəlxalq Agentliyin yaradıcısıdır. Eyni zamanda müharibədən sonra “Beynəlxalq Hökumət”in yaradılması ideyasının müəllifidir. O, vəfat edəndə sərvəti 1 trilyon dollar dəyərində qiymətləndirilirdi.
Maraqlıdır ki, 2 qızı, 1 oğlu olan B.Baruxun oğlu ötən əsrin 90-cı illərində vəfat etdikdən sonra ailəyə kimin rəhbərlik etdiyi açıqlanmır. Dünya mətbuatında bu ailənin hər hansı üzvünün fəaliyyətinə dair məlumatlara rast gəlmək mümkün deyil. Lakin ailənin əvvəlki qaydada ABŞ siyasətinin müəyyənləşməsində və dünya bank sisteminin idarəçiliyində əsas söz sahiblərindən biri olaraq qaldığı bildirilir.

Səudlar
Səud ailəsi 200 il ərzində Ərəbistan yarımadasında müxtəlif əmirliklərin başında dayanıb. 1932-ci ildə uzun müharibələrdən sonra Səudiyyə Ərəbistanında dövlətin rəhbərliyini ələ alıblar. 1938-ci ildə ölkədə nəhəng neft ehtiyatları aşkarlandıqdan sonra Səudlar nəinki Ərəbistan yarımadasının, bütün dünyanın ən zəngin ailələrindən birinə çevriliblər. Onlar Səudiyyə Ərəbistanının, həm də dünya neft ehtiyatlarının 20 faizinin şəriksiz sahibidirlər. Səud ailəsi Yaxın Şərq regionunun bütün ölkələrində siyasi hakimiyyətlərin formalaşmasında bu və ya digər şəkildə iştirak edir. Bir qayda olaraq, dünyanın digər güclü ailələri, dövlətləri Səudlarla əməkdaşlıqda maraqlı olurlar. Buna görə də onların adı dünya idarəçiləri ailələri ilə bir siyahıya daxil edilir.

Vindzorlar
Böyük Britaniyanın kral ailəsi bu ölkənin, eləcə də dünyanın ən qədim və ən nüfuzlu ailələrindən biri hesab olunur. Kral ailəsinin Vindzorlar evi Kral 5-ci Georg tərəfindən 1910-cu ildə təsis olunub. Ona qədər hakim ailə alman adı olan Saksen-Koburg-Qot adlanırdı. Georg Birinci Dünya müharibəsi dövründə vətənpərvərlik nümunəsi göstərərək ailənin soyadını Vindzor edib.
Bu gün Britaniyanı baş nazir idarə etsə də, kraliça ölkənin Ali Baş Komandanı və İngilis kilsəsinin başçısı postunu tutur. İngiltərədən əlavə, İkinci Yelizaveta 15 müstəqil dövlətin monarxıdır. O, 1952-ci ildən bəri kraliça postunu tutmaqla dünyada rekorda imza atıb.
Vindzor ailəsinin varidatı barədə dəqiq rəqəm açıqlanmır. Amma yalnız kraliçanın şəxsi sərvətinin 5 milyard dollara yaxın olduğu deyilir.
Vindzorlar Britaniyanın ən mühafizəkar ailəsi kimi ad qazanıb. Ailənin bütün kişiləri istisnasız olaraq orduda xidmət edir, qadınlar isə xeyirxahlıqla məşğul olurlar. Bəzi hesablamalara görə, hər il müxtəlif ölkələrdən 5-6 milyon nəfərə yaxın insan məhz Vindzorların qonaqpərvərliyinə şahid olmaq üçün Britaniyaya səyahət edir.
Merdoklar
Bu, digərlərinə nisbətən gənc ailənin tarixi Avstraliyadan başlayır. Kit Merdokun əsasını qoyduğu, oğlu Rupertin inkişaf etdirdiyi media nəhənginin dünyada ən böyük dövlətlərin rəhbərlərinə təsir göstərmək gücündə olduğu deyilir. Hazırda Merdoklar “20th Century Fox” kinostudiyasının, “Fox News”, telekanalının, “My Space” sosial şəbəkəsinin və Dow Jones fond korporasiyasının sahibidirlər. Bütün bu qurumların idarəçisi olan, Kit Merdokun yaratdığı “News Corporation”u kral ailəsinin telefon danışıqlarını dinlətməkdə, polis və xüsusi xidmət orqanı vəzifəlilərini ələ almaqda ittiham ediblər.
Ailənin indiki başçısı Rupert dünya kinosunun əsas mənfi qəhrəmanlarından birinə çevrilib. Son illərdə çəkilən bir neçə filmdə onun prototipi olan obrazlar yaradılıb.

Oppengeymerlər
Bu klanın əsası Ernest Oppengeymer tərəfindən qoyulub. O, Cənubi Afrikanın Kimberli şəhərinə köçərək əvvəlcə şəhər meri, daha sonra isə almaz hasilatı şirkətinin rəhbəri olub. Tezliklə o, dünya almaz hasilatı və bazarını bütünlüklə ələ keçirə bilib. Hazırda dünyadakı almaz və qızıl yataqlarının əksər hissəsi Oppengeymerlərə məxsusdur. Ailəyə Ernestin nəvəsi Nik rəhbərlik edir. Ailə yalnız qızıl və almaz deyil, dəmir filizi, platin hasilatında da böyük paya malikdir.

Pritskerlər
Yəhudi əsilli bu ailə 1881-ci ildə Kiyevdən Çikaqoya köçüb. Bütün dünyada şəbəkələşmiş “Hayat” korporasiyasının sahibidir. Korporasiyaya 54 ölkədə 777 hotel daxildir. Hazırda ailə Çikaqoda məskunlaşıb, özlərinin təsis etdikləri arxitektura məktəbinin genişləndirilməsi ilə məşğuldur. Bu, ailənin açıqladığı məlumatdır, amma müxtəlif siyasi mərkəzlərdə Pritskerlərin digər nüfuzlu ailələrlə birlikdə dünya düzənini müəyyənləşdirmək prosesinin aktiv iştirakçısı olduğu qənaətindədirlər.
Qeyd edək ki, bu ailələrdən iki ən böyüyünün - Rokfeller və Rotşildlərin 19-cu əsrin əvvəllərində Azərbaycanın neft sənayesi və bank sektorunda böyük fəaliyyətləri olub. Son illərdə Azərbaycan hakimiyyəti Rotşildlərlə əməkdaşlığı genişləndirmək istiqamətində bir sıra addımlar atıb./musavat.com/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.