Azərbaycanlı milyarderlər: Pul və şöhrətləri çox, elə dərdləri də...

15-11-2019, 15:44   


Azərbaycanlı milyarderlər: Pul və şöhrətləri çox, elə dərdləri də...

Son 5 ildə dünyada sərvətinin həcmi 1 milyard dollara çatan şəxslərin sayı 589 nəfər artıb. 

UBS Billionaire Insights (UBS) apardığı araşdırma nəticəsinə əsasən bildirib ki, ötən il bir çox varlı şəxslərin bank hesablarına ciddi zərbə dəyməsinə baxmayaraq, onların sayı durmadan artır. 

“UBS Billionaire Insights 2019” illik hesabatına görə, hazırda dünyada 2101 milyarder var. Bu, beş il əvvəllə müqayisədə 589 nəfər və ya 38.9 faiz artım deməkdir. 

Hesabat 2013-2018 illəri əhatə edir. Qeyd edilən beş il ərzində milyarderlərin məcmu sərvəti 34.5 faiz artaraq 8.5 trilyon dollara çatıb.

Məlumdur ki, dünyadakı varlılar siyahısında azərbaycanlı milyarderlərin də adı var. Cebhe.info azərbaycanlı milyarderlərin bu pilləyə çatanadək keçdikləri həyat yolunu araşdırıb.

Araz Ağalarov.

1955-ci il noyabrın 8-də Bakıda anadan olub. 1977-1982-ci illərdə indiki  Azərbaycan Politexnik İnstitutunda təhsil alıb.Daha sonra Moskvaya gedərək aspirantura təhsili alıb. 1988-ci ildə kooperativ hərəkatı başlayanda kiçik müəssisə yaradaraq sərgi fəaliyyəti ilə məşğul olub. 1990-cı ildə ilk dəfə Rusiyada ABŞ-dan olan tərəfdaşları ilə “Comtech” adlanan kompüter texnologiyaları sərgisi təşkil edib. Bir neçə il sonra bu sərgi dünyada 3-cü yeri tutub. Onun sərgisi Rusiyada beynəlxalq sərgilər üzrə yeganə böyük operatora çevrilib. Ağalarov tədricən fərqli yerlərdə mağazalar açıb. Bunlardan biri 1991-ci ildə açdığı ayaqqabı mağazasıdır. 1992-ci ildə isə Rusiyada ilk hipermarket tikdirib. Bildirək ki, bu hipermarketdə eyni vaxtda 400 min adda mal satılır.  Ağalarov  müsahibələrinin birində bildirib ki, o zaman Amerikaya tez-tez səfər etdib və səfərləri zamanı  oradakı böyük alış-veriş mərkəzləri diqqətini çəkib. Bundan sonra o, bütün mağazalarını bir araya toplayaraq Moskvada ticarət mərkəzi açmağı qərarlaşdırıb. Nəticədə isə 2000-ci ildə “Crocus City” şəhərciyini yaradıb. Bu, son onilliyin ən maraqlı layihəsi hesab edilir. Araz Ağalarov 2012-ci ildə “Forbes” jurnalının Rusiyanın “daşınmaz əmlak kralları”na dair hazırladığı reytinqdə ikinci yerə çıxıb.

Mübariz Mənsimov.

1968-ci il martın 22-i Bakıda doğulub, Mənsimovlar ailəsi isə əslən Masallının Miyanku kəndindəndir. Mübariz Mənsimov 9 uşaqlı aztəminatlı bir ailədə böyüyüb.  Bakıda C.Naxçıvanski adına hərbi məktəbə daxil olub, bundan sonra isə Rostov İqtisadiyyat Universitetində ali təhsil alıb. Sovet daxili kəşfiyyatında müxtəlif vəzifələrdə çalışıb.1985-ci ildə Şərqi Almaniyaya göndərilib. 1989-cu ildə erməni generalla mübahisə etdiyinə görə əsgərlik həyatı sona çatıb. Mənsimov mətbuata açıqlamasında  vurğulayıb ki, şirkətində hətta üçüncü nəsil erməninin çalışdığını bilsə, onu dərhal qovar. Əsgərlikdən gəldikdən sonra aşpazlıqla məşğul olub, daha sonra  isə 3 dostu ilə 150 tonluq balıqçı gəmisi kirayə götürüb. Lakin təbii ki, milyarder olmasındakı əsas faktor bu olmayıb. Həmin dövrdə Rüsiyadakı özəlləşdirmədən istifadə edən Mənsimov satışa çıxarılan gəmilərdən alır. Lakin bu gəmilərin çox da ürəkaçan vəziyyətdə olduğunu demək çətindir. Mübariz Mənsimov heç kimin almaq istəmədiyi gəmiləri alır. Rusiyadan gəmi alaraq onu İstanbula gətirib. 1994-cü ildə “Agent-34” gəmi agentliyini alıb. 1998-ci ildə isə “Palmali” Şirkətlər qrupunu yaradıb. Bir müddət sonra Mənsimov öz donanmasını yaradıb və bu donanmaya görə ilk 5 şirkətdən biri olub. 2008-ci ildə “Palmali” gəmiləri ilə 110 milyon ton neft daşınıb. "Palmali" Şirkətlər Qrupunun dənizçilik şirkəti hazırda 1,5 milyard dollaradək varidata malikdir. “Palmali” şirkətlər qrupu özündə 48 şirkəti birləşdirir. Hazırda Mənsimov həm “Palmali” şirkətlərin qrupunun, həm də “Xəzər-Lənkəran” futbol klubunun sahibi olub. Onun maliyyə məsələləri ilə bağlı problemlərinin olduğu bildirilsə də, özü bu xəbərləri təkzib edib.

Fərhad Əhmədov.

15 sentyabr 1955-ci ildə Göyçayda anadan olub. Atası Teymur Əhmədov uzun müddət yüksək vəzifədə çalışıb. Lakin karyerasının zirvəsində olarkən iqtisadi cinayət ittihamı ilə həbs edilib. Məhkəmə onun güllələnməsinə qərar verib və təəssüf ki, hökm icra edilib. Atasının ölümündən sonra Fərhad məktəbi atıb və Moskvaya  üz tutub. Burada qaynaqçı-montajçı ixtisasını bitirib. 1975-77-ci illərdə hərbi xidmətdə olub. Daha sonra Skryabin adına Baytarlıq Akademiyasında əmtəə və əmtəəşünaslıq ixtisası üzrə təhsil alıb. Sonda isə Ali İqtisadiyyat Məktəbini bitirib. Akademiya dövründə  müxtəlif şirkətlərlə əlaqə qurub. 1986-cı ildə Londona səfər edir və xəz alveri ilə məşğul olub. 1987-ci ildə neft-qaz sahəsində işə başlayıb. 1989-cu ildə Beynəlxalq Neft Konsorsiumunun yaradımasında iştirak edib. 1993-cü ildə “Nortqaz” şirkətinin üzvü olub. 2004-cü ildə isə bu şirkətin prezidenti vəzifəsindən istefa verib. Rusiya parlamentinin milyarder deputatları arasında 1,4 milyard dollar gəlirlə 7-ci yerdə dayanıb.

Telman İsmayılov.

1956-cı il oktyabrın 26-ı Göyçay rayonunda anadan olub. O, ilk olaraq “Narxoz” kimi tanınan Xalq Təsərrüfatı İnstitutunda təhsil alıb, daha sonra isə təhsilini Moskvada Plexanov adına Moskva Xalq Təsərrüfatı İnstitutunda davam etdirib. Bunun ardınca Ticarət Nazirliyində kiçik inspektor vəzifəsində çalışıb. Bir qədər sonra isə “Vostokintorq”un aparıcı ekspert titulunu qazanıb. Moskvadakı qanlı 1993-cü il hadisələri Telman İsmayılov  üçün əsl dönüş nöqtəsinə çevrilib. Belə ki, Yuri Lujkov o vaxt Rusiya Baş Ordu Qərargahını “suiqəsdçilərlə əlaqə” ittihamı ilə cəzalandırmaq istəyərkən fikrini dəyişib sovet ordusunun bütün mal-mülkünü, restoranlarını, hərbi dükanlarını Telman İsmayılova verib. Həmin dövrdə məşhur  “Praqa” restoranı da Telman İsmayılovun ixtiyarına keçib. Bununla yanaşı, çox sayda dükanlar da onun ixtiyarında olub. Əldə etdiyi gəlir nəticəsində Telman İsmayılov “Çerkizov bazarı”nı açaraq Bakının valyuta bazarına nəzarəti əlinə alıb. 2009-cu ildə Telman İsmayılov tərəfindən Türkiyənin Antalya şəhərində beşulduzlu "Mardan Palace" adlı hotel inşa olunub. Hotelin tikintisi 1,4 milyard dollara başa gəlib. Sərvətinin 3 milyard dollar olduğu təxmin edilsə də, müflis elan olunub və Rusiyadan qaçıb 

Səyad Həsənli
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.