CNN telekanalının ABŞ-a işləyən rus casusla bağlı qalmaqallı məlumatı dünya mətbuatının gündəmini zəbt edib. Tramp Administrasiyasındakı adları açıqlanmayan mənbələrə istinadən yayılan məlumatda deyilir ki, ABŞ kəşfiyyatı 2017-ci ildə özünün gizli casusunu Rusiyadan çıxarmaq məcburiyyətində qalıb. On ildən artıq ABŞ-a işləyən casus Rusiyanın hakimiyyət dairələrində yüksək vəzifə tutub. O, ABŞ üçün Kreml və milli təhlükəsizliklə bağlı yüksək qurumlara dair informasiyaların mənbəyi olub.
CNN-nin xəbərinə görə, casusun Rusiya prezidenti Vladimir Putinə də birbaşa çıxışı olub. O, Mərkəzi Kəşfiyyat İdarəsinə prezidentin iş masasındakı sənədlərin görüntüsünü də ötürürmüş. Qiymətli informasiyaların daşıyıcısı olan bu casusun təxliyyəsi haqda qərar Rusiya Xarici işlər naziri Sergey Lavrovun 2017-ci ildə Birləşmiş Ştatlara səfərindən sonra qəbul olunub.
Ağ Evin Oval kabinetində Lavrovla yanaşı, Rusiyanın o zamankı səfiri Sergey Kislyak da olub. Həmin görüşdə Tramp Rusiya tərəfinə Suriyadakı İŞİD terrorçuları ilə bağlı İsraildən alınmış bilgiləri təqdim edibmiş. Xüsusi xidmət Trampın Rusiya rəhbərliyi ilə başqa bir məxfi informasiyanı paylaşmasından ehtiyat edib. Söhbət, Trampa ABŞ kəşfiyyatı tərəfindən təqdim edilən informasiyadan gedir.
Telekanala danışan və casusun təxliyyəsi ilə bağlı müzakirələrdə birbaşa iştirak edən mənbə bildirib ki, Mərkəzi Kəşfiyyat İdarəsi Trampın kəşfiyyat məlumatları ilə dəfələrlə yanlış davrandığı qənaətindədir. Bu cür davranış isə məlumat ötürən şəxsin ifşasına gətirib çıxarır.
CNN sözügedən casusun adını açıqlamayaraq bildirib ki, şəxs haqqında tam məlumata sahib olsalar da, onu təhlükə altına qoymaqdan ehtiyat edirlər. Mərkəzi Kəşfiyyat İdarəsi CNN-in sorğusuna cavabında məlumatı yalanlayıb. “Prezidentin kəşfiyyat xidmətləri ilə qarşılıqlı əlaqəsinin casusun “eksfiltrasiyasına” səbəb olduğuna dair fərziyyələr yanlışdır”, – deyə qurumun mətbuat katibi Brittani Bremel bildirib.
Ağ Evin təmsilçisi Stefani Qrişem isə açıqlamasında bildirib ki, CNN-nin məlumatı nəinki həqiqəti əks etmirmir, həm də insanların həyatı üçün potensial təhdid təşkil edir.
Öz növbəsində “The New York Times” yazır ki, Mərkəzi Kəşfiyyat İdarəsində Putinin ABŞ-dakı 2016-cı il seçkilərinə müdaxiləyə dair göstəriş verdiyi haqda qənaətin yaranmasında məlum informatorun böyük rolu olub. Nəşrin xəbərinə görə, Putinə yaxın olan casus ABŞ hökumətində Rusiya prezidentinin fikir və qərarları haqda ətraflı təsəvvür formalaşdırıb.
“O, Mərkəzi Kəşfiyyat İdarəsində Putinin prezident seçkilərində Trampın namizədliyini dəstəklədiyinə və Demokrat Partiyasına haker hücumlarına şəxsən göstəriş verdiyinə dair qənaətin yaranmasını təmin edən açar məlumatların daşıyıcısı olub”, – deyə məlumatda qeyd olunur.
Smolenkovun ABŞ-dakı evi
“NBC News”un xəbərində isə deyilir ki, Rusiyadan çıxarılan casusun hazırda ABŞ paytaxtına yaxın bir yerdə yaşadığı ehtimal olunur. “The Washington Post”un saytında – daşınmaz əmlak bölməsində Oleq və Antonina Smolenkovların Virciniya ştatında (Stafford şəhərində) 925 min dollara ev aldığı bildirilir. 2018-ci ilin iyun ayında alınan evin sahəsi 760 kvadratmetrdir. Ümumilikdə 1,2 hektarlıq ərazidə yerləşən evdə 6 yataq, 6 hamam otağı var.
CNN-in xəbərindən sonra “NBC News”un əməkdaşı ehtimal edilən casusun Vaşinqton yaxınlığındakı evinə yollanıb. Qapının zəngini basandan 5 dəqiqə sonra jurnalistə özlərini rus sakinlərin dostu kimi təqdim edən 2 nəfər yaxınlaşıb. Və ondan nə istədiyini soruşublar. “NBC News” iddia edir ki, keçmiş yüksək rütbəli rus məmur öz həqiqi adı altında yaşayır, lakin ABŞ hökuməti tərəfindən mühafizə olunur.
Jurnalistlər Mərkəzi Kəşfiyyat İdarəsindəki iki mənbəyə istinadla bildirirlər ki, Vaşinqton yaxınlığında yaşayan keçmiş rus məmur məhz CNN və “The New York Times”ın bəhs etdiyi casusdur. Telekanal ABŞ rəsmi dairələrinin xahişini nəzərə alaraq onun adını açıqlamadığını bildirir. Amerikalı rəsmilərə görə, adın açıqlanması həmin adamın həyatını təhlükə altına qoyur.
Rusiya Xarici İşlər Nazirliyi ABŞ KİV-lərinin sözügedən casusla bağlı xəbərlərini təkzib edib. “Bu “olduqca qiymətli casus” məsələsini şərh etmək çətindir. Qoy, bunu Mərkəzi Kəşfiyyat İdarəsi təsdiq və ya təkzib etsin. Lavrovla Trampın görüşünə gəlincə, CNN hələ belə cəfəng məlumat yaymamışdı”, – deyə Rusiya XİN-dəki yüksək vəzifəli şəxs bildirib.
Rusiya Federasiya Şurası isə CNN-in bu xəbərini ABŞ prezidentini ləkələmək cəhdi kimi qiymətləndirir. “Əlbəttə ki, bütün bunlar açıq yalandır. Rusiya hökumətində işləyən hər hansı informatordan söhbət gedə bilməz”, – deyə Rusiya parlamenti yuxarı palatasının Müdafiə və təhlükəsizlik komitəsinin üzvü Frans Klintseviç qeyd edib.
Rusdilli “Telegram” kanallarında yayılan məlumata görə, Amerikaya casusluq edən şəxs Putin administrasiyasının keçmiş əməkdaşı Oleq Smolenkovdur.
Putinin mətbuat katibi Dmitri Peskov ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə işlədiyi ehtimal olunan Oleq Smolenkovun Rusiya Prezident Administrasiyasının əməkdaşı olduğunu təsdiqləyib. Onun sözlərinə görə, Smolenkov administrasiyada 2016-2017-ci illərdə işləyib, sonradan işdən azad edilib. Lakin Peskov Smolenkovun yüksək vəzifəli şəxs olmadığını deyir: “Həqiqətən də Smolenkov Prezident Administrasiyasında işləyib. Lakin onun vəzifəsi yüksək rütbəli şəxslər kateqoriyasına aid deyildi”.
Peskovdan əvvəl Rusiya Prezidentinin İşlər İdarəsinin rəsmi nümayəndəsi Yelena Krılova “İnterfaks”a bildirib ki, bu strukturda Oleq Smolenkov adlı şəxs işləməyib.
Peskovla Krılovanın açıqlamaları arasında bu cür ziddiyyətin olması olduqca maraqlıdır. Daha bir maraqlı məqam odur ki, O.Smolenkov 2017-ci ilin iyununda ailəsi – həyat yoldaşı və üç uşağı ilə birlikdə Rusiyadan Monteneqroya istirahətə gedib və bir daha ölkəyə qayıtmayıb. 2017-ci ilin iyulunda məlum olub ki, Smolenkov heç bir izahat vermədən işə çıxmır.
Rusiya hökuməti o vaxt məmurun yoxa çıxmasını şərh etməyib. Məlumatlara görə, hökumət hətta Oleq Smolenkov və ailəsinin qətlə yetirilə biləcəyini ehtimal edib. Hadisə ilə bağlı Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsi üzrə cinayət işi də açılıb. İş üzrə istintaq bir neçə dəfə dayandırılıb və yenidən başladılıb. Lakin sonda Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları üzə çıxarıblar ki, Smolenkov da, ailəsi də sağdır və başqa ölkədədilər.
Yuri Uşakov
Rusiya xəbər saytlarından birinin yazdığına görə, 5 iyun 2017-ci ildə – Smolenkovun səfərindən əvvəl Monteneqro rəsmən NATO-ya daxil olub.
Bu o deməkdir ki, ABŞ-ın açıq və məxfi strukturlarının əməkdaşları həmin vaxt orada sərbəst fəaliyyət göstərmək imkanında olublar. Bu da öz növbəsində təxliyyə prosesini asanlaşdırıb: “Təxliyyə zonası çox uğurlu seçilib. Monteneqro amerikalıların de-fakto protektoratı olan Kosovo ilə həmsərhəddir. Ola bilsin ki, diplomatik nömrələri olan avtomobildə Smolenkov və ailəsi ilə birgə sərhədi keçərək Kosovonun cənubundakı Amerikanın Kemp Bondstyle bazasına gediblər. Oradan da xüsusi reyslə ABŞ-a uçublar”.
Rusiya mətbuatının yazdığına görə, Smolenkov Yuri Uşakovun dövründə Rusiyanın ABŞ-dakı səfirliyində işləyib. Uşakov hazırda Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisidir. Moskvaya qayıdandan sonra Smolenkov Uşakovla işləməyə davam edib və onun etibarından istifadə edib.
Bu iddianı səsləndirən mənbə iddia edir ki, Smolenkov yüksək vəzifə tutmasa belə, vacib informasiyalara sahib ola bilərdi. Çünki onun “rəis”inin (Uşakov) Vladimir Putinə birbaşa çıxışı olub.
ABŞ-la Rusiya arasında yaşanan casus qalmaqalına Donald Tramp da münasibət bildirib. Ağ Evdə jurnalistlərlə söhbət zamanı Tramp deyib ki, Amerikaya işlədiyi, sonradan xüsusi xidmət orqanlarının əli ilə Rusiyadan təxliyyə olunduğu iddia edilən casusla bağlı ona heç nə məlum deyil.
Tərcümə etdi: G.Hüseynova
Strateq.az