Tağıyevin nəvəsi SİRLƏRİ AÇDI: O, öləndən sonra otağına girdim və bir neçə qutu... - MÜSAHİBƏ

31-10-2019, 21:14   

 

Azərbaycandakı qohumlarım elə ilk tanışlıqdan mənə azərbaycanlı həyat yoldaşı axtarmağa başladılar.
Bu sözləri saytımıza qısa müsahibəsində Azərbaycanın böyük oğlu Hacı Zeynalabdin Tağıyevin Fransada yaşayan nəticəsi Alban Klod bildirib.
Publika.az Alban Klodla müsahibəni təqdim edir:
- Alban, Zeynalabdin Tağıyevlə ailə tellərinizdən danışın lütfən...
- Hacı Zeynalabdin Tağıyevin oğlu Sadiq mənim babamdır. O, sonralar Fransaya köçüb elə orada da məskən salıb. Bilirsiniz, babam heç vaxt ölkəsi Azərbaycan haqda danışmazdı. O, dünyasını dəyişəndən sonra bir gün otağına girdim. Bir neçə qutu tapdım. Bu qutu mənim üçün yeni kəşf idi. Nəinki Tağıyev ailəsi, Mirzə Fətəli Axundov, Qacarlar nəsli, Azərbaycan və bu ölkənin digər zənginlikləri, şəxsiyyətləri haqda geniş informasiya əldə etdim.
- Və Bakıya gəlməyə qərar verdiniz...
- “Addım” gənclər təşkilatı Azərbaycanın görkəmli, tarixi simalarının dünyanın müxtəlif yerlərində yaşayan nəvə-nəticələrini bir layihə ətrafında toplayır. Azərbaycana gəlişimin də əsas səbəbi budur. Bakıya ilk səfərimdir. Bu şəhərdə mədəniyyətlərin kontrastı, vəhdəti duyulur. Ümumiyyətlə, Bakı başdan-başa şarmdır.
Tarix ixtisası üzrə təhsil alıram. Odur ki, ailəmizdə Azərbaycan haqda ən çox məlumatı olan mənəm. Bundan öncə Türkiyədə və İranda olmuşam. Azərbaycana isə ilk səfərimdir. Hətta babamın vətəni haqda kitab yazmaq qərarına gəlmişəm. Lakin tarix çox məsuliyyətli və mürəkkəb sahədir. Odur ki, böyük araşdırma tələb edir. Bu günlərdə “Əli və Nino” kitabını oxumağa başladım. Maraqlısı budur ki, əsərin qəhrəmanları arasında bizim qohumlarımız da var.

- Bir az da ailə üzvlərinizdən danışaq. Onlar da sizin kimi yaraşıqlıdırlar?
- Ailədə üç övladıq. Qardaşım, bacım və mən. Mən kiçik övladam. Qardaşım simaca azərbaycanlılara daha çox bənzəyir. Bacım isə fransızlara. Məndə isə hər iki millətə oxşarlıq var. Amma, nə qədər Fransada yaşasaq da kökümüz azərbaycanlıdır. Bu bilirsiniz nəyə bənzəyir? Bir ağacı kökündən ayırıb başqa torpaqda əkməyə çalışırsınız. Lakin eyni cür çiçəkləmir, bar vermir. Azərbaycan Respublikasının Fransadakı səfirliyinə təşəkkürümü bildirmək istəyirəm. Ailəmizi daim diqqətdə saxlayır. Tədbirlərinə dəvət edir. Gənc cazmen Etibar Əsədlinin ifalarını da bu yığıncaqların birində eşitmişəm. Əminliklə deyirəm, onun yaradıcılığı möhtəşəmdir.
- Maraqlıdır, ulu babanız haqda başqa hansısa fakt sizə məlumdur?
- Belə bir fərziyyə var ki, onun İrandakı mülkləri hələ də durur. Lakin bu da geniş araşdırma mövzusudur. Sabah isə onun ev muzeyində təşkil olunacaq tədbirdə çıxış edəcəm. Əcdadlarımın o evdə yaşaması mənə xüsusi enerji bəxş edəcək.
- Arzularınızı bölüşə bilərsinizmi?
- Zeynalabdin Tağıyevin xatirəsinə abidə yaradılacağını bilirəm. Lakin ən böyük arzum odur ki, ulu babamın adına məktəb olsun. Çünki o, maarifçi olub. Təhsil, savad elə bir dəyərdir ki, sürgün olunsaq da, hər şeyimiz əlimizdən alınsa da, o bizimlə qalacaq. Gələcəyimizə işıq saçacaq.
Leyla Sarabi,
FOTO: Pərviz Həşim
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.