Avtomobil qəzasından sonra müalicə üçün Türkiyəyə aparılan hüquq müdafiəçisi Oqtay Gülalıyevin durumu ağırdır.
Bu barədə məlumatı Cebhe.info-ya Oqtay Gülalıyevin oğlu Təbriz Gülalıyev verib. Atasının son durumundan danışan oğlu deyib ki, ailə hüquq müdafiəçisini müalicəsini davam etdirməsi üçün Amerika, Avropa və ya İsrailə aparmağa qərar verib: “Atam heç yaxşı deyil. Hələ koma vəziyyətindədir. Onun sağalması üçün mütləq Avropa ölkələrindən birinə, Amerikaya və ya İsrailə aparılması lazımdır. Çarəsiz halda gözləyirik”.
Qeyd edək ki, Oqtay Gülalıyev noyabrın 6-da Bakıdan AZAL-ın xüsusi ambulans təyyarəsi ilə Türkiyəyə aparılıb və Avrasiya Xəstəxanasına yerləşdirilib. Hüquq müdafiəçisi oktyabrın 29-da avtomobil vurması nəticəsində ağır kəllə-beyin travması alıb. Həkimlər beyinə qansızma diaqnozu qoyublar. Oktyabrın 30-da beyindən gematomanın çıxarılması üzrə əməliyyat olunub. Həkimlərin proqnozlarına görə, nəticə müsbət olsa, bir neçə həftə sonra hüquq müdafiəçisi komadan çıxa bilər və bundan sonra aylarla reabilitasiya kursu keçməlidir. Noyabrın 5-də birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu hüquq müdafiəçisinin müalicəsi ilə bağlı məsələlərin həllini öz üzərinə götürüb.
Alçina Amilqızı
Cebhe.info