Falçı Cəmilə qızları necə ərə verir?

4-07-2014, 15:14   
Falçı Cəmilə qızları necə ərə verir?Falçının evindən reportaj; oğru axtaran, evini sata bilməyənlər falçıya üz tutur

İnsanların əksəriyyəti ümidsiz və çarəsiz vəziyyətə düşdüyü an falçılara, cadugərlərə müraciət etmək qərarına gəlirlər. Belə bir deyim var; «Fala inanma, faldan da qalma». İnsanların əksəriyyəti bu prinsizi əsas tutub fala inanmadıqlarını desələr də, bu da bir həqiqətdir ki, fala baxdırmağa daim həvəsləri olur. Məsələn, ötən günlərin birində qonşumuz Lökbatanda yaşayan Cəmilə adlı yaşlı façını tərifləyirdi. Elə hey deyirdi ki, bu qoca qadın qəhvə ilə fala baxır və yaxşı da iş görür. Qonşunun deməyindən belə anlaşıldı ki, sən heç nə danışmırsan, o, sənin üzünə baxıb hər şeyi deyir. Biz də bunları müşahidə etmək, insanların fala nə qədər inanmaları ilə maraqlanmaq üçün elə həmin falçının «qəbulu»na yollandıq.

«Qeydiyyata saat neçəyə yazılmısınız?»
Falçı Cəmilə kimi tanınan qadın 124 nömrəli avtobusun sonuncu dayanacağına yaxın bir yerdə qalırmış. Evini soraqlayıb tapdım. Evə yaxınlaşanda qapının açıq olduğunu gördüm. Yan otaqdan bir nəfər «burdayam, gəlin» dedi. Otağa daxil olan zaman giriş hissədə dinə aid tablonun asıldığı diqqətimi çəkdi. Qadın «Qeydiyyata saat neçəyə yazılmısınız?» deyə, sual verdi. Mən də «yazılmamışam, qonşumuzun məsləhəti ilə gəlmişəm» dedim. «Bax, növbədə səndən öncə 5 adam var, get sırada otur, növbəni gözlə» deyərək qapını örtməyimi istədi. Mən öz növbəmi gözləyərkən Cəmilənin məndən əvvəl gələn qadının başına gələnləri və onun üçün necə iş görəcəyi barədə sözlərinin şahidi oldum.

– Bu yaxınlarda sizdə oğurluq olub. Nədir o oğurluq?
Qadın: – Hə, evmizdən qızıllarmızı oğurlayıblar.

- Bu qızılları oğurluyan kimdisə öz ailənizdəndir. Evinizə tez- tez gələn adam kimdir?
- Qohum qız var, yəqin o olar.
Falçı sözləri təkrar-təkrar danışaraq, qadını əməlli-başlı inandırmışdı. Qadının falçının sözlərinə dəstək verməsi məndə də çaşqınlıq yaratmışdı. Nəhayət ki, növbə mənə çatanda otağa daxil oldum və stulda əyləşdim. Mənə fincanda qəhvə gətirdilər. Mənim üçün süzülən qəhvəmi içib, fincanı nəlbəkiyə tərsinə çevirdim. Qəhvə dadsız və acı idi. Cəmilə əlimdən tutub barmağımı qəhvəyə batıraraq danışmağa başladı:

- Həyatında biri olub, acı çəkib, stress yaşamısan.
Qadın daha sonra 5-6 saniyə fincanın dibinə baxıb başını qaldırmadan sözünə davam elədi:
- Amma yollarınız ayrılıb. Sən düşünmə ki, sizi birləşdirən nəsə qalıb. Sonu olmayan münasibət bitmiş bir münasibətdir. Mənim balam, sən gözəlsən, mülayimsən, qarşıda daha maraqlı həyatın var. Amma onu da deyim ki, səni istəməyən adamlar da çoxdur. Bir qadın var, səni addım-addım izləyir, sənin həyatının yaxşı olmasını istəmir.
Falçı başını qaldırıb üzümə baxdı:

- İndi həyatında biri varmı?
- Yox, istəmirəm.
- Ay qız, sən bu Cəmilə nənəyə yalan danışma, səni biriylə yanaşı görürəm. Fikri ciddi adamdır, o səni sevir, ailəsi də razıdır, amma buna imkan verməyən oğlandan xoşu gələn bir qız görürəm. Bu qız sizin birləşməyinizə mane olmaq istəyir. Sənə yalnız mən kömək edə bilərəm. 40 gün yanıma gəlsən, mən elə edərəm ki, o qız sizdən əl çəkər və siz evlənərsiz. Qızım, bilirsən niyə kömək etmək istəyirəm sənə? Çünki bu oğlanın ətrafında çox adam var, amma bu səni daha çox istəyir…
Həyatımda biri olmadığı üçün falçıya inamım qalmamışdı. Özü demişkən, falçı nənə isə həyatımda olan «o» adamı tərifləyir, gələcəyimizin parlaq olacağını deyirdi. Məndən bir cavab ala bilmədiyini görən qadın bir az əsəbi səslə soruşdu:

- Neçə yaşın var?
- 23.
- A qızım, bəs nə gözləyirsən? Bir azdan heç kəsə lazım olmayacaqsan. Qoy hələ yaşın 28-29 olsun, onda peşman olacaqsan. Məndə sənin nənən, elə edə bilərəm ki, 6 ay ərzində problemlərin həll olunar və ailə qurarsan. Falçı Cəmilə mənim üçün “iş” görməkdən ötrü dəridən-qabıqdan çıxırdı. Səsimin çıxmadığını görüb, «bu qədər yetər, 5 manat ver, get». Falçının istədiyi məbləği ona verib, dedikləri barədə mütləq fikirləşəcəyini dedim.

«Mən bu qadına inanıram»

Qapıdan çıxanda bir qızın əlində parçaya bükülmüş dua gördüm. Yaxınlaşıb falçı nənənin “işi” hansı qiymətə gördüyünü soruşdum. Falçı bir dua yazmaq üçün 50-60 manat alırmış. Bir işin müddəti isə 2 həftədən çox nəzərdə tutulur. Kənarda dayanan bir qız sevgilisinin anasının dilini-ağzını bağlamaq üçün gəldiyini bildirdi. “Neçə ildir, bir-birimizi sevirik. Amma oğlanın anası məni oğluna almaq istəmir. Bilirsiniz, mənim rəfiqəm də bu qadının köməyi ilə ailə həyatı qurub. Təzəlikcə, rəfiqəm məni bu falçı ilə tanış etdi».

Qız falçı Cəmiləyə çox inandığını bildirdi: “Mən bu qadına inanıram. Düşünürəm ki, onun yardımı ilə işlərim öz qaydasına düşəcək”.
Digər bir xanım isə ev alqı-satqısı olduğunu və düzəlmədiyi üçün bu qadının yanına gəldiyini dedi: “2 ildir evimi sata bilmirəm, gəlib evə baxırlar və gediş o gediş olur. Ən son çarəm buradır. Falçı qadın deyir ki, avqust ayı üçün ev satılacaq. Gözləyirəm, görək necə olur».
Qadının qapısında növbəyə dayanan çox idi. Onların hamısı ümidini itirib, yalan ümid axtaranlar idi.

İlhamə Əbülfət
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.