“Bank Of Baku” vətəndaşların cibinə necə girir?

5-07-2014, 10:15   
Cari ilin 5 ayında ölkədə fəaliyyət göstərən banklar tərəfindən 16 milyard manatdan çox kreditləşmə həyata keçirilib. Deyilənlərə görə, bunun 41 faizini istehlak kreditləri təşkil edib. Bu da respublikada banka borcu olmayan vətəndaşın qalmaması deməkdir. Əhalinin borclanma faizinin artdığı zamanda bankların şərtlərini yüngülləşdirilməsi deyil, bunun əksi müşahidə olunur. Xüsusilə, sektorda inhisarçı funksiyasını yerinə yetirən bəzi bankların faizləri nə Mərkəzi Bankın uçot stavkasına, nə də əmanətlər üzə sığorta faizlərinə uyğun gəlir.

Publika.az həmin banklardan olan “Bank of Baku”nun vətəndaşların cibinə necə girməsini araşdırıb.

Bahalı kredit siyasəti

İstehlak kreditləri sahəsində ölkənin fəal banklarından olan “Bank of Baku” hazırda ən yüksək faiz siyasəti yürüdən maliyyə təşkilatıdır. Digər banklardan fərqli olaraq “Bank of Baku”nun kredit portfelinin tərkibi zəngindir. Belə ki, kredit portfelinə “Nağd pul kreditləri” (11 növ kredit), “İstehlak kreditləri” (9 növ kredit), “Avtokreditlər”(2 növ kredit), “İpoteka kreditləri”(2 növ kredit), “Biznes kreditləri”(6 növ kredit) daxildir. Maraqlısı isə odur ki, bütün növ kreditlər üzrə şərtləri bankın internet ünvanında bir cür, qapısında başqa cürdür. Söhbət konkret faizlərdən gedir. Hansı ki bank son zamanlar endirimlərə getdiyini iddia etsə də, ortada heç bir dəyişiklik yoxdu.

Başlayaq nağd pul kreditlərindən. Hazırda bank təkrar müştərilər üçün müddəti 3 aydan 36 aya qədər 7000 AZN kredit təklif edir.

Kreditin illik faiz dərəcəsi 28-30 faiz, faktiki illik faiz dərəcəsi minimum 22,80, maksimum 36,19 faizdir. Yeni müştərilər üçün nəzərdə tutulan nağd kredit xəttinin minimum məbləği 250 manat, maksimum məbləği 1000 manatdır. Bu kreditin müddəti də 6 -12 ay, faiz dərəcəsi illik 28-32 faiz, faktiki illik faiz dərəcəsi 36,19 , maksimum 39,27 faizdir. Göründüyü kimi, faizlər 28 faizdən başlayır. Hələ bura müştərinin bankın onlayn səhifəsində rast gəlmədiyi, bankda tanış olduğu komissiya haqqını da əlavə etsən, minimum faizlər 32 faizdən başlayır.

Bankın müştərilərə təqdim etdiyi daha bir kredit təklifi sonuncu ayın anutet ödənişinin hədiyyəsi ilə bağlıdır. Şərtlərə nəzər yetirəndə görürük ki, bank elə 6 ayda öz pulunu geri qaytarır. Belə ki, bu kredit xəttinin minimum məbləği 390 manat, maksimum məbləği 1300 manat, müddəti 13 aydır. Kredit gecikdirilmədən ödənildikdə FİFD – 35.07%, digər halda FİFD – 47.72%-dir. Kreditin rəsmiləşdirilməsinə görə komissiya haqqı 5 %, kreditin nağdlaşdırılmasına görə 1%, administrativ xərclər 4%, kreditin verilməsinə görə 13.07%-dir.

Bankın şərtində bildirilir ki, 1000 manat kredit götürdükdə 13 ay ərzində 100 manat ödəniş aparılır. Təkcə bir kredit xəttində bank 300 manat qazanmış olur.

Təhsil işçiləri üçün nəzərdə tutduğu nağd kreditin şərtləri də yüngül deyil. Məbləği 5000 manat olan kreditin müddəti 6-36 ay arası təşkil edir. Orta aylıq əməkhaqqı 280 manat olan təhsil işçisinə açılan kredit xəttinin faizi 32-dir. Faktiki illik faiz dərəcəsi minimum 32,65 faiz, maksimum 39,27 faizdir.

Bankın istehlak kreditlərinin məbləği də aşağı deyil. Götürək, komputer kreditlərini. “Bank of Baku”nun xətti ilə verilən komputer kreditinin maksimum məbləği 1500 azn təşkil edir. Faizlər 28-30 faiz arasında dəyişir. Bu, hamısı deyil. 20 faizdən başlayan ilkin ödəniş də var…

Mebel kreditində də vəziyyət eynidir. Maksimum məbləği 3000 manat, müddəti 3-24 ay, illik 28-30 faiz.

İlkin ödəniş 20 faizdən başlayaraq avtomobil kreditlərinə gəlincə, “Audi” markalı avtomobil üçün bank 60 min dollar krerdit ayırır. Müddət 12, 18,24,36,48, 60 aydır. İllik faiz 17-18 faizdən, ilkin ödəniş 40 faizdən başlayaraq kreditləşmə həyata keçirilir. “Chevrolet” markalı avtomobillərdə də maksimum məbləğ 60 min dollardır. Müddəti 12-60 ay arasıdır. İllik faiz dərəcəsi 17-18 faizdir. İlkin məbləğin 40 faizini ödəmək şərtilə.

Rusiya istehsallı avtomobillər üzrə faizlər isə yüksəkdir. Minimum 500 dollar, maksimum avtomobilin dəyərinin 50 faizi dəyərində məbləğ ayrılır. İllik faizi 26 faiz təşkil edir. İlkin ödəniş 50 faizdən başlayır.

“Bolkart “la al, bala-bala dərdə düş

Kartlara gəlincə, başlayaq el arasında məşhur olan “Bolkart” taksit kartından. “Bolkart”la al bala-bala ödə” deyən “Bank of Baku” 200 min nəfər istifadəçiyə heç də aşağı olmayan faizlər, şərtlər irəli sürür.

Əvvəla, bildirək ki, balansında minimum 300, maksimum 5000 manat olan kartı pulsuz əldə etmək mümkündür. 36 ay müddətində kartla alış -veriş edib 1,3,6,12 aya qədər ödəniş aparılır.

Bankın digər taksit kartı “Bolkart Nar”a gəlincə, orada da şərtlər eynilədir. Sadəcə, fərq “Bolkart Nar” da MasterCard loqosunun olmasıdır. Hansı ki bununla istifadəçi dünyanın istənilən məkanında alış-veriş imkanı qazanır.

Eyni zamanda, kartın balansındakı limiti nağdılaşdıra bilir. Bəzi “Nar” istifadəçilərinə hətta daimi nağdlaşma imkanı yaradılır. Qeyd etdiyimiz bütün bunlar kartların görünən “üz”ləridir. Hər bir şirin yalanın arxasında acı həqiqət dayandığı kimi, “Bank of Baku” nun da taksit kartlarının acısı böyükdür.

Necə? Uzağa getməyək, başlayaq bayramlar ərəfəsində “Bolkart” sahiblərinin nağd pula olan ehtiyaclarını ödəmək məqsədilə “Bank of Baku” ASC-nın reallaşdırdığı nağdlaşdırma kampaniyalarından. Şərtlərə əsasən, müvafiq aylarda pul çıxarışı edən “Bolkart” sahibləri növbəti ikinci ayın 10-dək faizsiz ödəniş imkanı qazanırlar. Nağdlaşdırmaya görə komissiya haqqı isə adətən 2,5 fazdir. Amma bayram ərəfəsində faizlər 3-ə qalxır. Görünür, istifadəçi sayının çoxluğu bankın komissiya haqqını qaldırmaqla bağlı həvəsə gətirib. Lakin bu, məsələnin asan tərəfidir. “Bolkart”da vəsait nağdlaşdırılan zamanı borcun anuitet ödənməsi imkanı yaradılmır. Belə ki, bank əvvəldən 3 faiz komissiya haqqı tutmaqla bərabər, limit müddətində borcu ödəmədikdə əlavə aylıq 2.5-3 faiz alır. Məsələn, siz 250 manat nağdlaşdırmısınızsa, pul tam şəkildə qaytarılana qədər aylar üzrə hər 100 manata 3 faiz – 7.5 manat ödəniş edəcəksiniz. Bu vəsait əsas borcdan silinməyəcək. “Bank of Baku” konkret klassik sələmçi funksiyasını yerinə yetirir.

Partnyor mağazaların faizləri digər taksit kartlardan yüksəkdir

Taksitlə alış-verişin şərtlərinə nəzər yetirək. “Albalı” kartdan fərqli olaraq ”Bolkart”da partnyor mağazaların faizləri aşağı deyil. Düzdür, reklam çarxlarında, elanlarında kartın əsas üstünlüyü kimi faizsiz olması önə sürülür. Əslində, doğrudan da, bank birbaşa heç bir faiz tətbiq etmir. İstifadəçilər faizlərlə partnyor mağazalarda tanış olurlar. Xüsusilə, bahalı dükanların faizləri bəzən hətta adi ipoteka kreditlərinin faizlərini belə geridə qoyur.

Məsələn, 1st COMP Electroniks 6 aylıqda əlavə 9 faiz, 12 aylıqda 17 faiz, “Billur Electrik” 3 aylıqda əlavə 8 faiz, 6 aylıqda əlavə 13 faiz, 12 aylıqda əlavə 21 faiz, “Baku Electronics” 6 aylıqda öz qiymətinə, amma 6 faiz komissionla, “Integral Plus” 6 aylıqda əlavə 10 faiz, 12 aylıqda 15 faiz, “Beko”3 aylıqda 6 faiz, 6 aylıqda 10 faiz, 12 aylıqda əlavə 16 faiz, “Bermud City” 3 aylıqda 6 faiz, 6 aylıqda 10 faiz, 12 aylıqda əlavə 16 faiz, “Comp-City” 3 aylıqda əlavə faiz, 6 aylıqda əlavə 14 faiz, 12 aylıqda əlavə 20 faiz, “Cred Ex” 3 aylıqda əlavə 8 faiz, 6 aylıqda əlavə 14 faiz, 12 aylıqda 21 faiz, “EV Electronics” 3 aylıqda əlavə faiz 8 faiz, 6 aylıqda əlavə 14 faiz, 12 aylıqda əlavə 20 faiz, “LG” Eloktrincs 3 aylıqda əlavə 8 faiz, 6 aylıqda əlavə 14 faiz, 12 aylıqda əlavə 21 faizlə alış-veriş imkanı verir. Geyim dükanlarında da vəziyyət eynidir.

“Batik” də “Bolkart” la alış-veriş edəkən müştərinin hesabından 3 və 6 ayda 10 faiz, “Barutti” də 3 aylıqda əlavə 6 faiz, 6 aylıqda əlavə 12 faiz, “Cacharel”də 3, 6 aylıqda 14 faiz, “GUESS kids” də əlavə komissiya ilə 3 aylıqda əlavə 5 faiz, 6 aylıqda əlavə 7 faiz, “MANGO”da 3 aylıqda 5 faiz, 6 aylıqda 7 faiz, ”Next”də 3 ay üçün 5 faiz, 6 ay 7 faiz, “Daniels” də 6 aylıqda 10 faiz, 12 aylıqda 15 faiz tutulur.

Beləliklə, taksit kartı adı altında az qala istehlak keditlərinin faizlərinə bərabər faizlər tətbiq olunur. Mobil telefon dükanlarının faizlərindən danışmağa belə dəyməz.

”Əlincə Line”də 3 aylıqda əlavə 8 faiz, “Mobiltel”də 3 aylıqda əlavə 8 faiz, 6 aylıqda əlavə 13 faiz, 12 aylıqda əlavə 21 faiz, “Nur Mobile”də 3 aylıqda əlavə 8 faiz, 6 aylıqda əlavə 16 faiz, 12 aylıqda əlavə 24 faiz, “Azercell Nurlan Telekom” da hətta 12 aylıqda faizlər 25 faizlə satış həyata keçirilir.

Məsələnin ciddi tərəfi faizlərdən banka da pay düşməsidir. Bank mağazalarla anlaşma nəticəsində faiz alır. Sadə dillə desək, alış-veriş zamanı alınan hər bir paltara, əşyaya görə həm partnyor, həm də bank gizli gəlir götürür.

Partnyor mağazalar bankın səhmdarlarına aiddir

“Bolkart” da partnyor olan mağazaların əksəriyyəti “Bank of Baku”nun ən böyük səhmdarına “Nab Holding”ə (40%) məxsusdur. Əsas ofisi İstanbulda yerləşən holdinq Azərbaycan, Türkiyə və Tacikistanda bir sıra sektorlarda fəaliyyət göstərir. Hansı ki, bura avtomobil, maliyyə, xidmət sektorları daxildir. Azərbaycanda pərakəndə satış sektorunda şirkət “Baku Electronics”lə təmsil olunur. “Samsung”, “Siemens”, “Bosch”, “Tefal”, “Nintendo”, “Moulinex” və “Canon” kimi tanınmış markalarla yanaşı, ümumilikdə 80-ə yaxın markanın distributorluğunu həyata keçirir.

Bundan əlavə, “Baku Service Company”, “Auto Azerbaijan”, “Qafqaz Lizinq”, “Buta Sığorta” da şirkətə məxsusdur. Düzdür, “Bolkart” da “Buta Sığorta” nın xidməti 6 aylıqda öz qiymətinədir. Bununla belə, “Buta Sığorta”nı partnyorlar sırasına daxil etməklə “Bank of Baku” ikitərəfli qabağa düşüb. “Bolkart”da restoran xidmətinə daxil olan partnoylardan “Sultan’s Restaurant” ve “Sultan’s Plus” fast-food şəbəkəsi də “Bank of Baku”nundur. Hərçənd ki, bu restoranların xidmətindən istifadə 1-ci ayda öz qiymətinədir. Amma sonrakı aylarda “Bank of Baku”nun hansı faizləri biçəcəyini özündən başqa kimsə bilmir.

“Bank Of Baku” vətəndaşların cibinə necə girir?Vaxtı keçmiş kreditlərin bölgüsü

“Bank of Baku”nun maliyyə göstəriciləri də diqqət çəkir. Əvvəla bankın audit hesabatları ingilis dilindədir.

Digər göstəricilərinə gəlincə, götürək cari ilin birinci rübündə verdiyi kreditlərin iqtisadi sektorlar üzrə bölgüsünü. Müştərilərə verilən kreditlər və lizinqlər üzrə kreditlər 578 840.0, ticarət və xidmət sahəsi üzrə 15 915.8, kənd təsərrüfatı üzrə 6 515.1, fiziki şəxslər üzrə 555 856.0 min manat , maliyyə lizinqi üzrə 587.1 min manat olub. Verilmiş kreditlərin fonunda vaxtı keçmiş kreditlərin həcmi də az olmayıb. Müştərilərə verilən kreditlər və lizinqlər üzrə vaxtı keçmiş kreditlər 32 346.2, fiziki şəxslər üzrə 29 111.8 min manat, maliyyə lizinqi üzrə 382.6 min manat təşkil edib. Rüb ərzində bankın xalis faiz gəlirləri 20426 min manat olub. Bank hesabat dövründə uğradığı zərəri göstərməyib. Buradan da belə çıxır ki, vaxtı keçmiş kreditlər belə bankın gəlirlərinə təsir etməyib. Bank ən çox krediti Bakı şəhərində verib.

Çox qazanıb az pul xərcləyir.

Çoxları düşünə bilər ki, bu qədər yüksək maliyyə göstəriciləri olan bankın xidmət səviyyəsi yüksəkdir, Koorporativ Sosial Məsuliyyət layihələrində aktiv iştirak edir, işçilərə münasibət əladır. Heç də yox.

Götürək bankla telefon əlaqəsini. “Bank of Baku” ya müraciət edən vətəndaş işçi sayının azlığı səbəbindən dəqiqələrlə növbədə gözləməli olur. Operator növbədə bəzən 20 nəfərin gözlədiyini deyir. Bu hamısı deyil. 38 milyon 259 min manat xalis mənfəəti olan bankda məvaciblər də aşağıdır. Əmək haqqı regionlarda 400 manat, mərkəzdə maksimum 700 manat təşkil edir. Məhz bu və digər səbəbdən də bankın onlarla yüksək ixtisaslı, sıravi işçisi digər banklara transfer edib. Son 1-2 ildə “Bank of Baku”nu tərk edərək“ banklara üz tutanlar var. (Publika.az)
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.