Qanunvericiliyə uyğun olaraq, noyabrın 15-dən etibarən Bakı şəhərindəki yaşayış evlərinin, tədris və səhiyyə obyektlərinin istiliklə təmin olunmasına start verilməli idi. Lakin üstündən iki günə yaxın vaxt keçsə də, hələlik bu prosesə başlanılmayıb.
Musavat.com-a daxil olan məlumata görə, bəzi ərazilərdə qazanxanalar işə salınsa da, az sonra həmin ünvanlarda da proses dayandırılıb. Hətta bu sırada səhiyyə müəssisələrinin də olduğu deyilir. Problemin yaranmasına əsas səbəb kimi, “Azəristiliktəchizat”in “Azəriqaz”a olan təqribən 29 milyon manatlıq borcu göstərilir. Yeri gəlmişkən, “Azəriqaz”dan da məlumatı mətbuata təsdiqləyiblər.
Məsələ ilə bağlı “Azəristiliktəchizat” ASC-nin sədrinin müavini İlham Mirzəliyev Musavat.com-a bildirdi ki, artıq problem aradan qaldırılıb. Belə ki, noyabrın 16-sı, günorta radələrində hər iki qurum arasında anlaşma əldə olunub: “Hesab edirik ki, iki müəssisə arasında borcun olub-olmaması bizim vətəndaşlarımıza təsir etməməlidir. Problem onlara yox, iki müəssisə arasındakı münasibətlərə aiddir. “Azəriqaz” bizim vəziyyətimizi düzgün qiymətləndirdi və biz tam şəkildə razılığa gəldik ki, borc məsələsini özümüz, həmçinin aidiyyati dövlət orqanlarında araşdırıb zəruri tədbirlər görərik. Bunu nəzərə alaraq bütün qazanxanaların qaz təchizatına icazə verilib. Hal-hazırda “Azəristilik” bütün qurumlara təhlükəsilzik qaydalarına tam əməl olunmaqla qazanxanaların işə salınması və istilik təchizatı ilə bağlı müvafiq tapşırıqlar verib.
İ.Mirzəliyev qeyd etdi ki, təkcə paytaxt deyil, “Azəristilik”ə məxsus bütün qazanxanalar işə qoşulub, fəaliyyətə başlayır: “Ola bilər ki, istilik təchizatının ilk saatlarında bəzi mənzillərdə müəyyən problemlər yaransın. Bizim 956 “Qaynar xətt”imiz və dispetçer xidmətimiz fəaliyyət göstərir. İstənilən vaxt vətəndaşlarımız müraciət edə bilər”.
ELŞAD
Musavat.com