Dəhşətli qəzaların, səs-küylü qətl işlərinin, ölkə gündəmini zəbt edən şəhvət dolu eyş-işrət məclislərinin "qəhrəman”ları sırasında ilk yerlərdə deputat-məmur övladları qərarlaşıb. Deputat Elmira Axundovanın oğlu Həbib Axundovun da adı illərdir ki, mətbuatın gündəmindən düşmür. Deyəsən, Həbib Axundov heç özü də səs-küydən kənar qalmaq fikrində deyil. Adı 8 milyon manatlıq fırıldaqda hallanması ilə mətbuat səhifələrinə daşınan Həbib Axundov hələ də ictimaiyyəti qıcıqlandıran hərəkətlər etməkdə davam edir.
Ötən ilin yayında Həbib Axundovun həyatından bəhs edən "Azərbaycanda deputat oğlu necə yaşayır?” sərlöhvəli 2 dəqiqə 53 saniyəlik videomaterialdan sonra deputat oğlunun bir daha ortaya çıxmayacağını düşünənləri o, məyus etməyi bacarıb. Bu dəfə 50 min dolları yanındakı zərif cins nümayəndəsinin əlinə verməklə foto çəkdirməsi ilə gündəmə gəlib.
Həbib Axundovun eyş-işrətlə keçən həyatını əks etdirən fotolar sosial şəbəkələrdə yayılıb. Belə aydın olur ki, Həbib Axundov bahalı maşınlar, yaxtalar, şərab, erotik filmlər həvəskarıdır, ətrafında olan zərif cins nümayəndələrinə pul səpələmək kimi şakəri də var. Pulların mənbəyi haqda konkret məlumatlar yoxdur, amma 8 milyonluq dələduzluq işi də ortalıqdadır.
Yayılan fotolardan aydın olur ki, Həbib Axundov yanındakı zərif cins nümayəndəsinə nə az, nə çox, düz 50 min dollar verib. Və bu foto tablonu model xanım sosial şəbəkələrdəki profili üzərindən paylaşmaqdan da çəkinmir. Səbəbi də ortadadır. Qarşı tərəfin anası deputatdır. Ara-sıra danışır, xalqın uşağını çayxanalardan uzaq gəzməyə çağırır. Bircə dəfə belə çağırışı övladı ilə bağlı etməsi zərurəti də ortadadır…
Yayılan fotolarda Həbib Axundovun erotik filmlərə tamaşa etməsi səhnələri, foto çəkərkən dilini çölə çıxarıb çənəsinə doğru qatlaması da diqqət çəkir. Aydındır ki, deputat oğlu Həbib Axundov və dünyaca məşhur fizik Albert Eynşteyn tamamilə ayrı-ayrı adamlardır. Fotolardakı bənzərliyi müqayisə etməyə belə dəyməz. Deputat oğlu dərin zəkası ilə seçilən biri deyil. Bu baxımdan foto çəkərkən özünü linqvodiaqnostika kabinetində, həkim qəbulundakı pasiyent kimi aparmasının köklərini daha çox Həbib Axundovun həyat tərzində axtarmaq lazımdır.
Bəs pullar hardandır? Deputat oğlu xanımların əllərinə verdiyi dollar paçkalarını hardan alıb? Bu sualın cavabı anasının deputat kreslosundan asılıdır. Kreslo laxlayan kimi cavablar da bəndi aşan su selitək ortalığa səpələnəcək. Hələliksə, deputat oğlunun keyfi ala buludlardadır… (Azadliq.info)