ABŞ prezidenti Donald Tramp Nyu-York şəhərindəki daimi yaşayış yerini dəyişmək niyyətindədir.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Birləşmiş Ştatların dövlət başçısının belə bir qərara gəlməyə sövq edən Nyu-York siyasətçilərinin ona qarşı pis münasibətidir.
ABŞ prezidenti bundan sonra Florida ştatının daimi rezidenti sayılacaq.
“Mən Ağ Evi sevdim və ümid edirəm ki, hələ 5 il burada qalacağam. Lakin artıq ailəm üçün yaşayış bölgəsi Floridanın Palm-Biç rayonu olacaq. Nyu-Yorkda ştat, şəhər, bələdiyyə vergilərinə milyonlarla dollar pul ödəməyimə rəğmən burada yerli siyasətçilərin şəxsimə münasibəti olduqca pisdir. Bu mənim üçün ağır qərar oldu”,- deyə Donald Tramp tvitter hesabında yazıb.
“The New York Times” qəzetinin yazdığına görə, ABŞ prezidentinin 1983-cü ildən bu yana rəsmi qeydiyyatda olduğu yer Manhetten rayonundakı Tramp qülləsi sayılır. Bundan başqa, onun yaşayış yerləri olaraq Ağ Ev (1600 Pensilvaniya avenyu), habelə Nyu-Cersi ştatında Bedminster qolf-klubu da göstərilib.
Ağ Ev prezidentin köçmə haqqında söylədiklərini şərh etməkdən boyun qaçırıb.
NYT-nin məlumatına əsasən, əslində Tramın Floridaya getmək qərarı iqtisadi səbəblərlə bağlıdır.
Belə ki, Ağ Evin rəhbəri Nyu-York ştatındakı yüksək vergilərdən də qaçmaq istəyir. Məsələn, Nyu-York ştatında ümumi vergi 9%, Nyu-York şəhərində isə 4%-dir. Bundan başqa, Nyu-York ştatında miras vergisi də yüksəkliyi ilə bilinir -10,1 milyon dollardan yuxarı daşınmaz əmlakdan 16% vergi tutulur.
Musavat.com