"Çəkməçidən 5 manat, toya 10 minə gedən müğənnidən 30 manat vergi alırıq"
15-11-2019, 09:56
Deputatlar vergi sistemində olan problemləri qaldırıblar "Çəkməçidən 5 manat alırıq, bir toya 10 minə gedəndən 30 manat. Bu, nə dərəcədə ədalətli vergi qoymadır?" Bunu Milli Məclisdə Vergi Məcəlləsinə dəyişiklik edilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib. O vurğulayıb ki, müxtəlif sahələr üçün müəyyən edilən sabit sadələşdirilmiş vergi məbləğləri düzgün müəyyən edilməyib: "Videoçəkiliş edən şəxslər, fotoqraflar 30 manat sadələşdirilmiş vergi verir. Elə artistlər var, 10-14 min manata toya gedir, onlar üçün də 30 manat vergi müəyyənləşib. Bu, nə dərəcədə ədalətlidir? Hesab edirəm ki, qeyd etdiyim məsələlərə bir də baxmalıyıq". "Hamı bilir ki, həmin “tolkuçka"ları kim idarə edir" Qüdrət Həsənquliyev bildirib ki, vətəndaşların vergiyə inamını artırmaq üçün işə “tolkuçka"lardan başlamaq lazımdır. O qeyd edib ki bununla bağlı dəfələrlə parlıamentdə məsələ qaldırılıb. "Hamı bilir ki, həmin “tolkuçka"ları kim idarə edir, nə qədər vəsait vergidən yayındırılır, sahibkarlardan əlavə pul yığılır. Prezident dəfələrlə bildirib ki, sahibkarlar yalnız vergi ödəməlidirlər. İnsanlar görsələr ki, həmin yerlərdə vergi nizam-intizamı yaradılıb, sahibkarlar heç bir problemsiz öz vergilərini ödəyəcəklər”.Qüdrət Həsənquliyev Mənbə: Foto: Meydan tvDeputat nazirə müraciət etdi: "İnsanlar bunu görməyincə, heç bir səylər nəticə verməyəcək” Deputatın sözlərinə görə, Bakının mərkəzi hissələrindəki köşklərdə şüşələrin arxasında siqaretlər düzülüb ki, bu da “Reklam haqqında” qanunda tütün məmulatlarının qadağan edilməsi ilə bağlı müddəa ilə ziddiyyət təşkil edir. Dünyanın heç bir yerində siqaretin bu formada reklam olunmadığını deyən deputat İqtisadiyyat naziri Mikayıl Cabbarova müraciət edib: "Siz bunları aradan qaldırsanız, hər kəs görəcək ki, qanunlar hamı üçün eynidir. İnsanlar bunu görməyincə, heç bir səylər nəticə verməyəcək”. "İnsanların əksəriyyəti adi qaydada çalışaraq pul qazanmaq imkanından məhrum olurlar" Deputat Fazil Mustafa deyib ki, bu gün Azərbaycan cəmiyyətinin nə siyasi, nə də başqa sahəvi problemləri var: “İnsanların əsas iqtisadi sahəli problemi var. İnsanların əksəriyyəti adi qaydada çalışaraq pul qazanmaq imkanından məhrum olurlar. Ona görə də dövlətə vergi də ödəmirlər, siyasiləşməyə üz tuturlar. Çünki öz sahəsində məşğulluq əldə etmirlər. Hesab edirəm ki, vergi siyasətində bu istiqamət əsas götürülməlidir. Bir misal çəkim ki, bu gün ölkədə fəaliyyət göstərən taksi sürücüləri hansısa sahənin mütəxəssisləridir. Amma iş tapa bilmədiyinə görə, bu işlə məşğul olmağa məcbur olurlar”. "Sahibkarın hüququnu qoruyacaq məhkəmə sisteminə ehtiyac var" Deputat sahibkarlar üçün nəzərdə tutulan bank faizlərinin aşağı salınmasının vacib olduğunu deyib: "Bəzi sahibkarların əlində torpaq var və müəyyən çətinliklər içərisində buna görə icarə haqqı ödəyirlər, amma orada istehsal müəssisəsi yaratmaq üçün aşağı faizli kredit almaq istəsə də, verilmir. Sonradan onun hüququnu qoruyacaq məhkəmə sisteminə ehtiyac var, lakin bunu da əldə edə bilmir. Belə olan halda iqtisadiyyat necə inkişaf edəcək? Vergi siyasəti də bununla bağlıdır ki, vətəndaş qazanmalıdır ki, dövlətə vergi ödəsin”.Fazil Mustafa Mənbə: Foto: Meydan tvDeputat əlavə edib ki, Azərbaycanda məhkəmə islahatı ciddi şəkildə aparılmalıdır: "Bu sahə ilə bağlı iki ay ərzində təkliflər verilməsi tapşırılsa da, 7 ay keçməsinə baxmayaraq, hələ də təkliflərdən xəbər yoxdur. Bu, o deməkdir ki, islahatların ləngidilməsi istiqamətində də müəyyən mesajlar verilir”. Spiker: “Məhkəmə hüquq sistemində islahatlar haqqında” Qanun layihəsi müzakirəyə çıxarılacaq Milli Məclisin sədri Oqtay Əsədov Fazil Mustafanın məhkəmə islahatı ilə bağlı təkliflərin gecikməsinə dair səsləndirdiyi fikirlərə münasibət bildirərək deyib ki, “Məhkəmə hüquq sistemində islahatlar haqqında” qanun layihəsi Milli Məclisə daxil olub. Spikerin sözlərinə görə, layihəyə komitələrdə baxılır və büdcə müzakirələrindən sonra plenar iclasda müzakirəyə çıxarılacaq.