Baxmayaraq ki, bəzi Avropa ölkələri vətəndaşlarını geri qəbul etmək istəmir, Türkiyə özünü İslam Dövləti adlandıran qruplaşma (İD) ilə əlaqəli olduğu iddia edilən xarici vətəndaşları ölkədən deportasiya etməyə başlayıb.
Almaniya, Danimarka və Britaniya, cihadçı qruplara qoşulduqları iddia edilən vətəndaşlarının geriyə qayıtmasının qarşısını almaq üçün onları vətəndaşlıqdan məhrum edib.
Türkiyə isə bildirib ki, Almaniya, Danimarka, Fransa və İrlandiya vətəndaşları da daxil olmaqla 20-dən çox avropalının geri göndərilmə prosesini davam etdirir.
Görəsən, bu insanlar Türkiyədən xaric ediləndən sonra onların vəziyyəti necə olacaq.
Türkiyənin mövqeyi necədir?
Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğan hazırda yüzlərlə xarici döyüşçünün Türkiyədəki həbsxanalarda saxlandığını söyləyir.
Bu ayın əvvəlində Ankaradakı hökumət bildirib ki, bu adamların öz ölkələrindəki vətəndaşlığı ləğv edilsə də, onlar geri göndəriləcəklər.
“Dünya indi yeni bir üsul icad edib: vətəndaşlığı ləğv edir, – Türkiyənin Daxili İşlər Naziri Süleyman Soylu deyib. – Həmin ölkələr deyir ki, bu adamlar tutduldqları yerdə mühakimə olunmalıdırlar. Bu, deyəsən, beynəlxalq hüququn yeni bir formasıdır. Bunu qəbul etmək mümkün deyil.”
Xarici vətəndaşlarla bağlı məsələ necə həll olunur?
Xarici ölkədə olarkən əcnəbi vətəndaşın konsulluq yardımı almaq hüququ var və bu, adətən cəlb olunan şəxslərlə birbaşa əlaqə tələb edir.
Həbsdə olanların müəyyənləşdirilməsinə kömək etməyə çalışan Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) kimi beynəlxalq qurumlar bu işdə vasitəçilik edə bilər.
Suriyada düşərgələrdə saxlanılan İD üzvlüyündə şübhəli bilinənlər və onların ailələrinə gəldikdə isə, bəzi hökumətlər iddia edirlər ki, təhlükəsizlik vəziyyətinə görə məmurları üçün əlaqə qurmaq cəhdləri çox təhlükəli ola bilər.
Ankaranın geri göndərdiyi şəxslərin Türkiyə daxilində və ya Suriya ərazisində tutulub saxlanması məlum deyil.
Bəzi Avropa ölkələri İD-yə qoşulan vətəndaşları geri qəbul etməkdən çəkinir, onlarla bağlı ictimai rəydən və bu vətəndaşlarla bağlı məsələlər həll edilərkən yarana biləcək hüquqi problemlərdən narahatdır.
Lakin BMT olduqca aydın tərzdə bəyan edib ki, ölkələr öz vətəndaşları üçün məsuliyyət daşımalıdırlar.
“Xarici ailələrin üzvləri beynəlxalq standartlara uyğun olaraq cinayət məsuliyyətinə cəlb olunmadıqları təqdirdə öz ölkələrinə qaytarılmalıdırlar”, – BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Miçelle Baçelet məlumat verib.
O əlavə edib ki, “başqa ölkədə ağır cinayət törətməkdə şübhəli bilinən və ya hər hansı bir səbəbə görə tutulan vətəndaşın” məsuliyyətə cəlb olunması üçün həmin vətəndaşın öz ölkəsi cavabdeh olmalıdır.
Beynəlxalq qanunlara əsasən, vətəndaşlıqsız qalacaq şəxsləri vətəndaşlıqdan məhrum etmək qanunsuzdur.
Türkiyədən xaric edilənlər hansı vəziyyətə düşür?
Noyabrın 12-də İD döyüşçüləri, Almaniya, Danimarka və ABŞ-dan olan üç vətəndaş Türkiyədən deportasiya ediliblər.
Türkiyə rəsmiləri deyiblər ki, yaxın zamanlarda daha çox adam repatriasiya oluna bilər.
ABŞ-a qayıtmaqdansa Yunanıstana getmək istəyən ABŞ vətəndaşı Yunanıstanla quru sərhəddə ilişib qaldı.
Yunanıstan həmin adama öz ərazisinə girişə icazə vermədi və məlumatlara görə, o indi yenidən Türkiyədəki həbsxanaya qayıdıb.
Danimarka vətəndaşı Kopenhagenə qayıtdıqdan sonra xəbərlərə görə, həbs olunub.
Almaniya deyir ki, Türkiyə ona daha çox alman vətəndaşını deportasiya etmək planı barədə məlumat verib.
Keçmişdə Almaniya İD üzvlərini geri qəbul edib və onları ya cinayət məsuliyyətinə cəlb edib və ya onlarla reabilitasiya proqramları çərçivəsində davranıb.
Fransa təkid edib ki, Suriya və ya İraq daxilində tutulan vətəndaşları yerli məhkəmələrdə mühakimə olunmalıdırlar. Bu ilin əvvəlində, İraqda dörd fransıza məhkəmə ölüm hökmü kəsib, həmin bu məhkəmə prosesi sərt şəkildə tənqid olunub.
Bununla yanaşı, xəbərlərə görə, Türkiyə ilə 2014-cü ildən bəri qüvvədə olan razılaşmaya əsasən, Fransa sakitcə olaraq, bir sıra cihadçılarını qəbul edib və həmin adamlar Fransa ərazisinə ayaq basan kimi həbs olunublar.
Bəzi xarici hökumətlər İD üzvü olmaqda şübhəlilərin qayıtmasının qarşısını almaq üçün onları vətəndaşlıqdan məhrum edib.
Misal üçün, Britaniya höküməti Suriyada düşərgədə saxlanılan britaniyalı Şamima Begumun Britaniya vətəndaşlığını ləğv edib.
İngiltərənin qərarı ona əsaslanıb ki, Şamima Begum öz anası vasitəsiylə Banqladeş vətəndaşlığını tələb edə bilər.
Lakin Banqladeş bu iddianı rədd edib və Şamima Beguma görə Britaniya hökumətinin məsuliyyət daşıdığını təkid edib.
Hüquqi və rəsmi müstəvidə qeyri-müəyyənlik
Aydındır ki, bəzi hallarda, Türkiyədən xaric edilən əcnəbilərlə bağlı üçüncü tərəfin də iştirakını nəzərdə tutan razılaşmalar ola bilər. Misal üçün, Türkiyədən xaric olunan şəxsi öz ölkəsi qəbul etmirsə və ya həmin şəxsin özü öz ölkəsinə qayıtmaq istəmədiyi hallarda belə vəziyyət yarana bilər.
Avropa ölkələrini cihadçı döyüşçüləri geri qəbul etmədiklərinə görə tənqid edən Vaşınqtonun özünün də İD üzvü olmaqda şübhəli bilinən ABŞ vətəndaşlarıyla bağlı çətinlikləri var.
Suriyada əsir götürülən və daha sonra bir il ərzində ABŞ-ın İraqdakı hərbi obyektində saxlanılan ABŞ vətəndaşı, ABŞ höküməti onun ölkəyə qayıtmasının qarşısını almaq üçün pasportunu ləğv etdikdən sonra nəhayət Bəhreyndə sərbəst buraxılıb.
Bu cür sövdələşmələrin edildiyi, lakin ictimaiyyətə açıqlanmayan başqa hallar da ola bilər. (BBC azeri)