ABŞ-ın Suriyada atdığı son addımlar və regionda baş verən hadisələr onu göstərir ki, Kərkük neftinin İsrailə axması ilə bağlı 85 il öncə - 1934-cü ildə hazırlanan plan bu gün icra olunmağa başlayıb.Axar.az xəbər verir ki, bu barədə Türkiyənin “Yeni Şəfəq” nəşri yazıb.
Nəşrin yazdıqlarına əsasən hazırda bölgədə baş verən bir çox proses bir-biri ilə koordinasiyalı şəkildə aparılır və Kərkük neftinin (həmçinin Suriya nefti) Suriya və İordaniya ərazisindən keçərək İsrailin Hayfa limanına çıxarılması planının icrasına xidmət edir.
Belə ki, bir müddət əvvəl Suriyanı tərk edəcəklərini açıqlayan Tramp daha sonra neft yataqlarını qorumaq bəhanəsi ilə bölgədə 800 ABŞ hərbçisinin saxlanılacağını bildirib. Bu çərçivədə Deyr əz-Zordan Hasekəyə qədər 150 kilometrlik məsafədə ABŞ əsgərləri yerləşdiriləcək. ABŞ əsgərləri bölgədə neft yataqlarının mühafizəsini təşkil edəcək. 85 illik plan çərçivəsində yaradılacaq neft kəmərinə nəzarət əsasən Tanf bölgəsindəki hərbi baza vasitəsilə təmin ediləcək.
Tanf bölgəsinin vacibliyini göstərmək üçün onu da qeyd edək ki, Suriya probleminin ortaya çıxdığı ilk günlərdən burada İngiltərənin hərbi bazası yerləşir. Çox güman ki, bu baza vasitəsilə illərdir hazırlanan plana əsasən yaradılacaq neft kəməri marşrutu daimi nəzarətdə saxlanılacaq.
İraq və Suriya neftini İsrailə daşımaq məqsədi daşıyan planla bağlı ABŞ həmçinin Rusiya ilə də əlbir hərəkət edir. Belə ki, sözügedən qeyri-rəsmi marşrut üzərində yerləşən və uzun müddət bağlı saxlanılan Əbu Kamal – Əl Qaim sərhəd qapısı Türkiyənin “Sülh çeşməsi” əməliyyatının başlanmasından qısa müddət əvvəl açılıb. Açılışa İraq və SDQ rəsmiləri, həmçinin rejim nümayəndələri yollanıb. Rejimin sözügedən açılışda varlığı isə Kərkük neftinin daşınması məsələsində ABŞ-ın Rusiya ilə birgə hərəkət etdiyini sübut edib. Tərəflər gizli şəkildə icra olunan planla bağlı bağlı qapılar arxasında razılığa gəlib.