Brejnev 5 gün artıq yaşasa, SSRİ-nin rəhbəri Şerbitski olacaqdı - Baş katibin bağ evinin komendantı xatırlayır

11-11-2019, 11:41   


37 il öncə, 1982-ci il noyabrın 10-da SSRİ tarixinin 18 illik Brejnev erası sona çatıb. Baş katibin ölümü ilə bağlı rəsmi məlumat isə bir gün sonra, noyabrın 11-də saat 10-da verilib.

Brejnevin ölümündə heç bir müəmma, qeyri-adilik axtarılmayıb. Baş katibin ölümü rəsmi olaraq təbii ölüm kimi qəbul edilib və həkimlərin rəyində ölüm səbəbi yuxuda olarkən qəfil ürəktutma göstərilib. Qeyd edək ki, Brejnev bir çox xəstəliklərdən əziyyət çəkib.

Baş katibin ölümü müəmmalı olmasa da, beş gün sonra, noyabrın 15-də keçiriləcək Mərkəzi Komitənin plenumunda Brejnevin edəcəyi çıxışın hansı mövzuda olacağı müəmma və sirr olaraq qalıb.

Maraqlıdır, plenumda yorğun və xəstə Brejnev hansı təşəbbüslə, hansı təkliflə tribunaya çıxacaqdı?

Əslində bir çox ciddi xəstəlikləri olmasına baxmayaraq, ömrünün son günlərində Brejnev özünü normal hiss edib, gümrah görünüb. Baş katibin son günündə onun yanında olan, yaşadığı “Zareçye-6” bağ evinin komendantı, Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşı, polkovnik Oleq Storonov həmin günü belə xatırlayıb:

“1982-ci ilin 9 noyabr günü həftənin bazar günü idi. Brejnev axşam saatlarında ovdan qayıtdı. Biz onu qarşıladıq, birgə şam etdik. Sonra Brejnev yeni çəkilmiş bir filmə baxmağa başladı. Film baş katibə maraqsız göründü, o, kreslodan qalxıb səhərisi günlə bağlı mənə tapşırıq verdi:

- Maraqlı deyil, bu filmə baxmaqdansa, yatmaq yaxşıdır. Səhər məni 9-un yarısında oyadın.

Səhərisi gün, yəni noyabrın 10-u milis günü idi. Müəyyən dövlət tədbirləri planlaşdırılmışdı. Həmin tədbirlərdə Brejnevin iştirakı da nəzərdə tutulmuşdu. Brejnev yuxudan oyatmağı mənə, yaxud da həyat yoldaşı Viktoriya Petrovnaya tapşırsa da, adətən özü dururdu. Amma noyabrın 10-da belə olmadı. Biz doqquza 25 dəqiqə qalmışa qədər gözlədik. Mən qapını döydüm, səs gəlmədi. Həmin vaxt mühafizə rəisi general-mayor Vladimir Medvedyev də artıq bağda idi. Əvvəlcə mən içəri keçdin, sonra isə Medvedyev və digər mühafizçi Sobaçenkov, ən sonda isə Viktoriya Petrovna. Mən çox ehtiyatla Brejnevin çiyninə toxundum, “Leonid İliç, durmaq vaxtıdı” deyə onu yuxudan oyatmağa çalışdım. Amma heç bir reaksiya olmadı. Belə vəziyyətdə nə edəcəyimizi hələ təlimlərdə bizə öyrətmişdilər. Biz onu çarpayıdan götürüb, yerə, xalçanın üstünə uzatdıq, Medvedyev süni nəfəs verməyə başladı, Kremlin “təcili yardım”ına zəng vurduq. 15-20 dəqiqəyə gəldilər, Kremlin baş həkimi Yevgeni Çazov da elə həmin müddətdə özünü bağa yetirmişdi. Göstərilən tibb yardım nəticəsiz qaldı. Çazov bundan sonra tibbi müdaxilənin mənasız olduğunu söylədi:

- Biz artıq heç nə edə bilmərik...

Bir neçə dəqiqədən sonra Yuri Andropov, Dmitri Ustinov və Andrey Qromıko da gəldilər. Brejnevin yataq otağında marşal Ustinov üzünü Andropova tutdu. Ona adı ilə və “sən”lə müraciət etdi:

- Yura, sən Brejnevdən sonra ikinci şəxssən, təcili Kremlə qayıt, indi bütün məsuliyyət sənin üstündədir.

Mən bunun nə demək olduğunu yaxşı anlayırdım. Bu sətiraltı qərar bir günün qərarı deyildi. Yəqin ki, hələ aylar, bəlkə də illər öncə Brejnevin səhhətində hər dəfə problem yarananda üçlük baş katibdən gizli gələcək seçimlərini etmişdilər. Həmin ərəfədə Andropov Mərkəzi Komitənin katibi idi, rəsmi olmasa da o, ölkədə ikinci şəxs sayılırdı. Amma mən onu da yaxşı bilirdim ki, baş katibi üç nəfər yox, büronun bütün üzvləri seçməlidirlər və seçim Mərkəzi Komitənin plenumunda müzakirəyə çıxarılmalıdır. Əlbəttə, bu məslənin rəsmi tərəfi idi. Qeyri-rəsmi isə qərar artıq qəbul olunmuşdu.

Andropov Brejnevin bağdakı iş otağına keçdi, onun xüsusi kodlarla bağlanan şəxsi portfelini götürüb getdi. Az sonra Ustinov və Qromıko da getdilər. Dəfn noyabrın 15-nə salındı. Noyabrın 12-də isə Mərkəzi Komitənin plenumunda Yuri Andropovun baş katibliyi təsdiqləndi…”

Oleq Storonov Brejnevin öz yerində kimi görməsi, ölkəyə özündən sonra kimin rəhbərlik etməsi ilə bağlı fikirlərindəki maraqlı məqamları da açıqlayıb, o, bildirib ki, Brejnev nə Andropovu, nə də Çernenkonu baş katib kürsüsündə görmək istəməyib:

“Hakimiyyətinin son illərində, daha dəqiq desəm 1978-ci ildən sonra Brejnev könüllü olaraq vəzifədən getmək istəyirdi. O, enerjili adam idi, amma xəstəlikləri də öz sözünü deyirdi. Viktoriya Petrovna həyat yoldaşının sağlamlığı üçün çox narahat idi. O da tez-tez artıq vəzifədən getməyin vaxtı olduğunu söyləyirdi. Yadımdadır, bir dəfə axşam oturub televizora baxırdıq, “Vremya” proqramında Brejnevin çıxışını göstərirdilər, çox yorğun görünürdü, nitqində olan problemlər açıq-aşkar hiss olunurdu. Viktoriya Petrovna üzünü Brejnevə tutub dedi:

- Lyona, getmək vaxtıdır, sənə istirahət və müalicə lazımdır. Bu gərgin iş rejimi ilə sən öz həyatını baltalayırsan.

Leonid İliç gözünü televizordan çəkməyərək cavab verdi:

- Buraxmırlar, Siyasi Büro icazə vermir.

Amma həqiqətən də Brejnev getmək istəyirdi. Mən bağ evində bununla bağlı çox söhbətlərin şahidi olmuşam. Brejnev heç vaxt məni süfrədən kənara buraxmayıb. Qonaqları gələndə də məni süfrə arxasına çağırıb. Çox nadir hallarda məxfi söhbətlər zamanı mən otağı tərk etmişəm. Adətən əsas qonaqları Andropov, bir də Ustinov olurdu. Onlar da həyat yoldaşları ilə gəlirdilər. Yevgeni Çazov da bağa tez-tez gəlirdi. Brejnevlə onun arasında dostluq əlaqələri var idi.

Bir dəfə Çazovla söhbətində Brejnev Andropovla Çernenkonun sağlamlığı haqqında maraqlandı. Çazov qətiyyətli, sözünü deyən, heç nəyi gizlətməyən adam idi, xüsusilə də Brejnevlə həmişə açıq danışırdı. O, bildirdi ki, nə Andropovun, nə də Çernenkonun sağlamlığı yerində deyil. Brejnev bunları varis məsələsinə görə soruşurdu.

Sonra Leonid İliç baş katibliyə Vladimir Şerbitskinin namizədliyini irəli sürəcəyini söylədi. Şerbitski Siyasi Büronun üzvü və Ukraynanın birinci katibi idi. O, büro üzvləri arasında sağlamlığı ilə fərqlənirdi və yaşça Andropovdan və Çernenkodan kiçik idi. Brejnevlə Şerbitski həm də çox yaxın dost idilər. Brejnev ona çox etibar edirdi. Amma bütün bunlara baxmayaraq Andropov Kremldə öz mövqeyini möhkəmlətmişdi və öz istədiyinə nail oldu. Əgər Breynev beş gün də sağ qalsaydı, Mərkəzi Komitəninn noyabrın 15-də keçiriləcək plenumunda hər şey başqa cür olacaqdı, Brejnev könüllü olaraq istefa verib Şerbitskini Kremlin birinci kürsüsündə əyləşdirəcəkdi...”

Oleq Storonov Brejnevin ölümünün dəqiq saatını da söyləyib. Brejnev heç də söylənilən kimi, heç də gecə yarısı ölməyib. Belə ki, Viktoriya Petrovna səhər tezdən saat 7-də yataq otağından çıxanda həyat yoldşının nəfəsini və xorultusunu hiss edib. DTK polkovnikinin söylədiyinə görə, Brejnevdə ürəktutma səhər saat 7-8 aralarında baş verib. Oleq Storonov növbətçi həkimin bağda olmaması ilə bağlı fikirlərə də aydınlıq gətirib:

“Brejnev həkimlərlə ünsiyyətdə olmağı sevmirdi. Həkimlər onu hər addımda müşayiət edəndə bu baş ktibin qıcığına səbəb olurdu. Elə bu səbəbdən də o, bağ evində həkimlərin gecə növbəsini ləğv etmişdi. Özündə narahatlıq hiss edəndə isə Brejnev özü Çazova zəng edirdi və mütəxəssislər məsələyə müdaxilə edirdilər. Sonralar bununla bağlı bir lətifə də dillər əzbərinə çevrilmişdi. Günlərin birində Brejnevin saç ustası əlindəki darağı baş katibə göstərərək deyib ki, saşlarınız tökülməyə başlayıb. Leonid İliç Çazova zəng vuraraq şikayətlənib. Çazov dərhal konsilium təşkil edib və Brejnev də həkimlərin müzakirəsinə dəvət olunub. Baş katib içəri daxil olanda görüb ki, konsiliumda iştirak edən həkimlərin hamısı keçəldir. O, “indi bunlar mənə hansı məsləhəti verə bilərlər ki” deyə otağı tərk edib...”

Qeyd edək ki, DTK polkovniki Oleq Storonov düz 14 il Leonid İliç Brejnevin bağ evinin komendantı olub. Brejnevin vəfatından sonra da o, öz vəzifəsində qalıb. Bağ evi Brejnevin ailəsindən alındıqdan sonra polkovnik başqa vəzifəyə keçirilib. Oleq Storonov Brejnevlə işlədiyi 14 ili xidmətinin ən maraqlı dövrü olduğunu söyləyib.

İlham Cəmiloğlu, Musavat.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.