Rayon İcra hakimiyyətlərindən narazılıq getdikcə artır.
Əhali yerli məmurların yarıtmaz fəaliyyətindən şikayətçidir. Müşahidlər göstərir ki, İcra hakimiyyəti başçılarının bir qismi işinin öhdəsindən gələ bilmir. Əhalinin şikayətlərinin günü-gündən artması cəmiyyətdə yerli məmurlar haqqında mənfi fikir formalaşdırır.
Turkustan.info xəbər verir ki, ötən il Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov rəsmi mətbuatda dərc olunan “Prezident İlham Əliyevin vətəndaş müraciətlərinə münasibəti bütün məmurlara örnəkdir” başlıqlı məqaləsinin II hissəsində icra orqanları ilə bağlı aşağıdakı qeydlər edilib:
“2018-ci ildə mərkəzi icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərindən 860 nəfərinə töhmət və ya şiddətli töhmət verilib, 79 nəfərin əmək müqaviləsinə xitam verilib, 53 nəfər barəsində digər intizam tənbehi tədbiri görülüb, 632 nəfərə xəbərdarlıq edilib.
Yerli icra hakimiyyəti orqanlarına gəlincə, ötən il burada 70 vəzifəli şəxs barəsində intizam tənbehi tədbiri görülüb. Onların 57 nəfərinə töhmət və ya şiddətli töhmət verilib, 13 nəfərin əmək müqaviləsinə xitam verilib, həmçinin 270 nəfərə xəbərdarlıq edilib.
Yerli icra hakimiyyəti orqanlarının Prezident Administrasiyasına təqdim etdikləri hesabatların təhlili göstərir ki, ötən il həmin orqanlara daxil olmuş müraciətlərin sayında artım var.
Ən çox artım Bakının Binəqədi, Xəzər, Qaradağ rayonlarında, Gəncə, Yevlax şəhərlərində, Ağcabədi, Ağdam, Balakən, Beyləqan, Biləsuvar, Cəlilabad, Gədəbəy, Xızı, Qazax, Qəbələ, Qobustan, Lerik, Saatlı, Şabran, Şuşa, Tovuz, Yardımlı, Zaqatala, Zəngilan, digər şəhər və rayonlarda qeydə alınıb.
Prezident Administrasiyasına Bakı şəhərinin bəzi rayonlarından, Gəncə, Mingəçevir, Naftalan, Şəki, Yevlax, Ağcabədi, Ağdam, Ağdaş, Ağstafa, Ağsu, Beyləqan, Bərdə, Cəbrayıl, Gədəbəy, Hacıqabul, Xızı, İmişli, Kəlbəcər, Kürdəmir, Laçın, Neftçala, Oğuz, Saatlı, Şamaxı, Şəmkir, Zəngilan, digər şəhər və rayonlardan olan şikayətlər artıb”.
Son günlər ölkədə aparılan kadr islahatlarında işində nöqsanlara yol verən icra başçıları da kənarda qalmır. Prezident İlham Əliyev Anar Tağıyevi Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı, Elnur Rzayevi Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin etdi. Bu təyinatla bağlı Prezident onları qəbul etdi və qəbul zamanı ölkə başçısı diqqətçəkən məqamlara toxundu.
Azərbaycan Prezidenti həm yeni icra başçılarına göstərişlərini verdi, həm də yerlərdə uzun zamandır ki, başçılıq edənlərə xəbərdarlıq etdi:
“Rayonların abadlıq və quruculuq işlərinə diqqət yetirilməlidir, mövcud obyektlərin işlək vəziyyətdə olması da çox önəmlidir. Mənə verilən məlumatlara görə, bir neçə rayonda mənim iştirakımla açılmış Gənclər Mərkəzi indi bağlıdır, qapıya qıfıl vurulub və sadəcə olaraq görüntü naminə fəaliyyət göstərir. Bu, dözülməzdir, buna vəsait xərclənib. Gənclər mərkəzlərində gənclər öz asudə vaxtlarını keçirməlidirlər, orada maraqlı tədbirlər, intellektual oyunlar, vətənpərvərliklə bağlı tədbirlər təşkil olunmalıdır.
Bu mərkəzlər tikilir, bir çox hallarda istifadə olunmur. Heydər Əliyev mərkəzləri demək olar ki, hər bir rayon mərkəzində vardır. Nədir bu mərkəzlərin məqsədi? Odur ki, o mərkəzlərə vətəndaşlar gəlib öz asudə vaxtlarını keçirsinlər, o mərkəzlərdə dərnəklər fəaliyyət göstərməlidir, o mərkəzlərdə sərgilər keçirilməlidir. O mərkəzlər rayonun mədəni həyatının ayrılmaz hissəsi olmalıdır. Ancaq mənə verilən məlumata görə, bəzi hallarda açılışdan sonra yenə də qapıları qıfıllanır və faktiki olaraq bu mərkəzlər işləmir. Siz bu məsələ ilə çox ciddi məşğul olun”.
Görünən odur ki, Prezidentin çıxışından sonra icra başçılarının fərqli idarəetmə üsulu seçməyə heç bir şansları qalmayıb. Onlar yeni, ölkə başçısının dediyi formada işləməlidirlər.
Rayonlarda sosial-iqtisadi dirçəliş, inkişaf mərhələsi başlamalıdır. İstisna deyil ki, ölkə başçısının çıxışından sonra bu formada işləyə bilməyən, inkişaf dinamikasına maneə olan icra başçıları da yola salınacaq. Bütün hallarda proses artıq başlayıb və islahat “dalğası”na tuş gəlməmək üçün icra başçılarının başqa yolu, seçimi qalmayıb. /Cebhe.info/