Qəbul imtahanında dəyişiklik olacaq? - DİM-dən AÇIQLAMA

14-11-2019, 15:58   


Qəbul imtahanında dəyişiklik olacaq? - DİM-dən AÇIQLAMA

“Ali məktəblərə qəbul imtahanlarında heç bir dəyişikliklər nəzərdə tutulmayıb”.

Bunu Cebhe.info-ya açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat katibi Xanlar Xanlarzadə qəbul imtahanlarına informatika fənninin əlavə olunması ilə bağlı məsələdən danışarkən deyib. 

O bildirib ki, hazırda qəbul imtahanlarında məzmun dəyişikliyi gündəmdə deyil:

“Dövlət İmtahan Mərkəzi tərəfindən elmi-metodiki seminarlar keçirilir. Hazırda bu seminarlar davam edir. Hər il sentyabr ayından etibarən həmin fənn üzrə ekspertlər, mütəxəssislər toplaşır və onlar imtahanın nəticələrini, eləcə də proqramı təhlil edirlər. İmtahanın məzmunu həmin elmi-metodiki seminarlarda formalaşır. Məzmun o seminarlarda formalaşdığı üçün hər kəsə açıqdır, iştirak edə, fikir və təklif səsləndirə bilərlər. Çünki qəbul imtahanlarında hər hansı dəyişiklik mütəxəssislərin, həmin sahənin ekspertlərinin iştirakı ilə qəbul oluna blər”.

Qeyd edək ki, Milli Məclisin deputatı Tahir Mirkişli və təhsil eksperti Kamran Əsədov qəbul imtahanlarına informatika fənninin əlavə olunması təklifi ilə çıxış ediblər.

Deputat qeyd edib ki, informatika fənninin I ixtisas qrupuna salınması müsbət nəticələr verə bilər: 

“Bu gün qəbul imtahanları Azərbaycanda təhsilin məzmununa kifayət qədər təsir edir, deməli, informatika fənninin I ixtisas üzrə qəbul imtahanı siyahısına daxil edilməsi məsələsinə baxıla bilər. Hesab edirəm ki, belə bir addım atılsa faydalı ola bilər. Məhz belə bir addımın atılması həm də bu fənnin tədris olunduğu zaman yeni-yeni məzmunların yaranmasına, bu fənnə qarşı tələbin yüksəlməsinə, şagirdlərin bu fənnə daha da məsuliyyətli yanaşaraq öyrənməsinə səbəb ola bilər”.

Kamran Əsədov isə hesab edir ki, dünyada “informasi müharibəsi” getdiyi bir anda qəbul imtahanlarına informatika fənninin əlavə olunması vacibdir: 

“Bu gün dünyada “informasiya müharibəsi” aparılır. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında da informatika sahəsinin rolu böyükdür. Düşünürdüm ki, I ixtisas qrupunda informatika fənninin qəbul planına salınması olduqca vacibdir”. 

Alçina Amilqızı
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.