İrəvan Bakının “Rus NATO-su”na yolunu açdı - Putinin təhdidi

12-09-2019, 09:19   


Ermənistan parlamenti KTMT yanında müşahidəçi statusu nəzərdə tutan sənədi ratifikasiya etdi; işğalçı ölkənin parlamentində anti-Rusiya çıxışları - Paşinyan hökuməti Kremldən həm qorxur, həm də qorxutmağa çalışır... 

Ermənistan parlamenti sentyabrın 11-də “Rus NATO-su” kimi tanınan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) nizamnaməsinə dəyişiklikləri nəzərdə tutan protokolları ratifikasiya edib. “Yeni Müsavat”ın erməni qaynaqlarına istinadən verdiyi məlumata görə, xarici işlər nazirinin müavini Şavarş Köçəryan bildirib ki, düzəlişləri həm də Ermənistandakı siyasi sistem dəyişikliyi zəruri edib, çünki ölkənin rəhbəri artıq prezident yox, baş nazirdir.  

Ermənistan parlamentinin təsdiqlədiyi başqa bir protokol “Rus NATO-su”na üzv olmayan dövlət və digər beynəlxalq təşkilatlar üçün bu qurum yanında müşahidəçi statusunu nəzərdə tutur. Həmin protokola görə, müşahidəçi ölkə və təşkilatlar KTMT-nin fəaliyyəti ilə daha yaxından tanış olmaq imkanı əldə edə, qurumun hərbi-siyasi tədbirlərini izləyə, həmçinin hərbi-texniki əməkdaşlıq imkanları qazana bilərlər. O sırada ortaq təlimləri izləmək və orada iştirak hüququ da var.

Yada salaq ki, Rusiyanın dominant olduğu bu hərbi blokun nizamnaməsinə son dəyişikliklər qurumun keçən ilin noyabrında Qazaxıstanın paytaxtı Astanada (Nur-Sultan) keçirilən sammitində bilavasitə Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə qəbul edilib. Qalırdı onun üzv ölkələrin parlamentləri tərəfindən ratifikasiya olunması. Ermənistan onların arasında sonuncu idi.     

*****

KTMT PaÅinyan ile ilgili görsel sonucu

Bir sıra təhlilçilərə görə, Moskva bu dəyişiklikləri ilk növbədə Azərbaycan üçün nəzərdə tutub. Yəni bu yolla Bakını tədricən “Rus NATO-su”na üzvlüyə şirnikləndirmək və Qərbin siyasi-hərbi bloklarından, xüsusən də qardaş Türkiyənin üzv olduğu NATO-dan uzaq saxlamaq hədəfi güdülür. Bundan ötrü müşahidəçi dövlət statusuna qarşılıq olaraq Rusiyadan Azərbaycana silah-sursatların daha ucuz qiymətə satılması da nəzərdə tutulur.

İşğalçı ölkəni əndişələndirən həm də bu idi. İrəvanı əlavə olaraq, Bakının KTMTdaxili durumdan daim xəbərdar olması və bu duruma və üzv ölkələrə müşahidəçi dövlət kimi daha güclü təsir göstərmək imkanı əldə eləməsi də qayğılandırırdı. Onsuz da Azərbaycanın Ermənistan xaric, KTMT üzvləri arasında nüfuzu işğalçı ölkədən - onun üzvündən güclüdür. Bunu 2016-cı ildəki “4 günlük” aprel savaşı da göstərdi. Ermənilər özləri də bu nüfuz fərqini etiraf edirlər.

KTMT PaÅinyan ile ilgili görsel sonucu

 

Lakin direktiv “ən yuxarı”dan - Moskvadan gəldiyi üçün Ermənistan protokolları təsdiq eləməli oldu və bununla da Bakının “Rus NATO-su”na yolunu açmış oldu. Ancaq Bakı “Rus NATO-su”na can atmır və hələlik müşahidəçilik məsələsinə dair mövqe bildirməyib. Üzvlüklə bağlı isə Azərbaycanın prinsipial mövqeyi belədir ki, Qarabağ məsələsinin həllində ciddi irəliləyiş olmayınca işğalçı ölkə ilə eyni hərbi blokda təmsilçilikdən söhbət gedə bilməz. Odur ki, “top” İrəvanın, daha doğrusu, onun sahibi Moskvanın meydanındadır.

*****

Moskva-İrəvan münasibətləri isə “məxməri inqilab”dan sonra heç də isti dövrünü yaşamır - tərəflər bunu gizlətməyə  çalışsalar da. Elə KTMT nizamnaməsinə dəyişiklikləri ehtiva edən sənədin ratifikasiya edildiyi gün Ermənistan parlamentində anti-Rusiya, anti-Putin çıxışları səslənib. Belə ki, “Yeni Müsavat” Rusarminfo-ya istinadən bildirir ki, deputat Arman Babacanyan Ermənistanın “suverenliyi”nə ən böyük təhlükənin Rusiyadan gəldiyini bəyan edib.

kreml ile ilgili görsel sonucu

“Prezident Putin ən ağır cinayətdə - konstitusiya quruluşunu devirməkdə ittiham olunan adamı (Robert Köçəryanı - ”YM") təbrik edir. Bu, bizim suverenliyimizə təhdiddir, ya yox? Yaxud Rusiyanın hüquq-mühafizə sistemi Ermənistanın axtarışa verdiyi keçmiş yüksək çinli şəxsə münasibətdə “özəl davranış” sərgiləyirsə, bu, bizim suverenliyimizə qəsd deyil ki? 1 mart 2008-ci il hadisələrində adı keçən ən mühüm adam - keçmiş müdafiə naziri Mikayel Arutyunyan haqda Rusiya Baş Prokurorluğunun qərarı (Moskva onu İrəvana təhvil verməkdən imtina edib - “YM”) məgər suverenliyimizə qəsd deyil? Konstitusiya Məhkəməsinin sədri Rusiya səfiri ilə görüşür və biz söhbətin məğzi barədə heç nə bilmirik. Az öncə isə bəlli oldu ki, Rusiyanın təbliğat aləti olan “Sputnik” İnformasiya Agentliyi İrəvanın mərkəzində oturub hökumətə etimadsızlıq yaratmaqla məşğuldur. Bu bizim suverenliyimızə təhlükə deyil?" - deyə o sual edib.

Erməni parlamentar əlavə edib ki, bu kimi vəziyyətlərin hamısında Ermənistan tərəfdən Moskvanın ünvanına etiraz kimi bircə söz də deyilməyib. “Çünki cəsarətləri yoxdur, mən isə bu haqda danışacağam”, - deyə o, Rusiyanı təhdid edib.

Qeyd edək ki, bir neçə gün öncə Babacanyan Putinə qarşı cinayət işi qaldırmağa çağırış eləmişdi...

*****

Beləcə, Ermənistan hökuməti və onun parlamentdəki çoxluğu Kremldən həm qorxur, həm də qorxudur. Daha doğrusu, qorxutmağa çalışır. Tamamən Moskvamın vassal asılılığında olan bir ölkədən gələn bu kimi “təhdid”lər gülünc görünsə də, Rusiyanı xüsusi narahat eləməsə də, Moskvada yəqin ki, bunu görməzlikdən də gəlməyəcəklər... 

“Yeni Müsavat”ın analitik xidməti


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.