Türkiyədə rəsmi seçki təqviminə uyğun olaraq prezidentliyə namizəd vermək müddəti başa çatıb. “Media forum” saytı xəbər verir ki, prezidentliyə üç iddiaçı var: Cümhuriyyət Xalq və Milliyyətçi Hərəkat partiyalarının ortaq namizədi Ekmələddin Ihsanoğlu; Ədalət və Inkişaf Partiyasının namizədi Rəcəb Teyyub Ərdoğan və Xalqların Demokratik Partiyasının namizədi Səlahəddin Dəmirtaş.
Seçki komissiyası namizədliyə müraciətləri iyulun 5-də araşdırmağa başlayacaq. Aşkar olunan nöqsanlar iyulun 7-si saat 17-yə qədər aradan qaldırılmalıdır. Prezidentliyə namizədlərin siyahısı iyulun 8-də “Rəsmi qəzet”də dərc ediləcək.
Namizədliyini irəli sürmüş şəxslərlə bağlı etirazlara baxılandan sonra iyulun 10-da yekun qərar veriləcək və prezidentliyə rəsmi namizədlərin siyahısı elan olunacaq, təbliğat-təşviqat kampaniyası başlanacaq.
Seçki avqustun 10-da keçiriləcək. Səsvermədə namizəd etibarlı səslərin yarıdan çoxunu götürə bilməsə, ikinci tur keçiriləcək.