Pensiya ilə bağlı ciddi narahatlıq: Kimlərsə qocalanda təqaüddən mərhum qala bilər - Dövlətin yükü azaldılacaq?

31-10-2019, 14:38   


Pensiya ilə bağlı ciddi narahatlıq: Kimlərsə qocalanda təqaüddən mərhum qala bilər  - Dövlətin yükü azaldılacaq?

Minimum pensiya məbləği 200 manata çatdırılandan sonra pensiyaya çıxmaq üçün tələb olunan minimum pensiya kapitalı da artıb.

İqtisadçıların hesablamalarına görə, hazırda güzəştli qruplar istisna olunmaqla, pensiyaya çıxmaq üçün ya 25 il sığorta stajı, ya da 28 800 manat minimum pensiya kapitalı olmalıdır. Yəni vətəndaş 25 il işləməyibsə və 28 800 manat kapital yığa bilməyibsə, o zaman pensiya hüququ əldə edə bilməyəcək. Minimum pensiya kapitalının artması müsbət hal hesab olunsa da, amma bu məbləğ artdıqca, gələcəkdə pensiyaya çıxmaq hüququ qazananların sayı da azala bilər. Çünki gələcəkdə bu məbləği toplamaq heç də asan olmayacaq. 

Maraqlıdır, bu gedişlə pensiya hüququnun ləğv olunduğunu demək olarmı? 

İqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya bildirib ki, pensiya hüququ ləğv olunmasa da, ciddi şəkildə məhdudlaşdırılır: “Bu, məntiqsiz yanaşmadır. Əgər dövlət pensiya məsələsini öz üzərinə götürübsə və bu sahədə təbii inhisarçı kimi çalışırsa, o cümlədən özəl fondların yaranmasına imkan vermirsə, bu, dövlətdə məsuliyyət yaratmalıdır. Hesab edirəm ki, dövlət ancaq aztəminatlı ailələrin, eləcə də işsizlərin və fiziki məhdudiyyəti olanların təqaüdü ilə məşğul olmalıdır. Normalda isə özəl təqaüd fondları yaradılmalıdır ki, vətəndaşların seçim imkanı olsun. O zaman bura beynəlxalq fondları dəvət edib onlara şərait yaratmaq olar. Hansılar ki, Gürcüstanda, Türkiyədə, Rusiyada və digər Avropa ölkələrdə bu fondlar işləyir. Vətəndaşlar bu fondların müqavilə bağlayaraq ödənişin həcmini özləri müəyyənləşdirmiş olacaq. İnsanlar təqaüdə çıxdıqdan sonra hansı məbləği alacaqlarsa, öncədən biləcəklər. Bu müqavilə öhdəliklərini yerinə yetirmək üçün nəzarət funksiyası da dövlətin borcu olmalıdır. Özəl təqaüd fondları olacağı təqdirdə ödənişin həcmi ilə bağlı vətəndaş özü seçim edəcək”. 

İqtisadçı hesab edir ki, Azərbaycanda vətəndaş təqaüd fonduna ödədiyi vəsaiti vergi kimi görür: “Ümumiyyətlə, vətəndaşlar təqaüd fonduna ödədiyi pula itirilmiş vəsait kimi baxır. Yəni vətəndaşın güvəni, inamı yoxdur ki, bu vəsaitləri vaxtında ödəsə belə, 20-25 ildən sonra normal təqaüd alacaq. Çünki ölkəmizdə təqaüdlə bağlı qaydalar tez-tez və hər dəfə də vətəndaşın ziyanına dəyişdirilir. Ona görə də vətəndaş buna gələcəyinə qoyulmuş yatırım kimi yox, bir vergi yükü kimi baxır”. 

Natiq Cəfərli inkişaf etmiş ölkələrdə təqaüd fondlarından da nümunə göstərib: “Xaricdə təqaüd fondları vətəndaşın güvən yeridir. Avropada 3-4 min avro təqaüd alan insanlar var. Dövlət bu proseslərdə iştirakçı olmur, ancaq sosial müdafiəyə ehtiyacı olanlarla məşğul olur. Özəl fondlar vasitəsilə bağlanan elə müqavilə şərtləri olur ki, təqaüdə tez çıxmağa şərait yaradır. Bəzən elə müqavilə şərtləri olur ki, vətəndaş yığılan pulu həmən götürür, yaxud da vərəsəlik hüququndan istifadə edib başqalarına bağışlaya bilir və s. Bir növ bu fondlara yatırılan vəsait insanların kapitalına çevrilir. Amma Azərbaycanda vəziyyət belə deyil. Doğrudur, qanunvericilikdə yığım kapitalının qohumlar tərəfindən alınması ilə bağlı qadağa yoxdur. Amma elə çətin prosedurlar var ki, ümumiyyətlə, bunu heç tətbiq etmək mümkün deyil. Pensiya yaşına çatmamış dünyasını dəyişən vətəndaşın ödədiyi vəsait batır. Bu zaman həmin şəxsin yaxın qohumları və ya ailə üzvlərinin bu vəsaitə iddia etmə ehtimalları sıfıra bərabərdir. Ona görə də dövlət strateji seçim etməlidir ki, ancaq çalışmayan, sosial müavinətə ehtiyacı olan və fiziki qüsurlu insanlara cavabdehdir. Dövlət özəl fondlara imkan yaratmalıdır. Bu olmasa, yığım kapitalının həcmi, yaş həddi ilə bağlı hələ uzun illər mübahisə etməli olacağıq”. 

Yeganə Oqtayqızı
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.