Hər şeydən əvvəl 19 oktyabrda müxalifətin keçirdiyi icazəsiz aksiyanın təyin edilmə vaxtı diqqət çəkir.Bu sözləri
Axar.az-a açıqlamasında “Teleqraf” Media Qrupunun rəhbəri, politoloq Aynur Camalqızı Prezidentin başlatdığı kadr və struktur islahatlarının növbəti mərhələsi haqda danışarkən deyib. O bildirib ki, oktyabrın 8-də yeni baş nazirin təyinatı ilə eyni vaxtda icazəsiz aksiya qərarının verilməsi təsadüfi deyildi:
“Bildiyiniz kimi, Milli Məclisin 18 oktyabr iclası 10 gün əvvələ çəkildi və oktyabrın 8-də Baş nazir Novruz Məmmədovun istefası qəbul edildi, həmçinin, Əli Əsədovun yeni Baş nazir olaraq təqdimatını MM dəstəklədi. Prezidentin iqtisadi məsələlər üzrə müşaviri Əli Əsədovun Baş nazir təyin edilməsi ictimaiyyətdə iqtisadi islahatların növbəti mərhələsinin başlanğıcı kimi qəbul olundu. Çünki Ə.Əsədov çox peşəkar iqtisadçıdır və uzun illərdir Prezidentin apardığı iqtisadi islahatların iştirakçısıdır. Bunun ardınca bəzi iqtisadi postların dəyişiləcəyi gözlənilsə də, prosesdə qısa fasilə yarandı.
8 oktyabrda, günün ikinci yarısında, məhz Əli Əsədov Baş nazir təsdiq olunandan və böyük iqtisadi islahatların yeni mərhələsinin başlandığı haqda rəy yaranandan sonra “radikallar” olaraq xarakterizə etdiyimiz bir qrup şəxs 19 oktyabr tarixinə icazəsiz aksiya təyin etdiyini açıqladı. Bunun səbəbini biz oktyabrın 15-də Prezidentin keçirdiyi iqtisadi müşavirədə anladıq. Birincisi, Prezidentin keçirdiyi müşavirənin məkanı diqqəti cəlb elədi. İkincisi, Prezident müşavirədə cəmiyyətə və öz komandasının bəzi üzvlərinə açıq şəkildə mesaj verdi. Birinci mesaj bu idi: “Bu islahatlara alternativ yoxdur, kim bu yolun yolçusudursa, işləyəcək, amma kim buna qarşı çıxır və altdan-altdan bizim işimizə mane olmaq istəyir, əlbəttə ki, biz belə adamlarla bir yolun yolçusu ola bilmərik. Ona görə bir də demək istəyirəm ki, əhali də bilsin və hər kəs mənim sözümü eşitsin. Çox güclü siyasi iradə ortaya qoyulub. Biz Azərbaycanı müasir, sürətlə inkişaf edən, şəffaflığı öz siyasətində bayraq edən ölkə kimi görmək istəyirik və buna nail olacağıq. Heç kim bu işdə bizə mane ola bilməz”.
Prezident bəlkə də ilk dəfə idi ki, bu qədər açıq mətnlə qətiyyətli siyasi iradəsini ortaya qoyduğunu ictimai mesaj olaraq hamının diqqətinə çatdırdı.
İkincisi, Prezident komanda içində islahatlara qarşı olanların mövcudluğunu bəyan etdi və onlara çox ciddi şəkildə xəbərdarlıq ünvanladı”.
Politoloq qeyd edib ki, 19 oktyabr aksiyası radikalların və dolayısı ilə iqtidarda islahat əleyhinə olanların ciddi şəkildə iflası sayılmalıdır:
“Hüquq-mühafizə orqanları qanunauyğun olaraq qətiyyətli tədbir gördülər. 19 oktyabr aksiyasının və ölkədə xaos yaratma cəhdinin iflasa uğraması ictimaiyyətə də məlum olduqdan dərhal sonra ən qısa müddətdə bir sıra kadr və struktur islahatlarını müşahidə etdik”.
Aynur Camalqızı qeyd edib ki, Prezidentin başlatdığı bu proseslər ictimaiyyətdə böyük dəstək qazanıb:
“Media təmsilçisi olaraq, həm sosial şəbəkələri, həm də saytlarımıza gələn oxucu şərhlərini incələyirik və görürük ki, Prezidentin apardığı iqtisadi islahatlar nə qədər böyük ictimai dəstəklə müşayiət olunur. Ancaq bu prosesə növbəti dəfə qısamüddətli fasilə verilib. Bunun bir səbəbi də əlbəttə ki, Qoşulmama Hərəkatının Bakıda keçirilən mötəbər tədbiri idi”.
Politoloqun sözlərinə görə, radikallar və hakimiyyətdə islahat əleyhinə olduğu ehtimal edilən şəxslər növbəti dəfə, noyabrın 2-də qanunsuz aksiya keçirməyə cəhd göstərirlər:
“Hesab edirəm ki, noyabrın 2-də radikal müxalifəti təmsil edən və bir neçə onluqla əhatələnmiş həmin qrup növbəti dəfə iflasa uğrayacaq və biz bundan sonra islahatların daha geniş və əhatəli davamını müşahidə edəcəyik. Bunun üçün həm Prezidentin özünün qeyd etdiyi kimi siyasi iradə, həm də xalqın çox böyük dəstəyi ortadadır.
Proseslər göstərir ki, bu, nəinki Əli Kərimli və onun dəstəsinin, eləcə də hakimiyyətdə islahat əleyhinə getməyə çalışan bəzi şəxslərin sonuncu və əbədi məğlubiyyəti olacaq”.
Politoloq onu da vurğulayıb ki, kənardan hakim komandanın “islahatçılar” və “mühafizəkarlar” deyə, iki qanada ayrıldığı təəssüratının yaranması doğru deyil:
“Əksinə, bəlkə də hansısa məqamda bu qüvvələr olub, nə vaxtsa bir-biri ilə xoş rəqabətlə prosesin inkişafına da təkan veriblər. Ancaq Prezident islahatların dərinləşməsi əleyhinə azacıq cəhd görən kimi öz sözünü dedi. Başqa sözlə desək, hazırda komandanın daha sürətlə monolitləşməsi prosesini izləyirik”.