BDU-nun qalmaqallı müəlliminin 50 min rüşvət verdiyi şəxslərdən biri azadlığa çıxıb, digəri isə qaçıb

5-11-2019, 16:47   


Bakı Dövlət Universitetinin (BDU) müəllimi oğlunu işə düzəltmək istəyərkən aldadılıb. O, verdiyi rüşvəti geri ala bilmir. Rüşvət üçün pulu isə sələmə götürübmüş. Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham edilən 1967-ci il təvəllüdlü Eldar Yusifovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Musavat.com-un məhkəmə prosesində iştirak edən müxbiri xəbər verir ki, bu cinayət işi üzrə ittihamda göstərilir ki, Eldar Yusifov tanışı Hüseyn Məmmədovdan külli miqdarda pul alıb. Həmin pulun qarşılığında isə Hüseyn Məmmədovun oğlunu hüquq-mühafizə orqanlarına işə düzəldəcəkmiş.

Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub. Hökmə əsasən Eldar Yusifov 6 min manat cərimələnəcək məhkəmə zalından azadlığa buraxılıb.

Xatırladaq ki, prokuror Ə.Yusifovun 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Elan olunmuş ittihamla Eldar Yusifov özünü təqsirli bilmir. Onun sözlərinə görə, Hüseyn Məmmədovun oğlunun işini Elbrus Əliyev adlı şəxs həll edəcəkmiş.

"Pulu mən yox Elbrus alıb. Mən onları tanış eləmişəm. Sonrakı məsələni özləri danışıblar" - deyə təqsirləndirilən şəxs bildirib.

Eldar Yusifova rüşvət verməyə təhrik etmə maddəsi ilə də ittiham irəli sürülüb. Bu iş üzrə zərərçəkmiş olduğunu deyən Hüseyn Məmmədovla bağlı ictimaiyyət üçün maraqlı olan məlumat var. Məlumata görə, Hüseyn Məmmədov BDU-nun fəlsəfə müəllimidir. İllərdir, BDU-da çalışan Məmmədov bir müddət də kafedralardan birinin dekanı olub.

Hüseyn Məmmədov rüşvət verdiyi üçün bu işdə zərərçəkmiş kimi yox, şahid kimi dindirilib. Son iki məhkəmə iclasında danışan Hüseyn Məmmədov hazırda həbsdə olan Eldar Ysuifovdan şikayətçi olmadığını bildirib. O, israrla məhkəmədən Eldar Yusifovun azadlığa buraxılmasını istəyib.

Fəlsəfə müəllimi ilk olaraq rüşvəti necə və nə məqsədlə verməsini danışıb. Bildirib ki, oğlunu işə düzəltmək istəyib. Bu məqsədlə Elbrus Əliyevə müraciət edib. Onun sözlərinə görə Elbrus Əliyevlə onu Eldar Yusifov tanış edib: "Eldar uzun müddətdir ki, bir-birimizi tanıyırıq. Elbrusun bu işdə mənə kömək edə biləcəyini dedi. Məndən əvvəlcə 100 min, sonra isə 50 min manat istədi. Mən əvvəlcə 20 min verdim. Həmin pulu faizə götürdüm. Amma Elbrus dedi ki, pul tam olmasa, iş alınmayacaq. Sonra 30 min də sələmlə pul götürüb ona verdim. Hər iki görüş Elmlər Akademiyası tərəfdə baş tutub".

Məhkəmədə o da məlum olub ki, bu işdə adı keçən Elbrus Əliyev hazırda axtarışdadır. O, cinayət məsuliyyətinə cəlb edildiyi halda barəsində qətimkan tədbiri seçilməyib. Bundan sonra Elbrus Əliyev qaçaraq istintaqdan yayınıb.

c2495256-b8cd-469f-9bc3-10ef3df538a5.jpg (11 KB)
Hüseyn Məmmədov

Oğlunu rüşvətlə işə düzəltmək istəyən Hüseyn Məmmədov kimdir? Məmmədov Hüseyn Qaraxan oğlu 1959-cu il avqustun 4-də Saatlı rayonunda anadan olub. Əmək fəaliyyətinə 1976-cı ildən başlayıb. 1976-1977-ci illərdə Saatlı rayon suvarma sistemləri idarəsində fəhlə işləyib.

1977-1982-ci illərdə ADU-da (indiki BDU) əyani tələbə olub. 1982-1983-cü illərdə Saatlı rayonu Əzizbəyov adına orta məktəbdə tarix müəllimi işləyib.

1983-1986- ADU-da əyani aspirant olub. Fəlsəfə dərsini və ixtisas dərslərini aparır. 80-dən çox məqalənin və tezisin və bir kitabın, 5 dərsliyin müəllifidir.
3 elmlər namizədinin yetişməsində həmrəhbər olub.

Hüseyn Məmmədovun adı illər öncə imtahan suallarının alverində də hallanmışdı. Məşhur sual satılması işində onun da oğlunun nəticəsi ləğv edilmişdi. Gəmin ərəfədə onun oğlu da BDU-nun hüquq fakültəsinə sənəd vermişdi.

İlkin Muradov,
Musavat.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.