Hər bir daşıyıcının qarşısında duran vəzifə təkcə sərnişin daşımaqdan ibarət deyil. Bunlarla yanaşı sürücülərin gümrah və sağlam formada sükan arxaşına əyləşməsi də vacibdir. Amma bu şərtləri kağız üzərində qəbul edən daşıyıcı kifayət qədərdir.
ARB TV-nin “Günə Doğru” proqramında mövzu ilə bağlı maraqlı süjet hazırlanıb.
Elməddin Muradlı – Ekspert: “Onların gün ərzində iş rejimi, istirahət vaxtı bəlli deyil. 6-da yuxudan durub xəttə çıxmalıdırsa, bu gecə 12-yə kimi təbii ki, işləyə bilməz. Bu haradasa istirahət etməlidir, əvəzlənməlidir”.
Sürücü: “Əvəzləyicimiz olur, mən gedəndən sonra ortağım gəlib mənim növbəmi dəyişəcək”.
Həftənin ən azı 3, hətta 5 günün 16-17 saat işləyən sürücədən hansı halda etik davranış, təhülkəsiz xidmət gözləmək olar? Onun sükan arxasında halı da pisləşə bilər, bir anlıq yuxuya da gedə bilər.
Asif İbrahimov - Mütəxəssis: “İş saatlarının həddindən artıq olması bu sahədə fəsadlara çıxara bilər. Yol Nəqliyyat Təhlükəsizliyi haqqında beynəlxalq standartı tətbiq etdikdə bu kimi halları da nəzərə alırıq”.
Elməddin Muradlı – Ekspert: “Nəticə ondan ibarətdir ki, onlar insan həyatı ilə oynaya bilər. Sürücədən də tələb ondan ibarətdir ki, bəzi şirkətlərin birmənalı qoyduğu tələb odur ki, axşam mənim planımı gətir ver. Başqa bir tələb yoxdur”.
Nazirlər Kabinetinin qəbul etdiyi 73 saylı qərarda sürücülərə həftə ərzində 40 saat iş norması qoyulsa da, əksər daşıyıcılar sürücüləri 60-70 saat işləməyə məcbur edir.
Mais Ağayev - BNA-nın mətbuat katibi: “Hər bir daşıyıcı qarşısında həm yazılı, həm də şifahi olaraq bir şərt qoymuşuq. Amma təəssüflər olsun ki, hələ də bu işdə bir nəticə əldə etmək mümkün olmayıb”.
Hazırda kart sistemi ilə işləyən barmaqla sayılacaq qədər daşıyıcı bu qaydalara əməl edir.
İbrahim Quliyev - Daşıyıcı şirkətin rəsmisi: “Bizim hər maşına iki sürücümüz var. Əlavə 1 rezerv sürücü də qalır”.
Bakı Nəqliyyat Agentliyi paytaxt üzrə kart sisteminin tam tətbiqi ilə bu neqativ halın da aradan qalxacağını deyir. Bu isə çox da uzaqda deyil. Cəmi bir iki ay...