Suriya diktatoru Bəşər Əsədin dayısı oğulları Moskvada 40 milyon dollara mənzillər alıblar. Bu onu göstərir ki, ölkədə gedən yüzminlərlə insanın öldüyü vətəndaş müharibəsinə və tətbiq olunan sanksiyalara rəğmən hakim klan sərvət toplamağa davam edir.
Musavat.com xəbər verir ki, bu informasiya Almaniyanın “Der Spiegel” jurnalının yazısında qeyd olunub.
Jurnalist Raniya Salumun qələmə aldığı məqalədə 22 yaşlı Məhəmməd Rami Məhluf və onun kiçik qardaşı Əli Rami Məhlufun haradan gəldiyi bəlli olmayan pullar hesabına aldıqları bahalı maşınları, elit kurortlardakı səfalarını “instagram”da nümayiş etdirməkdən çəkinmədiyi qeyd olunur. Məsələn ötən il gənclərin Mikonos, Sen-Trope, Monte-Karlodakı görüntüləri, habelə Suriya sahillərində akvabayk (su velosipedi) ilə gəzintiləri hər kəsin diqqətini cəlb edib.
“Əksər hissəsinin qan çanağına döndüyü, insanların hədsiz kasıblıq həddinə çatdığı, kimyəvi silahlarla məhv edildiyi bir ölkədə hakimiyyətə yaxın, varlı adamların işləri yağ kimi gedir,”-deyə yazıda vurğulanır.
Ümumiyyətlə Əsəd və Məhluf ailələri rejimin nüvəsi sayılır. Hər iki ailə 1958-ci ildə Hafiz Əsədin Ənisə Məhlufla evlənməsindən sonra qohumluq bağlarına malikdir. Məhz bundan sonra Əsəd və Məhluflar ordu, xüsusi xidmət və iqtisadiyyatda əsas söz sahibinə çevriliblər.
Əsədlər kimi Məhluflar da Avropanın sanksiya siyahısında yer alıblar. Lakin ticarət məhdudiyyətlərinə və sərt tələblərə rəğmən bu ailə sanksiyalardan yan keçmək üçün istənilən imkandan istifadə edir.
Klanın bəhs olunan məzillləri 2013-2016-cı illərdə aldığı qeyd olunur. Bununla bağlı Global Witness qeyri-hökumət təşkilatının xüsusi hesabatı mövcuddur.
“Suriya rejimi bununla Moskvadan beynəlxalq kapitala yol tapmaq üçün istifadə edir”,-deyə Der Spiegel in məqaləsində bildirilir.
“Rami Məhluf özü Əsəd rejimin korrupsiya simvollarından sayılır. Müharibəyə qədər o, iqtisadiyyatın yarısına nəzarət edib. Ölkədə işlək bütün müəssisələrdə onun məcburi payı olub”,-deyə müəllif vurğulayır.
22 yaşlı Məhəmməd Məhluf isə özünü self-made, yəni “özü qazanan” milyarder sayır. Lakin onun malik olduğu 2 milyard dolları hardan əldə etdiyi məlum deyil. Bu adam sadəcə Dəməşqdə təhsil alıb və özünün dediyinə görə, hobbi ilə məşğuldur. Onun hobbilərindən biri də bahalı maşınlar almaqdır. 2022-ci ildə isə Məhəmməd Məhluf ölkənin bərpası üçün holdinq şirkəti qurmağı planlaşdırır.
Bərpa işlərinə isə on milyardlarla dollar pul cəlb edilə bilər....
Musavat.com