ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) baza faiz dərəcəsini 25 bənd azaldaraq illik 2-2,25 faiz səviyyəsinə endirib.
Bu, son 10 ildə FED-in ilk belə qərarıdır.
FED Vaşinqtonda yerləşən ABŞ-ın mərkəzi bankıdır. FED-in alacağı qərarlar ABŞ pul vahidi dollara istiqamət verdiyi üçün ABŞ ilə məhdudlaşmır, bütün ölkələrin iqtisadiyyatına təsir edir. Neft satışının dollar ilə həyata keçirilməsi FED bəyanatlarını və qərarlarını Azərbaycan üçün əhəmiyyətli edir. Belə ki, Azərbaycan iqtisadiyyatının 75 faizini və ölkənin ümumi daxili məhsulunun 45 faizini neft gəlirləri təşkil edir.
FED faizi artırmağa qərar verərsə, bu ölkələrə mənfi təsir edir. Faizin aşağı salınması isə müsbət təsir göstərməkdədir. Ümumi olaraq FED faizi artırarsa, dollar artar.
İqtisadçı Vüqar Bayramov deyir ki, FED-in son qərarına rəğmən, dollar həm Avropa, həm də əsas aparıcı Asiya valyutalarına nisbətən möhkəmlənib: “Əvvəlla, investorlar 50 bənd azlamanın olacağını gözləsələr də, FED 25 bəndlə kifayətləndi. İkincisi, FED-in qərarı elan edən zaman yayılan açıqlama valyuta bazarına birbaşa təsir göstərdi. Belə ki, FED yeni azalmaların gündəmdə olmadığını bəyan edib. Üçüncüsü, bir sıra Mərkəz Bankların, o cümlədən Avropa Mərkəzi Bankının yeni uçot stavkası azalamalarının olacağı ilə bağlı bəyanatı da bazara təsir etməkdədir”.İqtisadçı deyir ki, FED-in qərarından sonra avro 1.10 dollaradək ucuzlaşıb. Bunun digər səbəbi də Avropa Mərkəzi Bankının növbəti ayın 12-də ehtimal olunan stavka azalamaları ilə bağlıdır:
“Göründüyü kimi, dolların ucuzlaşması nə qlobal, nə də regional gündəmdədir. Ağ Evin təsir və təzyiqləri ilə reallaşan 25 bəndlik azalma da ABŞ pulunun ucuzlaşdırmadı. Bu isə ondan xəbər verir ki, yığım vasitəsi kimi dollar yeni də ən az riskli valyuta hesab olunur. Milli valyutamıza gəldikdə isə, indiki məzənnənin qorunub saxlanmasında Mərkəzi Bankın mövcud müdaxiləsi yenə də həlledici olaraq qalır”.
V.Bayramov əlavə edir ki, bununla belə, Mərkəzi Bank ilin sonuna doğru yeni ssenarilərə hazır olmalıdır. İlin sonunda dollara proqnozlaşdırılan tələb artımı fonunda manatın kursu həmçinin neftin dünya bazar qiymətindən və əsas qeyri-neft ixrac tərəfdaşlarımızdakı milli valyutaların məzənnəsindən asılı olacaq.
İqtisadçı, ReAL Partiyasının İdarə Heyətinin üzvü Natiq Cəfərli isə düşünür ki, FED-dən sonra dünyanın aparıcı ölkələri də uçot dərəcəsini aşağı çəkəcəklər ki, dollar qarşısında valyutaları bahalaşmasın:
“Bəli, bəli məhz bahalaşmasın, çünki normal iqtisadiyyatı, real ixracı olan ölkələr öz valyutalarının möhkəm və baha olmasını istəmirlər. Ancaq Azərbaycan kimi dövlət və məmur kapitalizminin ən eybəcər forması olan, iqtisadiyyatda ancaq dövlətin hegamon olduğu ölkələrdə milli valyutanın möhkəm olması ilə 10 il fəxr edib, sonra 2 dəfədən çox devalvasiyaya getməyə məcbur olurlar”.
İqtisadçı deyir ki, FED-in qərarı bu dəfə də Azərbaycana birbaşa heç bir təsir etməyəcək, çünki bizdə iqtisadi institutlar yoxdur deyə məzənnə inzibatidir:“Qısa misalla izah etməyə çalışım: İnsanın immun sistemi sağlam olanda xəstəliklə bədən özü mübarizə aparır, orqanizm özü müqavimət göstərərək xəstəliyə qalib gəlir və xəstəlik zamanı içilən dərmanlar ancaq köməkçi rolu oynayırlar. İmmun sistemi zəif olan orqanizmlər isə daim dərman atırlar ki, xəstələnməsinlər, amma bu da kömək olmur, xəstələnirlər və bu zaman da çox ağır antibiotiklər qəbul etməyə məcbur olurlar. Ağır dərmanlar müvəqqəti effekt yaradır, amma immun sistemi daha da zəiflədir, orqanizmə orta və uzun vadədə ciddi mənfi təsir göstərir”.
Natiq Cəfərli deyir ki, iqtisadi institutlar ölkələrin imun sistemidir, yaranan problemləri iqtisadi qanunlara uyğun tənzimləyir və həll edir, institutlaşmayan ölkələrdə isə hər problemin həlli dövlət müdaxiləsi tələb edir, bu müvəqqəti effekt yaradır, amma orta-uzun vadədə ölkəyə ciddi ziyan vurur:
“Bu gün manatla bağlı yaranan sabitlik "vurulan antibiotiklə" bağlıdır, orqanik deyil, müvəqqətidir və bu "iynələr" ölkə iqtisadiyyatında immun sisteminin yaranmasına mane olur. Ona görə də orta-uzun vadədə bu "iynələrin" yeri ağrıyacaq, şişəcək, daha ağır əməliyyatla (növbəti gecəlik devalvasiyalar ilə) müdaxilələri qaçılmaz edəcək...”.