Bloqqer Mehman Hüseynov deputat məsləhətləri haqqında qısa bir video hazırlayıb. İzləyin, yəqin sizin də həmin deputatlara “təşəkkür” payınız olacaq. Görün bu ölkəni kimlər idarə edir! Xalqın yarısı işsizlikdən əziyyət çəkir, yoxsulluqdan əziyyət çəkir. Acından qırılır. Bu problemləri həll etməkdənsə, bizim bəzi ağıllı millət vəkillərimiz əziyyət çəkən vətəndaşlarımıza məsləhətlər verir. Gəlin baxaq, onlar bizə nə məsləhət görür. Məsələn, deputat Aqil Abbas. Deyir, kim dolana bilmirsə, getsin kartof, soğan əksin, pul qazansın. Növbəti “ağıllı” deputatımız Hüseynbala Mirələmov deyir, xalq acından qırılırsa, qoy gün ərzində az yemək yesin, dieta saxlasın. Onsuz da ət , balıq yemək insan sağlamlığı üçün ziyandır. Deputat Bahar Muradova. Deyir ki, ay camaat, naşükürlük etməyin, ayağınızı yorğanınıza görə uzadın. Ağzının danışığını bilməyən növbəti “ağıllı” deputatımız Hadı Rəcəbli. Deyir ki, müəllimlər, həkimlər aldıqları maaşdan narazıdırlarsa, işdən sonra gedib fəhləlik etsinlər, daş daşısınlar, bir sözlə hamballıq eləsinlər. Millət vəkili Çingiz Qənizadə. Deyir ki, ay kasıblar, hər il bir paltar almayın, hər toya getməyin, pula qənaət edin. Əziz xalqım, bəs siz bu millət vəkillərinə nə məsləhət görərdiniz?