ABŞ prezidentliyinə keçmiş namizəd Hillari Klinton Britaniya baş naziri Boris Consonu sərt tənqid edib. Klintonu narazı salan Britaniya hökumətinin Rusiya ilə bağlı hesabatın dərcindən imtina etməsidir. Söhbət, Rusiyanın Britaniyanın daxili siyasətinə mümkün müdaxiləsindən bəhs edən hesabatdan gedir. Conson sənədi yaymaqdan imtina etmədiklərini, sadəcə bunu indiyə yox, dekabrın 12-də keçiriləcək erkən seçkilərdən sonraya planlaşdırdıqlarını deyib.
Cavabdan hiddətlənən Klinton Britaniya hökumətinin bu yanaşmasını anlaşılmaz və utancverici adlandırıb: “Sadəcə rüsvayçılıqdır. Hər bir seçicinin haqqıdır ki, səsvermədə iştirak etməzdən əvvəl hesabatla tanış olsun”.
Tənqidçilər hesab edirlər ki, baş nazir bu addımı ilə seçicilərdən hansısa məlumatları gizlətməyə çalışır. Ehtimal olunur ki, hesabatda “Rusiya Britaniyanın Avropa Birliyindən çıxmasına və 2017-ci ildəki seçkilərə müdaxilə edə bilərdimi” kimi, suallara aydınlıq gətirilib.
Hələlik məlum olan odur ki, baş nazir Boris Conson razılıq vermədən hesabat ictimailəşməyəcək.
“Bu cür halları öz ölkəmizdən bilirik və heç bir şübhəmiz yoxdur. İndi bunu Avropada da görürük. Rusiya demokratik Qərb dövlətlərinin siyasətinə təsir etməkdə çox maraqlıdır. Əlbəttə ki, bunu bizim xeyrimiz üçün yox, öz xeyri üçün edir”, – Klinton deyib.
Hillari Klintonun sözlərinə görə, ABŞ 2016-cı ilin preziden seçkisində oxşar problemlə üzləşmişdi. Xanım Klinton məhz həmin seçkidə rəqibinə – respublikaçı namizəd Donald Trampa məğlub olmuşdu. Seçki kampaniyası zamanı isə Rusiya dəfələrlə seçki prosesinə müdaxilədə ittiham olunmuşdu.
Keçmiş prezident Barak Obama açıq şəkildə bildirmişdi ki, 2016-cı ildə Demokrat Partiyasının serverlərinə və Klintonun qərargah işçilərindən birinin elektron poçtuna haker hücumunun arxasında şəxsən Rusiya prezidenti Vladimir Putin dayana bilər.
Haker hücumu nəticəsində oğurlanan yazışmalar “WikiLeaks” saytına köçürülərək yayımlandı ki, bu da seçki kampaniyasına ciddi zərbə oldu.
Trampın seçkidə qələbə qazanmaq şansını artırmaq üçün Rusiyanın ABŞ-dakı son prezident seçkilərinə müdaxilə etdiyi sonradan Amerika xüsusi xidmət orqanları tərəfindən bəyan olunmuşdu. 2017-ci ilin yayında isə xüsusi prokuror Robert Muller respublikaçı namizəd qrupunun Rusiya ilə mümkün əlaqələrini araşdırdı.
2019-cu ilin yayında – iki illik istintaqın ardından Müller belə nəticəyə gəldi ki, Rusiya seçkilərə müdaxilə edərək müəyyən bir namizədi dəstəkləməyə cəhd göstərsə də, bunu sübut edəcək yetərli dəlillər yoxdur.
Rusiya isə ABŞ-dakı seçkilərə müdaxilə ilə bağlı bütün ittihamları hər dəfə inkar edir. Tramp və komandasının Rusiya ilə şübhəli əlaqələrinə dair təhqiqat aparılsa da, amerikalı seçicilər seçkidən əvvəl bu barədə heç nə bilmirdilər.
Klintonun sözlərinə görə, Rusiya təbliğat vasitələrindən istifadə etməklə indiyədək ABŞ seçki sisteminin işinə təsir göstərir: “Rusiyanın ABŞ-dakı 2016-cı il seçkilərində rolunun olduğu şübhəsizdir. Üstəlik hələ də ABŞ siyasətinə təsir göstərməyə davam edirlər. İstəməzdim ki, eyni hal Britaniya ilə də bağlı baş versin”.
Klinton hesab edir ki, hesabat seçkiyə qədər mütləq dərc olunmalıdır: “Mən bu hesabatın məzmunu barədə hamı qədər məlumatlıyam. Lakin səsverməyə gedəcək insanlar mütləq onun məzmunundan xəbərdar olmalıdırlar. Hesabatın dərcinin təxirə salınması şübhə yaradır. Əgər orada heç nə yoxdursa, onun indi dərc olunmasında nə problem var?”.
Noyabrın əvvəlində məlum oldu ki, Britaniya parlamentinin kəşfiyyat və təhlükəsizlik komitəsi məlum hesabatı dekabrdakı erkən seçkilərdən əvvəl yayımlaya bilməyəcək. Çünki Boris Consonun rəhbərlik etdiyi hökumət hələ onun dərcini təsdiqləməyib.
Sənədin nə vaxt işıq üzü görəcəyi bəlli deyil. Lakin dərcin erkən seçkilərdən sonraya qaldığı dəqiqdir.
Boris Conson hesabatla 17 oktyabrda tanış olub. Ədliyyə və təhlükəsizlik haqqında qanuna uyğun olaraq, baş nazir bu sənəd barədə açıqlama verməzdən əvvəl orada təhlükəsizlik və kəşfiyyat orqanlarının işinə müdaxilə edəcək bir məlumatın olub-olmadığını qiymətləndirməlidir.
Ekspertlərin dediyinə görə, adətən bunun üçün 10 iş günü kifayət edir. Baş nazirin yaxın çevrəsindən bildiriblər ki, həssas məlumatların yer aldığı hesabatlar bir sıra inzibati mərhələlərdən keçməlidir və bu, adətən bir neçə həftə çəkir.
Britaniyanın maliyyə naziri Sacid Cavid bildirib ki, məzmunun həssas olduğu nəzərə alınarsa, hesabatın dərc olunma müddəti qəbul edilmiş standartlara uyğundur.
Britaniya kölgə kabinetinin xarici işlər naziri Emili Tornberri isə hesab edir ki, hesabatın 12 dekabr seçkisindən əvvəl dərc edilməsindən imtina qərarı açıq-aşkar siyasi motivlidir.
Ötən həftə İcmalar Palatasında çıxış edən Tornberri narazılığını açıq şəkildə dilə gətirib: “Görünür, hesabat Rusiyanın “Brexit”ə təsirləri ilə bağlı suallar yaradacaq, Mühafizəkarlar Partiyasının seçki kampaniyasına xələl gətirəcəkdi”.
Hökumətdəki bəzi mənbələr hesabatın seçkiyədək yayılmasına digər dövlət qurumlarının qarşı çıxmadığını, yekun qərarın baş nazir tərəfindən verildiyini bildiriblər.
Tərcümə Strateq.az-ındır