Bakı şəhəri 193 nömrəli tam orta məktəbdə şagirdlərdən vəsait toplanmasına dair daxil olmuş müraciət əsasında Təhsil Nazirliyi tərəfindən yerində araşdırma aparılıb.
“Qafqazinfo”nun sorğusuna cavab olaraq nazirlikdən bildirilib ki, araşdırma zamanı müəyyən olunub ki, məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Elnarə Qasımova tərəfindən məktəbdə nəzarətin zəif təşkil edilməsi, zəruri qabaqlayıcı və maarifləndirici tədbirlərin görülməməsi səbəbindən VIII sinif rəhbəri, Azərbaycan dili və ədəbiyyat müəllimi Toyzu Mustafayeva peşə fəaliyyətini yerinə yetirərkən qaydaları pozub, “fond pulu” adı ilə sinif şagirdlərinin valideynlərinin hər birindən ayrı-ayrılıqda 20 manat pul tələb edib.
Araşdırmanın nəticəsinə əsasən, əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə görə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Elnarə Qasımovaya töhmət, Azərbaycan dili və ədəbiyyat müəllimi Toyzu Mustafayevaya isə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.
Qeyd edək ki, bu yaxınlarda daxil olmuş belə müraciətlər əsasında Kəlbəcər rayonu 108 nömrəli tam orta məktəbin direktoru Bəsti Hüseynova işdən azad edilmiş, Ağdam rayonu 89 nömrəli tam orta məktəbin direktoru Nərgiz Zeynalovaya sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmiş, Sumqayıt şəhəri 8 nömrəli tam orta məktəbin direktor müavini Nənəxanım Əliyeva tutduğu vəzifədən azad edilmişdir.
Xatırladaq ki, məsələni ilk dəfə Cebhe.info gündəmə gətirib və redaksiyaya daxil olan səsyazısı ictimailəşdirilib.
Cebhe.info