Almaniyadan Azərbaycana çarter reysi ilə 61 Azərbaycan Respublikası vətəndaşının readmissiyası (geri qaytarılması) həyata keçirilib, Azərbaycan Dövlət Miqrasiya Xidməti məlumat yayıb.
Qurum bildirir ki, ölkəyə geri qaytarılmış şəxslərdən "22-si kişi, 18-i qadın, 21-i uşaqlardır".
Readmissiya Azərbaycan Respublikası ilə Avropa İttifaqı (Aİ) arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında" Sazişin icrası çərçivəsində həyata keçirilib.
Geri qaytarılmış Azərbaycan vətəndaşları Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən qarşılanıb.
Çərşənbə günü Almaniya polisi miqrant qaçaqmalçılığı və qeyri-qanuni əmək qüvvələri ilə bağlı keçirdiyi reyddə həm də 8 azərbaycanlını saxlayıb. Saxlananlar arasında Almaniyada fəaliyyət göstərən "Legat" İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev də olub.
Azərbaycan Xarici İşlər Nazirliyi BBC News Azərbaycancaya məsələdən xəbərdar olduğunu və çərşənbə günü Almaniyada saxlanan şəxslər və onların saxlanmasının səbəbləri ilə bağlı qurum tərəfindən araşdırma aparıldığını bildirib.