TRAMPIN ƏRDOĞANA YENİ MƏKTUBU:eyni təklif və şərtlər, amma fərqli yazı üslubu...

12-11-2019, 10:12   

Raqib Soylu

“Middle East Eye”, 11.11.2019

 

ABŞ prezidenti Donald Tramp keçən həftə bir məktubla türkiyəli vəzifədaşı Rəcəb Tayyib Ərdoğanı “S-400” raket hücumundan müdafiə sistemlərinin alınması ilə əlaqədar olaraq Türkiyəyə qarşı yaxın vaxtlarda sanksiya tətbiq etməli olacağı xəbərdarlığı edib.

“MEE”-nin qaynaqlarına görə, Tramp bildirib ki, “S-400” sistemlərini aktivləşdirməməyə razılıq və Rusiya silah sistemlərini satın almamağa qərar verərsə, ABŞ Türkiyəni yeni nəsil “F-35” qırıcı təyyarəsi üçün ortaq proqrama yenidən qəbul edilə bilər.

Ərdoğanın noyabrın 13-də Vaşinqtonda Trampla görüşəcək. Türkiyənin “S-400” sazişi əsas müzakirə mövzusu olacaq. NATO-nun iki müttəfiqi Suriyanın şimalına təcavüz də daxil olmaqla, bir sıra məsələlərdə zidd baxışlara malik olsa da, son məktub bu həftə iki lider arasındakı ciddi müzakirələrin əsasını qoymağı hədəfləyir.

Keçən ay göndərilən və Suriyanın şimalındakı əməliyyatla əlaqədar Türkiyəni ağır sanksiyalarla hədələyən, qeyri-rəsmi üslubuna görə “uşaq hərəkəti” kimi qəbul edilən Trampın əvvəlki məktubu qəzəbə səbəb olmuşdu.

“Gəlin yaxşı bir iş görək!.. Çətin adam olmayın! Axmaq olmayın!”, – deyə Tramp yazmışdı.

Türkiyə rəsmiləri “MEE”-yə məktubun zibil qutusuna atıldığını söyləyib. Amma son məktubunda Tramp dövlət protokoluna uyğun diplomatik dildən istifadə edib.

Konqresin təzyiqi altında olan Ağ Ev səbrini itirmiş kimi görünür və həqiqətən də, Türkiyəyə sanksiya tətbiq etməklə və ya şərtlərini qəbul etdirmək üçün sanksiya təhdidindən istifadə edərək, “S-400” mübahisəsinə son qoymaq istəyir.

Keçən bazar ertəsi Ərdoğanın baş köməkçisi İbrahim Kalına göndərilən məktubda Tramp cəza tətbiq etmədən problemin həllinin konkret yolunu təklif edib: Türkiyə “S-400” sistemlərini aktivləşdirməməli, ABŞ rəsmilərinə sistemin vəziyyətini mütəmadi yoxlamaları üçün icazə verməlidir. Üstəlik Ankara Rusiya silahlarını bundan sonra da almayacağına dair öhdəlik götürməlidir.

 

100 milyard dollarlıq ticarət sövdələşməsi

Ərdoğan şərtləri qəbul edərsə, Tramp da Türkiyənin “F-35” proqramında iştirakını bərpa etməyi və 100 milyard dollarlıq ikitərəfli ticarət sazişini hazırlamağı öhdəsinə götürür.

Məktubda qeyd olunmasa da, Tramp bir neçə dəfə Türkiyənin ərazilərini qorumaq üçün ABŞ istehsalı olan “Patriot” raket sistemlərini satın almalı olduğunu açıq şəkildə söyləyib.

Keçən həftə jurnalistlərə açıqlamasında Ərdoğan yenə də “Patriot”la maraqlandığını bildirib.

Trampın “S-400”-lərlə bağlı tələbi ABŞ Konqresinin 2017-ci ilin CAATSA adlandırdığı və ya “Sanksiyalar vasitəsi ilə Amerikan Düşmənlərinə Qarşı Mübarizə Qanunu”na görə, Rusiya hərbi sənayesi ilə əməliyyatlar aparan ölkələrə sanksiya vermə səlahiyyətinin verilməsindən irəli gəlir.

Türkiyə Moskva ilə müqaviləni sanksiya qanununun qəbulundan əvvəl bağlasa da, ABŞ diplomatları onun sanksiya altına düşdüyünü söyləyirlər.

Türkiyə yay boyu “S-400” raket sistemlərinin ilk və ikinci partiyasını alıb. Pentaqon “S-400”-lərin reaktiv təyyarənin vacib texnologiyasını oğurlamaq üçün istifadə edilə biləcəyini söyləyərək, iyul ayında Türkiyəni “F-35” proqramından kənarlaşdırıb.

Türkiyə proqrama qayıtsa, ABŞ-dan təxminən 120 təyyarə ala bilər. Proqram müddətində türk şirkətlərinə 9 milyard dollar gəlir gətirəcək reaktiv hissələri istehsal etmə davam edə bilər.

 

Ərdoğan razı deyil

Ancaq Trampın məktubu, görünür, Ərdoğanı inandırmayıb.

Ərdoğan məktubla cavab verərək Trampa Türkiyənin “S-400” məsələsini ön şərtlərlə müzakirə etməyəcəyini söyləyib.

O, problemi həll etmək üçün ortaq bir komitə yaratmaq tələbini təkrarlayıb, “S-400” və “F-35”-lərin Türkiyənin müdafiə quruluşu içərisində uyğunluğu mübahisəsini davam etdirib.

Türkiyə rəhbərliyi hələ də Ərdoğanın Ağ Evdə ikitərəfli nahar və genişləndirilmiş ikitərəfli görüşü zamanı Trampı böhrana alternativ həll tapmağa inandıra biləcəyini düşünür.

Trampın yeni milli təhlükəsizlik müşaviri Robert O’Brayen ABŞ-ın Türkiyəni NATO daxilində saxlamaq üçün “ən yaxşı işi” edəcəyini söyləyib.

“CBS”-yə verdiyi müsahibədə Trampın Türkiyəyə qarşı sanksiyalara veto qoyub-qoymayacağına dair suallara cavabında O’Brayen deyib: “Nə olacağını gözləməliyik. Əgər “S-400”-dən qurtulmazsa, Türkiyə bu sanksiyaların təsirini hiss edəcək. NATO-da “S-400” və digər Rusiya alışları üçün yer yoxdur. Bu, prezidentin Vaşinqtonda olarkən ona çox açıq şəkildə çatdıracağı mesajdır”.

Tərcümə: Strateq.az

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.