Kirayədə qalanlar MÜTLƏQ OXUSUN – Bakıda mənzil sahibi ola bilərsiniz

15-11-2019, 17:30   

İpoteka və Kredit Zəmanət Fondu tərəfindən kirayə mənzillərlə bağlı müraciətlərin qəbuluna gələn ildən başlanıla bilər.

Artıq bununla bağlı qaydalar hazırlanıb. Hazırda fond tərəfindən mənzillərin alınması prosesi gedir.

Maraqlıdır, satışa çıxarılacaq mənzillər hansı ərazilərdə olacaq?

Bununla bağlı Redaktor.az-a açıqlama verən iqtisadçı ekspert Rəşad Həsənov bildirib ki, İpoteka və Kredit  Zəmanət Fondu özünün seçimi əsasında mənzilləri alır:

“Bu mexanizm yaradılanda mənzillərin vətəndaşlar tərəfindən seçilməsi təklif olundu. Mənzil seçiləndən sonra İpoteka və Kredit Zəmanət Fonduna təqdim olunmalı, fond mənzilləri aldıqdan sonra isə özünün müəyyən etdiyi şərtlər daxilində vətəndaşlara satmaq şərtilə kirayə verməli idi. Bu, daha məqbul mexanizm hesab olunurdu. Çünki insanların seçim etmək imkanları geniş olacaqdı. Eyni zamanda, onların mənzil probleminin həllinə uyğun şərtlərin müəyyənləşməsi üçün əlverişli mühit yaranacaqdı. İndiki halda görünən odur ki, İpoteka və Kredit  Zəmanət Fondu özünün seçimi əsasında mənzilləri alır. Burada təkcə mənzillərin alışı deyil, eyni zamanda ipoteka üzə öhdəliklərin yerinə yetirilməməsi halında balansda toplanan mənzillərin satışa çıxarılması müvafiq şərtlərlə nəzərdə tutulub. Pis tərəf ondan ibarətdir ki, bu zaman bir neçə nöqsanlı vəziyyət yaranacaq.

Neqativ hallar var

Birincisi, təşkil olunan mənzillərin vətəndaşların tələbatına uyğunluğu məsələsində seçim imkanı məhdud olacaq və uyğunluq məsələsi nisbətən daha zəif təmin ediləcək. İkincisi, burada müəyyən neqativ hallar da müşahidə olunacaq. Hazırda Bakıda kifayət qədər çoxlu tikintilər var. Bu tikintilərin müəyyən qismi hələ də satıla bilmir. Ola bilsin ki, hansısa qeyri-rəsmi sövdələşmələr fonunda, razılıq əsasında İpoteka və Kredit Zəmanət Fondunun vəsaitləri bu tikintilərə yönəlsin və burada korrupsiya mexanizmi yaransın. Ona görə də, bu mexanizm nöqsanlı hesab olunur.

Mənzillər şəhərətrafı hissələri əhatə edəcək

Hansı əraziləri əhatə edəcəyini demək çətindir. Faktiki olaraq qurumun mənzilləri hansı standartlarla, hansı ərazilərdən alacağı müəyyənləşdirilməyib. Nəzərə alsaq ki, burada ayrılan vəsaitlərin həcmi böyük olmayacaq. Müəyyən limitlərlə əhatə olunacaq. Bu, onu deməyə əsas verir ki, təşkil olunan mənzillər şəhərətrafı hissələri əhatə edəcək. Təqdim olunacaq vəsaitlə yalnız şəhərin kənarında mənzil almaq olar. Əks halda burada böyük həcmdə ödənişlər müəyyənləşdirilə bilər ki, bu da indiki şərtlər daxilində Azərbaycan vətəndaşlarının, xüsusən də aztəminatlı ailələrin maliyyə imkanların uyğun deyil”.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.