Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sabiq rəhbəri, tanınmış alim və ziyalı Vurğun Əyyubun qızı Aytən Əyyublunun Axar.az-a müsahibəsini təqdim edirik:- Vurğun Əyyubu alim, ictimai-siyasi xadim kimi tanıyırdıq. İstərdim, onun görünməyən tərəflərindən danışaq. Ailədə sizinlə münasibəti necə idi?- Rəfiqələrimin ataları ilə münasibətləri haqda söhbətlərini dinləyəndə dəhşətə gəlirdim. Onların ailəsində qız uşaqları ataları ilə məsafəli olmalı, mübahisəyə girməməli, dərdlərini paylaşmamalı, “aradakı pərdəni götürməməli” idilər. Mən də atamla olan münasibətimizdən danışarkən onlar heyrətə gəlirdi. Atam həmişə deyərdi ki, halal olsun mənimlə mübahisə edə bilən qızlarıma! Demək ki, doğrudan da nədənsə başları çıxır ki, mənimlə nəyisə müzakirə edə bilirlər. Heç zaman atamla dərdimi bölüşməkdən çəkinməmişəm. Narazılığım olan kimi yanına qaçmışam, o da məni hər zaman dinləyib. Atam heç vaxt aldığım qərarları görməzdən gəlməyib, əksinə, hörmətlə yanaşıb və arxamda olub.
Hazırda mən İstanbuldayam, ailədən uzağam. Çətinliklərim çox olur, hərdən nə edəcəyimi bilmirəm, sonda atamın mənə verdiyi özgüvən gücü köməyimə çatır.
Atam mənim idealımdır. Ondan öyrəndiyim çox şey var. Atam həmişə təmkinli olmağı, müsahibini diqqətlə dinləməyi, sərbəst fikir yürütməyi, qərar verərkən tələsməməyi, kobudluq etməməyi, böyük-kiçik yeri bilməyi və mütaliə etməyi öyrədib.
O istəyirdi ki, mən bir az da oğlan kimi sərt və cəsarətli olum. Mən bir çətinliklə qarşılaşanda anam bunu atama bildirən zaman onun cavabı belə olardı: “Aytən özü həll edər”. Düzü, uşaq ikən atamın bu cür davranışı məni əsəbiləşdirirdi, istəyirdim ki, nazımla oynasın, nəsə lazım olanda tez həll etsin. Dilə gətirməsəm də, bəzən atamdan inciyirdim ki, görəsən, mənə qarşı niyə belə davranır, niyə hər şeyi özüm həll edim deyə israr edir. Zaman keçdikcə, əslində, mənə necə böyük yaxşılıq etdiyini anladım. “Halva biş, ağzıma düş” məsəlindən uzaq böyüdülmüşük. Ədəbiyyat, dil, tarix fənlərinə dair nə sualımız olsaydı, atam onu çox maraqlı və geniş bir şəkildə şərh edərdi, ancaq həmin suallarla bağlı mütləq oxumaq üçün bir material verib deyərdi ki, əvvəl özün bir oxu, sonra müzakirə edərik. Heç nəyi asan yolla əldə etməmişik.
- Deyirlər, çox mütaliə edən şəxs mühafizəkar deyil, açıqfikirli olur. Vurğun Əyyub daimi mütaliə ilə məşğul olan ziyalılarımızdan idi. Bəs, hansı məsələlərdə mühafizəkar olurdu?- Atam mühafizəkar deyildi. Xaraktercə nə qədər ciddi və sərt olsa da, bizimlə münasibətlərində çox mehriban və səmimi idi, sadəcə hörmətsizliyi heç sevməz və bağışlamazdı. Deyərdi ki, övladlarım mənimlə sayğı çərçivəsində hər məsələni müzakirə edə bilər. O, bizə sayğını qorxu ilə yox, sevgi ilə qazanmağı öyrətmişdi. Çoxlarından fərqli olaraq, bizim istəklərimizə, seçimlərimizə, aldığımız qərarlara müdaxilə etməzdi, hörmətlə yanaşardı. Təbii ki yanlış gördüyü şeyi bizə bildirər, öz fikrini söylərdi, son qərarı isə yenə bizə həvalə edərdi.
- Vurğun müəllim qurduğu “ailə institutunda” dəyərləri nə idi?- Atam həmişə deyərdi ki, mən övladlarıma işdən-gücdən vaxt edib çox zaman ayıra bilməmişəm, onları anaları tərbiyə edib yetişdirib. Ona görə də bizimlə bağlı bir qərar verəndə öncə anamın rəyini soruşub. Atam bizə anamıza hörmət etməyi, onu dinləməyi aşılayardı. Atamızdan nəsə istəyəndə, “əvvəlcə ananızdan razılıq alın, sonra mənim yanıma gəlin” deyərdi. Anamızın sözünə qulaq asmayanda isə atam tərəfindən sərt təpki ilə üzləşərdik. Anama çox dəyər verirdi və bizə də bunu aşılayırdı. Xəstəliyi boyunca belə “ananıza kömək olun, onu incitməyin, aranızda ən çox yük ona düşür” deyərdi. O, ən çətin günlərində belə anamıza kömək etməklə bağlı bizə nəsihət verərdi.
Atam heç vaxt atalıq sevgisini bizdən əsirgəməyib. Bir insan kimi bizə həmişə hörmət edib, düşüncələrimizə, istəklərimizə sayğı ilə yanaşıb. Heç vaxt nəyisə bizə zorla qəbul etdirməyib. Məhz bunun nəticəsidir ki, bugün mən özümə güvənərək, fikirlərimi, düşüncələrimi dilə gətirməkdən çəkinmirəm. Onun bizə qoyub getdiyi ən böyük dəyər isə dürüstlükdür. Atam dürüst yaşamağın, təmiz həyat sürməyin insana necə böyük hörmət gətirdiyini öz ölümü ilə bir daha sübut etdi.
- Vurğun Əyyubun övladları cəmiyyətdə hansı amalı ilə fərqlənir?- Mənim amalım atamın bizə miras qoyub getdiyi təmizliyi, ləyaqətliliyi, dürüstlüyü, şərəflə yaşamağı əsas tutaraq, onun yolunu davam etdirməkdir. Atamın adını daim yaşatmaq üçün gələcəkdə bəzi planlarım, görəcəyim işlər var.
- Bəzən yaxşı insanlar ətrafında olan bədxahlar tərəfindən aldadılır. Heç Vurğun müəllimin belə şikayəti olmuşdumu? Yəni hansısa dostu, tanışı ona qarşı etibarsızlıq etmişdimi?- Mənim atam dərya idi, onu aldatmaq hər adamın işi deyildi. Atam hər adamla dostluq etməzdi, onları lazımınca tanıyar, yaxşı və pis tərəflərini öyrənər, sonra dostluq edərdi və dost dediyi insanın həmişə arxasında durardı. Atam öz ləyaqəti, təmizliyi ilə çoxlu dost qazanmışdı. Dostları da ona həmişə hörmətlə yanaşardılar. Xəstəliyi boyunca dostlarından çox böyük dəstək gördük. İstər əqidə dostları, istər müəllim dostları, istərsə də başqaları atamı yalnız qoymadılar.
Dəfn günü böyük insan seli vardı. Atamın ölümü təkcə ailəsini, dostlarını yox, hamını sarsıtmışdı, hamı kədər içində idi, böyüklü-kiçikli hamı ağlayırdı. Dəfn mərasimini təşkil edənlər - başda Anar Əsədli olmaqla, atamın ən yaxın dostları idi. Bu dostların bəzilərini artıq biz ailə üzvümüz hesab edirik.