Deputatlar parlamentdən getmək istəmir: “Vəzifənin yaşa nə aidiyyatı var?”

30-10-2019, 19:42   

 

Deputatlar parlamentdən getmək istəmir: “Vəzifənin yaşa nə aidiyyatı var?”  
  • Ölkə Prezidenti İlham Əliyevin yaşı 70-dən yuxarı olan məmurlara müraciətlə yerlərini gənclərə verməyə dair çağırışından sonra bir neçə istefanın şahidi olduq.

Dünən isə Milli Məclisin deputatı Tahir Kərimli yaşı çox olan deputatları növbəti dəfə namizədliyini verməməyə səsləyib: “Güman edirəm ki, bir qədər çətinlik çəkən, yaşın və xəstəliyin fəaliyyətinə mane olduğu deputatlar da namizədliyini verməyəcək”.

Məsələ ilə bağlı Cebhe.info deputatların bir neçəsi ilə əlaqə saxlayıb.

Deputat Fəzail Ağamalı Cebhe.info-ya açıqlamasında vəzifənin yaşa aidiyyatının olmadığını deyib və növbəti seçkilərdə də iştirak edəcəyini deyib: “İnşallah, sağlıq olsa, sağlamlığım imkan versə, növbəti parlament seçkilərində də namizədliyimi irəli sürəcəyəm. Yaş məsələsi son günlər olduqca populyarlaşıb. Bu yanaşmanı doğru hesab eləmirəm. Əsas odur ki, insanın işləmə potensialı olsun, potensial tükənməsin, sağlamlığı imkan versin. Əgər bunlar varsa, işin, vəzifənin yaşa nə aidiyyatı var? Yaş həlledici rol oynamır. ABŞ Prezidentinin yaşı 70-dən yuxarıdır. Dünyanın ayrı-ayrı ölkələrində nüfuzlu şəxslər var ki, onların yaşı 80-85-dən yuxarıdır. Əgər onların potensialı varsa, sağlamlıqları da imkan verirsə, deməli, fəaliyyətlərini davam etdirə bilərlər”.

Millət vəkili  Vahid Əhmədovun köməkçisi isə seçki haqqında danışmaq üçün tez olduğunu vurğulayıb:“Bu barədə danışmaq üçün tezdir, seçkilərə bir il var, sağlıq olsun, yaşayarıq, görərik”.

Deputat Tahir Süleymanov öncə danışa biləcəyini desə də, sualı dinlədikdən sonra cavab verməkdən yayınıb: “Mən indi çox mötəbər bir məclisdəyəm. Təxminən yarım saat sonra danışa bilərik”.

Deputat Eldar İbrahimov isə ümumiyyətlə, bu haqda danışmaq istəmədiyini bildirib: “Mən belə şeylərə münasibət bildirmirəm, ehtiyac da yoxdur. İndi isə tədbirdəyəm”.

Qeyd edək ki, hazırda Milli Məclisdə təmsil olunan deputatlardan Zeynəb Xanlarovanın 83, Ağacan Abıyevin 82, Fəttah Heydərovun 81, Yaqub Mahmudovun 80, Ziyad Səmədzadənin 79, Elxan Süleymanovun 79, Arif Rəhimzadənin 78, Xanhüseyn Kazımlının 77, Eldar İbrahimovun 74, Rafiq Məmmədhəsənovun 74, Hüseynbala Mirələmovun 74, Valeh Ələsgərovun 73, Mixail Zabelinin 73, Əliağa Hüseynovun 73, Vahid Əhmədovun 72, Madər Musayevin 72, Əhliman Əmiraslanovun 72, Fəzail Ağamalının 72, Flora Qasımovanın 72, Hadi Rəcəblinin 72, Tahir Süleymanovun 71, Yevda Abramovun 71, Mahir Aslanovun 70, İsa Həbibbəylinin 70 yaşı var.

Səyad Həsənli
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.