Evdən qaçan gənc qızların- hekayələri

7-07-2014, 10:36   
Evdən qaçan gənc qızlarınSon vaxtlar yeniyetmə qızların evdən qaçması halları artıb.

“Azadlıq və müstəqillik axtarışına çıxan” bu qızlar evi tərk edəndən sonra adətən taleyin ümidinə qalır, harada gəldi - internet klublarında, barlarda, təsadüfi tanış olduqları oğlanların evində, hətta küçələrdə gecələyirlər.

Nəticə isə çox pisdir. Yiyəsiz qalan belə gənc qızlar adətən zorlanır, təzyiqlərlə üzləşir, insan alverinin qurbanına çevrilirlər. Təkcə iyul ayında ölkə mətbuatında 4 belə xəbər yer alıb.

Qızların evdən qaçmasının səbəbləri müxtəlifdir. Amma son günlər sosial şəbəkələrdə tanışlıq amili digər səbəbləri geridə qoyub.

Ötən ay “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacaq evində qalan qız da ailəsini günahlandırıb. Qız bildirib ki, onun sərbəst yaşamaq istəyinə qarşı çıxan valideynləri ilə bir yerdə yaşamaq istəmir.

Bu barədə virtualaz.org saytına təşkilatın rəhbəri Mehriban Zeynalova məlumat verib: “Qız sərbəst yaşamaq istəyirdi, amma onun davranışlarında açıq-saçıqlığa meyl hiss olunurdu. Yəni sərbəst yaşam tərzi ilə bağlı fikirləri ifrat həddə idi. Məsələn, deyirdi ki, o, müasirdir, istədiyi oğlanın yanında lüt gəzə, hətta onunla yata bilər. Lakin ailəsi onun bu fikirlərinə qarşı çıxır. Qızın bu davranışı göstərir ki, valideynləri ilə onun arasındakı münasibətlər vaxtında düzgün qurulmayıb. Nəticədə isə qızla valideynləri arasında kəskin fikir ayrılığı yaranıb”.

Hüquq müdafiəçisinin sözlərinə görə, qızların evdən qaçmasına ya ifrat dərəcədə mühafizəkarlıq, ya da ifrat özbaşınalıq səbəb olur. Hər iki variantda isə valideynlər günahkardır: “Ötən ay 16 yaşlı qız evdən qaçaraq sığınacağımıza gəlmişdi. Biz dərhal polisə məlumat verdik. Bəlli oldu ki, qızı erkən nikaha məcbur edirlər. Nişanlandığı oğlan isə qızı döyüb, hətta qızın yaşadığı evdə ona qarşı təcavüzə də cəhd edib. Buna görə də qız geri qayıtmaq, ailə qurmaq istəmirdi. Polisin müdaxiləsi ilə ailə ilə söhbət aparıldı, erkən nikahın cinayət olduğunu başa saldıq. Bundan sonra qız ailəsinə qaytarıldı”.

Mütəxəssisin fikrincə, evdən qaçan qızların əksəriyyəti valideyn məsuliyyətsizliyinin qurbanıdır: “Adətən belə olur. Ana işləyir və hesab edir ki, analıq funksiyasını yerinə yetirib. Ata isə əksinə, qızı ilə söhbət etmək istəmir. Bu zaman da pərdə anlayışını əsas gətirirlər. Uşaq dayənin yanında böyüyür, sonradan da məktəbin ixtiyarına verilir. Buna görə də uşaqlar kənardan gələn informasiyanın həqiqət olduğuna inanır, yad təsirlərin altına düşürlər. Halbuki valideynləri qızla danışmalı, kənarda baş verənlər haqqında məlumat verməlidirlər. Bəzən ana evdən çıxmır, cəmiyyətdə baş verənlərdən məlumatsız olur. O zaman ata qızla söhbət eləsə, yaxşı olar”.

Uşaqların sosial şəbəkədən istifadəsinə gəldikdə isə M.Zeynalova valideynlərin diqqətli olmasını, uşaqlarda baş verən prosesləri izləmələrini məsləhət görür.

Azərbaycan Uşaq Hüquqları üzrə QHT Alyansı İdarə Heyətinin sədri Nazir Quliyev isə əsas təhlükənin sosial şəbəkədən gəldiyini düşünür: “Evdən qaçan qızların əksəriyyəti adətən aktiv sosial şəbəkə istifadəçiləridir. Qızlar əsasən internet vasitəsilə tanış olduqları oğlanların vədinə inanıb evdən qaçırlar. Bəllidir ki, qız qaçmaqla bağlı bir gündə qərar qəbul etmir, düşünür, yollar axtarır. Buna görə də mən bütün məsuliyyətin valideynlərdə olduğunu düşünürəm”.

N.Quliyevin fikrincə, evdən qaçan və ya qaçmağa cəhd edən qızların çoxu təhsilsizdir: “Müşahidələr göstərir ki, təhsilin səviyyəsi aşağı olan rayonlarda, kəndlərdə qızlar məlumatsız olurlar, daha tez təsir dairəsinə düşürlər. Rayonlardakı məktəblərdə uşaqlarla iş aşağı səviyyədədir, məktəb psixoloqları işləmir. Halbuki qızlarla işləmək birbaşa məktəb psixoloqunun vəzifəsidir”.

Psixoloq Nərgiz Nuriyeva isə ailələrdə əsasən yetkinlik yaşına çatan qızlarla bağlı problemlər yaşandığını deyir: “Bu yaşda qızlar həssas olurlar, ətrafında baş verən hadisələrdən tez təsirlənirlər. Buna görə də onları aldatmaq asan olur. Bu yaş dövründə qızların davranışlarına nəzarət olmalıdır. Lakin bu zaman hədsiz qadağalar onları sərbəstliyə meylləndirə bilər”.

Psixoloqun fikrincə, yeniyetmələrin internetdən asılılığı, təsadüfi tanışlıqlar onların psixologiyasına təsirsiz ötüşmür: “Bəzən evdən qaçmağa və ya intihara meylli uşaqlarla söhbət zamanı onlar dəlicəsinə aşiq olduqlarını söyləyirlər. Buna görə də valideynlər uşaqları nəzarətsiz buraxmamalı, onlarla mütəmadi söhbətləşməli və onları başa düşdüklərini, qızlarına etibar etdiklərini göstərməlidirlər. Yetkinlik yaşındakı qızların nəvazişə, qayğıya ehtiyacı olur. Bu qayğını isə onlara valideyn göstərməlidir”.

Qeyd edək ki, qanunvericiliyə əsasən evdən qaçan yetkinlik yaşına çatmayanlar ailəsinə təhvil verilirlər. Çünki onlar valideyn himayəsindədir. 18 yaşından yuxarı olanların ailəyə təhvil verilməsi isə məcburi deyil. Bu zaman seçim qızın ixtiyarına buraxılır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.