ABŞ-ın Azərbaycandakı səfirliyi yerli mediada yayılan xarici diplomatların səs yazısının silinməsini "təqdir edib".
Oktyabrın 20-də yerli Real TV-də yayımlanmış verilişdə keçmiş millət vəkili Gültəkin Hacıbəylinin xarici diplomatlarla söhbətlərinin səs yazıları yayılıb. Jurnalist Mirşahin Ağayev bu səs yazılarını ABŞ-ın Azərbaycanın "daxili işlərinə qarışması kimi" təsvir edib və Gültəkin Hacıbəylini "casus" adlandırıb.
Səs yazılarından birində Gültəkin Hacıbəylinin 19 oktyabr mitinqi ilə bağlı ABŞ səfirliyinin əməkdaşı olduğu iddia olunan bir şəxslə telefon danışığı əks olunur. Digərində isə Gültəkin Hacıbəylinin restoranların birində Aİ-nin Azərbaycandakı nümayəndəliyinin əməkdaşı olduğu deyilən bir şəxslə ölkədəki vəziyyət barədə söhbəti əks olunur.
Bazar ertəsi günü verilişin 47 dəqiqəlik buraxılışı YouTube video platformasından silinib.
Səfirlik çərşənbə axşamı günü yaydığı bəyanatında bildirib ki, son zamanlarda mətbuatda ABŞ-ın Azərbaycanda sabitliyi pozmaqda "maraqlı olduğu barədə yayılan ittihamlar yalandır və absurddur".
ABŞ-ın Azərbaycandakı Müvəqqəti İşlər Vəkili Michael Dickerson ABŞ səfirliyinin rəsmi Facebook səhifəsində yaydığı video çıxışında bildirib ki, sözügedən məsələ ilə bağlı məqalələrin və verilişlərin silinməsini "təqdir edirlər".
Michael Dickerson ABŞ-ın "müstəqil, sabit, firəvan və demokratik" bir Azərbaycanı dəstəklədiyini bildirib.
O, ölkəsinin 26 ildə Azərbaycanın təhlükəsizlik, səhiyyə, kənd təsərrüfatı, vətəndaş cəmiyyəti, iqtisadi inkişaf, qadın sahibkarlığı, turizm və təhsil sahələrinə 1.5 milyard dollardan çox yardım göstərdiyini söyləyib.
"25 il əvvəl "Əsrin müqaviləsi"nin imzalanmasından başlamış və Cənub Qaz Dəhlizinin inşası zamanı da daxil olmaqla ABŞ həmişə Azərbaycanın enerji ehtiyatlarını Azərbaycanın öz şərtləri ilə emal və ixrac etmək üçün müstəqil və suveren hüququnu dəstəkləyib. ATƏT-in Minsk Qrupunun həmsədri kimi ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində tərəflərlə işləmək əzmindədir. 1993-cü ildən bəri münaqişə nəticəsində öz torpaqlarından didərgin düşmüş azərbaycanlılara 125 milyon dollardan çox yardım göstərmişik. Biz Azərbaycan hökuməti və xalqı ilə tərəfdaşlığımızı və dostluğumuzu yüksək qiymətləndiririk. Sonrakı illərdə də hər iki xalqın qarşılıqlı mənfəəti naminə əməkdaşlığımızı dərinləşdirməyə davam edəcəyimizə ümid edirik", ABŞ səfirliyinin bəyanatında deyilir.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov bu "hadisənin mənfi nəticələrə səbəb olacağını düşünmür":
"Bu, Azərbaycan-ABŞ əlaqələrinə heç bir mənfi təsir göstərə bilməz. Ancaq həm səfirlik, həm də diplomatik xidmətdə işləyən insanlar öz diplomatik xidmətinin çərçivəsində fəaliyyət göstərməlidirlər", - Səməd Seyidov deyib.
Hüquqşünaslar diplomatlarla telefon söhbətinin mətbuata sızdırılmasını Diplomatik Münasibətlər haqqında Konvensiyanın pozulması kimi dəyərləndirir.
Baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini və İcra katibi Əli Əhmədov bazar ertəsi günü jurnalistlərə deyib ki, "siyasi partiyalar vasitəsilə Azərbaycana xarici təzyiqlər" var.
"Aydın şəkildə hiss olunur ki, onlar yenə də kimlər tərəfindənsə idarə olunur, artıq mətbuatda yayılıb və güman edirəm ki, sizin də məlumatlarınız var ki, onlara bu təlimatları verənlər də, eyni zamanda onlara verilən təlimatların yerinə yetirilməsi haqda hesabatları alanlar da tamamilə məlumdur. Azərbaycan cəmiyyətinə bu barədə geniş informasiyalar çatdırılıb".