Lavrovun ikibaşlı Qarabağ bəyanatının şifrələri: mesaj əslində kimə idi? - TƏHLİL

12-11-2019, 09:47   
 

Rusiyanın baş diplomatı Sergey Lavrov İrəvanda Dağlıq Qarabağla bağlı ikibaşlı bəyanat verdi. Bildirdi ki, “Dağlıq Qarabağ xalqının icazəsi olmadan heç bir razılaşmanı rəsmiləşdirmək olmaz”.

İrəvanda belə bir bəyanat verməsi Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan tərəfindən yaradılan separatçı rejimi nəzərdə tutduğu görüntüsü yaradır. Hərçənd, rəsmi şəkildə Rusiyadan bunun hesabı soruşularsa, cavab belə olacaq: Lavrov “Dağlıq Qarabağın xalqı” deyib, “Qarabağın erməni xalqı” yox.

Bu, diplomatik dillə mesajın verilməsidir. Rəsmi Bakı da məsələyə diplomatik incəliklə cavab verdi. “Ölkəmizin Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı təklif olunan hər hansı planın tərkib hissəsini təşkil edir” deyən XİN münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilə biləcəyini və öz yurdlarından didərgin salınmış azərbaycanlıların (Qarabağın gerçək sahiblərinin - A.N.) geri qaytarılmasından sonra mümkün olacağını bəyan etdi.

İkibaşlı bəyanatında əsas məqam “Dağlıq Qarabağ xalqının icazəsi olmadan heç bir razılaşmanı rəsmiləşdirmək olmaz” sözlərindən sonra “Ermənistan sadəcə bunu imzalamayacaq” sözlərini qeyd etməsidir. Bu, son cümlə Lavrovun “Qarabağın erməni əhalisini” nəzərdə tutduğu ehtimalını gücləndirir. Və Lavrovun “erməni inqilabı”ndan ötən bir il yarımdan çox müddətdən sonra ilk rəsmi səfərə gəldiyi Ermənistanda niyə belə bir bəyanat verməsi suallar yaradır və məsələ heç də Sergeyin tərcümeyi-halındakı məşhur şrtixlərdən qaynaqlanmır.

Rusiyanın baş diplomatı noyabrın 10-da – bazar günü qondarma “erməni soyqırımı”na həsr olunmuş Sisernakabert memorial kompleksini ziyarət etdi, bazar ertəsi – 11 noyabrda rəsmi görüşlər keçirdi: baş nazir Nikol Paşinyan, prezident Armen Sarkisyan, xarici işlər naziri Zoqrab Mnatsakanyan və s. Mediaya sızan məlumatlardan bəlli olur ki, Lavrov erməni rəsmilərlə ikitərəfli münasibətləri, anti-Rusiya missiyası daşıdığı deyilən Amerikanın biolaboratoriyalarına rusların girişinin təmin edilməsini və inqilabdan sonra Moskvanın Ermənistandakı təsir imkanlarına, xüsusilə rus kapitalına qarşı elan olunmuş “müharibə”ni müzakirə edib. Mnatsakanyanla Lavrov 2020-2021-ci illəri əhatə edən “konsultasiya planı” haqda memorandum imzaladılar. Lakin rusların Pentaqona məxsus biolaboratoriyalara girişi məsələsində müzakirələr ilin sonuna saxlanıldı. İrəvan səfərinin Ermənistan nöqteyi-nəzərindən ümumi mənzərəsi belə görünür: ruslar Paşinyana bölgədə kimin “hakim” olduğunu çatdırırlar.

“Erməni inqilabı”ndan sonra İrəvana ilk rəsmi səfərinin yelkənini Qərbə tərəf çevirən Ermənistanı “başa salmaq” xarakteri daşıdığı açıq görünür. Hər halda Lavrov II Dünya müharibəsində faşizm üzərində qələbəyə həsr olunmuş sərginin açılışı üçün nasizmi qəhrəmanlaşdıran Ermənistana qədər ayaq döyməzdi. Hərçənd, bu detal da səfərdə ayrı bir ştrix təşkil edir. Görünür, Azərbaycan lideri İlham Əliyevin Aşqabadda Ermənistanın faşizmi qəhrəmanlaşdırmasını gündəmə gətirməsindən sonra masada cavab tapa bilməyən Paşinyan Rusiya ilə gərgin münasibətlərin tarix üzündən daha da pisləşməməsi üçün belə bir sərgi təşkil edib. Mnatsakanyanın mətbuat konfransında Moskvanı hiddətləndirən “tarixin təhrifi”nin İrəvanı da hiddətləndirdiyinə işarə vurması, “9 May – bizim ümumi bayramımızdır, Böyük Vətən Müharibəsində qazanılan qələbə keçmiş SSRİ-nin və anti-Hitler koalisiyasına daxil olan bütün ölkələrin xalqlarının qələbəsidir, buna görə də bizim üçün müharibə haqqında həqiqəti təhrif etmək cəhdləri yolverilməzdir” boşboğazlığı da buna hesablanmışdı. Rusiya da məhz regionda klassik balans siyasətinə uyğun olaraq timsalında bu sərgiyə qatılıb.

Lakin yenə ana suala qayıdaq: “Dağlıq Qarabağ xalqının icazəsi olmadan heç bir razılaşmanı rəsmiləşdirmək olmaz” sözlərini necə oxumalıyıq?

Minsk qrupunun həmsədri olan Rusiyanın Dağlıq Qarabağa regional strategiyası olaraq baxdığı məlumdur. Rusların irəli sürdükləri bütün həll variantlarında da Qarabağa öz sülhrəmlılarının yerləşdirilməsi ana hədəf olub. Bu, qeyri-rəsmi, yəni de-fakto belədir və ruslar üçün münaqişənin bu planlarından kənar həlli qəbuledilməzdir. Sarkisyanın devrilməsinə qədər Ermənistanda qılıncı kəskin olan Rusiyanın bu planına da təhlükə az idi. Paşinyanın inqilabından sonra əli güclənən ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həllində də təşəbbüsü ələ almaq imkanları gücləndi və “rus planı”na təhlükə artdı. İrəvanı ələ keçirən Nikol “Qarabağ klanı”nın, yəni Rusiyaya yaxın olan keçmiş komandanın son qalasını – işğal altındakı Xankəndində separatçı rejimi ələ almaq istiqamətində açıq addımlara başladı. Artıq 2020-ci ildə separatçı rejimdə keçirilən “seçkilərdə” hazırkı “rəhbər” və “Qarabağ klanı”nın “son mogikanı” olan Bako Saakyanın namizədliyinin önü kəsilib və onu separatçıların “xarici işlər naziri” Masis Mailyanın əvəzləyəcəyi gözlənilir. Mailyan Nikolun Qarabağdakı “əsas adamı” sayılır, vaxtilə Soros Fondu, eləcə də İsveçrə və İngiltərə fondlarının əsas qrant layihələrinin icarçısı olub.

Mailyanın separatçı rejimin “rəhbəri” olması “Qarabağ klanı”nın (həm də rusların) Ermənistanın siyasi sferasında son qalasının da Paşinyana (həm də Qərbə) keçməsi, münaqişənin nizama salınması prosesində ABŞ-ın əlinin güclənməsi və Qarabağda “rus planı”nın perspektivinin sıradan çıxarılması deməkdir. ABŞ hazırda Cənubi Qafqazdan nə qədər “uzaq” görünsə də, Vaşinqtonun belə planlarının mövcud olduğu məlumdur və keçmiş təhlükəsizlik müşaviri Con Boltonun regiona səfərində açıq şəkildə gündəmə gətirilmişdi.

Bu baxımdan, “Dağlıq Qarabağ xalqının icazəsi olmadan heç bir razılaşmanı rəsmiləşdirmək olmaz” sözləri ilk növbədə Ermənistana – Nikol Paşinyana, dolayısı ilə ABŞ-a ünvanlanıb və açmasının “münaqişə Rusiyanın istəyindən kənar həll oluna bilməz” deməkdir. Bəyanatın ikinci cümləsində “Ermənistan sadəcə bunu imzalamayacaq” sözləri də bu xəbərdarlığın nöqtəsidir.

Oktyabrın 29-da ABŞ Nümayəndələr Palatası qondarma “erməni soyqırımı”nı tanıdı, bir gün sonra – 30 oktyabrda M.Mailyan Konqresdə qondarma “DQR”-in “müstəqilliyi”nə həsr olunmuş tədbirdə iştirak etdi. Rəsmi Bakı bununla bağlı Vaşinqtona nota verib.

Noyabrın 3-də, Vaşinqton səfərindən 4 gün sonra Mailyan Moskvaya getdi və orada da “mədəni tədbirlər”də iştirak etdi. Rəsmi Bakı bununla bağlı Moskvaya nota verib.

Bundan bir həftə sonra Lavrov İrəvana gəldi və məlum bəyanatı verdi.


Görünür, Moskva separatçı rejimin növbəti mümkün “rəhbəri”ndən qane olmayıb və Lavrov Ermənistana gələrək, Paşinyan hakimiyyətinə birbaşa xəbərdarlıq etməyə ehtiyac duyub.

Belə mənzərə, Moskva-İrəvan xəttində gərginliyin göründüyündən daha artıq olduğunu göstərir və pərdəarxasındakı toqquşma Bakının regionda manevr imkanlarını genişləndirir.

HAŞİYƏ: Lavrovun İrəvana məhz indi – Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Vaşinqtona səfərindən (13 noyabr) öncə gəlməsi, Suriyada yaşananlar və Vaşinqtonun Türkiyəyə qarşı qondarma “erməni soyqırımı” üzərindən hücuma keçməsi, bunun davamı olaraq, sanksiyaların tətbiqini gündəmə gətirməsi və Ankaranın hərbi əməliyyatlarına ara verməsi fonunda Rusiyanın da okeanın o tayında mümkün razılaşmalara qarşı öz növbəsində “erməni kartı”nı oynadığına ayrı istiqamətdə baxmaq lazımdır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.