Türkiyə olduqca ağır siyasi mərhələdən keçir. Belə ki, bu qardaş ölkə kifayət qədər güclü xarici pressinq altındadır. Üstəlik, xarici pressinqin ssenari müəllifləri Türkiyənin ənənəvi beynəlxalq hərbi-siyasi müttəfiqləridir. Və mövcud durum məhz həmin müttəfiqlərin əslində, Türkiyənin formal müttəfiqləri olduğunu açıq-aşkar ortaya çıxartdı.
Belə anlaşılır ki, hazırda Türkiyə üzləşdiyi milli təhlükəsizlik problemləri qarşısında əslində, dəstək almalı olduğu müttəfiqləri tərəfindən təkbaşına buraxılıb. Üstəlik, Türkiyəni narahat edən milli təhlükəsizlik problemlərinin əsas hissəsinin törədiciləri elə həmin formal müttəfiqləridir.
Məsələ ondadır ki, bəzi beynəlxalq siyasi irsdə mərkəzləri Türkiyənin parçalanması üçün əllərindən gələn hər şeyi edirlər. Sadəcə, rəsmi Ankaranın qətiyyəti, əzmkarlığı və qərarlı davranışları Türkiyənin müttəfiq “bədxahlar”ının davamlı məyus olmasına yol açır. Və böyük ehtimalla rəsmi Ankara onları hələ çox məyus edəcək.
Məsələ ondadır ki, Türkiyə indiyə qədər bir neçə dəfə daxili parçalanma təhlükəsini dəf edə bilib. Vaxtilə ölkə əhalisi arasında “baş örtüklülər” mübahisəsi yaranmışdı və bu, “laik-qeyri laik” mübarizəsinə çevrilmişdi. Nəticədə, vətəndaşlar arasında mənəvi-psixoloji parçalanma hətta fərqli bərbərxanalardan istifadə edilməsinə qədər dərinləşmişdi.
Ancaq rəsmi Ankara ölkə xaricindən qızışdırılan bu ideoloji vətəndaş ziddiyyətlərini aradan qaldıra bildi. Və bu ziddiyyətlərin ssenari müəllifləri ilk dəfə sarsıdıcı məyusluğa düçar oldular.
Bununla belə, Türkiyəyə qarşı savaşda “Gəzi olayları”ndan da əli boşa çıxan və kamalizmi hədəf alan ideoloji parçalanma planlarının müəllifləri uğursuzluqla barışmadılar. 15 iyulda dövlət çevrilişinə cəhd etdilər. Və yenə də məğlub duruma düşüb, məyusluqla üzləşdilər.
İndi daha bir ssenari ortaya atılıb. Belə ki, “bədxah” müttəfiqlər Türkiyəni içdən qarışdıra biləcək daha bir önəmli faktoru tam dəqiqliyi ilə müəyyənləşdirə biliblər. İndi Türkiyəni əhalinin futbol fanatikliyi faktoru üzərindən vurmağa çalışırlar.
Əlbəttə, bəziləri üçün belə bir faktorun təsirli ola biləcəyi inandırıcı görünməyə də bilər. Ancaq tarixdə uğur qazanmış örnəyi olduğu üçün bu faktor üzərindən qurulan ssenarilərin çox qorxunc nəticələr verə biləcəyini iddia etmək tamamilə mümkündür.
Məsələn, sosialist düşərgəsinin ən önəmli dövlətlərindən biri olan keçmiş Yuqoslaviyanın daxili savaşla nəticələnmiş iğtişaşlara sürüklənərək, parçalanması xoşagəlməz örnəklərdəndir. Belə ki, 13 may 1990-cı ildə keçirilmiş “Dinamo Zaqreb”-“Srvena Zvezda” matçı Yuqoslaviyanın süqutunun təməlini qazmışdı.
Məsələ ondadır ki, hər iki komandanın fanatları öz qəddarlığı və radikallığı ilə bütün dünyada ad çıxartmış azarkeş qrupları sırasına daxil idi. İğtişaşlara yol açan toqquşmalar isə hələ matçın başlamasına bir neçə saat qalmışdan start götürmüşdü. Kənar güclərin maraqları çərçivəsində idarə edildiyi artıq heç kimdə şübhə doğurmayan hər iki komandanın fanatları Zaqreb küçələrini savaş meydanına çevirmişdlər.
Bu iğtişaşlar sonra stadionun tribunalarına daşınmışdı və matç yarımçıq qalmışdı. Polisin zorakı müdaxiləsindən sonrasa, toqquşmalar bir anda yenidən şəhərin küçələrinə keçirilmiş və Yuqoslaviyanın parçalanmasına yol açan serb-xorvat savaşına çevrilərək, bir ölkənin dünya xəritəsindən silinməsinə qədər davam etmişdi.
Əslində, elə Türkiyədə də bu faktorun siyasi proseslərə təsiri artıq bir dəfə sınaqdan çıxarılıb. Belə ki, “əzəli rəqiblər, əbədi dostlar” kimi təqdim olunsalar da, əslində, fanatik tərəfdarları bir-birinə kin və nifrət bəslədiyindən “əbədi düşmən”lər olan “Qalatasaray” və “Fənərbaxça” klublarının çempionluğu müəyyənləşdirən matçlarından birində qorxunc hadisələr yaşanmışdı. “Fənərbaxça”nın stadionunda keçirilən həmin matçda “Qalatasaray”ın çempion olması üçün sadəcə, bərabərlik belə, yetərliydi. “Fənərbaxça” isə mütləq qalib gəlməliydi.
Amma matç qolsuz bərabərliklə yekunlaşmışdı və “Qalatasaray” rəqibin stadionunda, rəqib fanatların qarşısında çempionluq kubokunu qaldırmışdı. Və bu, “Fənərbaxça” fanatları üçün tarixi sarsıntıya yol açmışdı. Qəzəbdən çılğınlaşmış və oturacaqları sındırmağa başlayan fanatlar polislərin müdaxiləsiylə stadiondan çıxarılmışdılar. Əsl xaos da elə bundan sonra başlamışdı.
Məsələ ondadır ki, polis azarkeşlərə müdaxilə edərkən həddindən artıq zorakılıq etmişdi, qadınlara və azyaşlı uşaqlara qarşı bibər qazından istifadə etmişdi. Və bu, onsuz da qəzəbli olan fanatları çılğınlaşdırmışdı.
Hadisələr qısa müddətdə İstanbul küçələrini savaş meydanına çevirmişdi. Qəzəbli kütlə küçədə qarşısına çıxan hər şeyi vurub dağıtmişdi. Hətta yanacaqdoldurma məntəqələrinin yandırılmasına belə, cəhd göstərilmişdi.
Ancaq Ustanbul küçələrinə sonradan yeridilmiş jandarma qüvvələri hadisələri vaxtında nəzarət altına ala bilmişdilər. İğtişaşların daha da genişlənərək, bütün ölkəyə yayılmasının qarşısı alınmışdı. İllər sonrasında – 15 iyul dövlət çevrilişinə cəhdlə bağlı istintaq çərçivəsində məlum olmuşdu ki, polisin zorakı müdaxiləsi məqsədli xarakter daşıyırmiş, qadınlara və uşaqlara qarşı bibər qazından istifadə ölkədə xaosun yaradılmasına hesablanıbmış. Və bunu edən polislərin mütləq əksəriyyəti FETÖ üzvü imiş...
İndi də oxşar hədəfli ssenari işə salınmış kimi görünür. Sadəcə, ssenarinin məzmunu bir qədər fərqli faktorlarla yüklənib. Belə ki, Türkiyənin nəhəng futbol klublarının fanatik tərəfdarlarının bir-birinə düşmən edilməsinə cəhd göstərilir. Əsas hədəf isə həmin klubların ədalətsizliyə etiraz edən tərəfdarlarının küçələrə axışaraq, əvvəlcə bir-biriylə toqquşmasına nail olmaq, ardıncasa, bu prosesdə hökumətin günahkar olması barədə ictimai rəy yaratmaqdır.
Məsələ ondadır ki, bir müddət öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 25 il üzvü olduğu “Fənərbaxça” klubuna dəvət olunaraq, təntənəli şəkildə yaxasına bu olayı əks etdirən döş nişanı taxılıb. Bu hadisənin Türkiyədə çempionatın ədalətsiz idarəçiliklə “Fənərbaxça”nın çempionluğuna şərait yarada biləcəyi iddia olunur.
Ən pis məqam da odur ki, çempiomatın başlanğıcından “Fənərbaxça”nın xeyrinə hakim səhvlərinə tez-tez rast gəlinir. Və bu kulubun ıleyhinə səhv edən hakimlərin fəaliyyətinə son verilir. Çempionluğa iddialı digər komandaların xal itirməsinə səbəb olan hakim səhvləri isə adi hala çevrilməklə yanaşı, üstəlik, belə hakimlərə mükafat kimi əlavə matçlar verilir.
Təbii ki, belə bir durum Türkiyənin “Qalatasaray”, “Beşiktaş” və “Trabzonspor” kimi nəhəng klublarının tərəfdarlarını narazı salmaqla yanaşı, həm də qəzəbləndirir. Bütün bunların bilərəkdən edildiyi iddia olunur. Bu durumun yaradılmasına nail olduğu güman edilən gizli bir gücə bağlı media dairələri isə adıları sadalanan klubların tərəfdarlarını küçələrə axışaraq, ədalətsizliyə etiraz etməyə çağırırlar. Və bu ədalətsizliyin ölkənin siyasi rəhbərliyinin mövqeyindən qaynaqlandığına eyham vurmağı da qətiyyən unutmurlar.
Bütün bunlar Türkiyəyə qarşı olduqca təhlükəli əməliyyat təsiri bağışlayır. Çünki Türkiyədə futbol hər şeyə təsir edən faktor rolunu oynayır. Bu qardaş ölkənin əhalisinin təxminən 70-80 faizi uşaqlıqdan 4 nəhəng klubdan hansınasa fanatikcəsinə azarkeşlik edir. Əksər tərəfdarlar hətta öz siyasi baxışlarını belə, tutduqları komandaların mövqeyi ilə uzlaşdırmağa çalışırlar.
Bu faktor sonuncu bələdiyyə seçkilərində də özünü göstərdi. Belə ki, İstanbul bələdiyyəsinə seçkilərdə “Galatasaray”, “Beşiktaş” və “Trabzonspor”un tərəfdarları bəzi klub rəsmilərinin çağırışlarına qulaq verərək, hökumətə təpki göstərdilər. Və hakim partiyanı təmsil edən Binəli Yıldırıma deyil, onun müxalif rəqibinə - Əkrəm İmamoğluna səs verdilər. Nəticədə iki dəfə səsvermə keçirilməsinə baxmayaraq, Əkrəm İmamoğlu hazırda İstanbul bələdiyyəsinin başqanıdır.
Göründüyü kimi, futbol fanatikliyi Türkiyədə həm siyasətə, həm iqtisadiyyata (əksər azarkeşlər rəqib komandaların reklam sponsorları olan şirkətlərin istehsalı olan məhsulların alınmasına həvəs göstərmirlər) və cəmiyyətə ciddi şəkildə təsir göstərir. Və növbəti prezident seçkilərində bu faktorun böyük önəm daşıya biləcəyi qətiyyən istisna deyil.
Üstəlik, hazırda səhnəarxası güclərin əsas hədəflərindən biri nəhəng klubların qarşılıqlı kin-küdurət və nifrətlə yüklənmiş tərəfdarlarını küçələrə sürükləmək, onların arasında toqquşlara törətmək və ölkəni mənəvi-psixoloji cəhətdən parçalayaraq, dərin xaosa nail olmaqdır.
Amma Türkiyənin siyasi rəhbərliyinin bu hiyləgər tələyə düşə biləcəyinə inanmaq bir qədər çətindir. Çünki onlar fanatik azarkeş faktorunun nə demək olduğunu bilməmiş deyillər. Və yəqin ki, tezliklə ölkənin siyasi rəhbərliyi bu prosesləri vaxtında durdurmaq üçün konkret addımlar atmağa başlayacaq.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert