Rusiyadan ABŞ və Qərb dövlətlərinə daxildən sarsıdıcı zərbə: Seçki etimadsızlığı “siyasi psixoz” yaradıb

17-11-2019, 10:11   


Həm ABŞ-da, həm də Böyük Britaniyada Rusiyanın seçkilərə müdaxilə etdiyi barədə iddialara tam dəqiqliyi ilə aydınlıq gətirilməyincə, bu “seçki psixozu” öz aktuallığını qoruya bilər

Nüfuzlu Qərb dövlətləri həmişə keçirdikləri seçkilərlə öyünməyə vərdiş ediblər. Həmin dövlətlər həmişə öz vətəndaşlarının iradəsini əks etdirən demokratik və ədalətli seçkilər sisteminə, ənənəsinə sahib olduqlarını xüsusi fəxrlə qabartmağa çalışıblar. Və bəzi ölkələrin vətəndaşları da həmin dövlətlərin əhalisinə qibtə ilə yanaşıb.

Ancaq son illərdə Qərb dövlətlərinin bu “fəxarət mənbəyi”nin üzərinə kölgə düşməyə başlayıb. Son baş verənlərdən belə aydın olur ki, Qərbin demokratik və ədalətli seçki sistemi heç də iddia olunduğu kimi, tam toxunulmaz deyilmiş və kənar müdaxilə ehtimallarından yetərincə qorunmurmuş...

Məsələ ondadır ki, ABŞ dünyanın ən toxunulmaz dövlətlərindən sayılır. Bu superdövlətin heç sisteminə, o cümlədən də, seçki prosesinə kənar müdaxilə qeyri-mümkün hesab olunurdu. Ona görə də, bu nəhəng ölkənin bütün prezidentlərinin məhz ABŞ vətəndaşlarının iradəsiylə seçildiyinə kimsə şübhə etməyi ağlına belə, gətirmirdi.

Ancaq prezident Donald Trampın Ağ Evə sahiblənməsindən sonra ABŞ-ın mükəmməl seçki sistemi barədə beynəlxalq əminlik sarsılmağa başladı. Əvvəlcə bu sistemin etibarlılığına əminlik öz yerini şübhələrə buraxdı. Daha sonrasa müdaxilə imkanlarının qeyri-mümkünlüyünə əminlik, bunun tamamilə mümkün ola biləcəyinə əminliklə əvəzləndi.

Üstəlik, ABŞ-ın bu “fəxarət mənbəyi”nin yerlə-yeksan edilməsində Rusiya baş rolu oynadı. İddia olundu ki, prezident D.Trampın seçkilərdə öz rəqiblərinə qalib gəlməsi Ağ Evin indiki sahibinin deyil, məhz ABŞ-ın əsas beynəlxalq rəqibinin – Rusiyanın səsvermə prosesinə müdaxilə qabiliyyəti ilə bağlıdır.

Təbii ki, başlanğıcda bununla bağlı şok yaradan iddialara heç kim inanmaq istəmədi. Həm ABŞ-ın, həm də Rusiyanın rəsmi dairələri həmin iddiaları israrla təkzib etdilər. Ancaq bununla belə, iddiaların doğru olub-olmadığı xüsusi komissiya tərəfindən araşdırıldı. Son nəticədə fəaliyyəti müəmmalı şəkildə yekunlaşdırılan bu komissiya inkaredilməz sübutlar tapmasa da, hər halda bəzi xoşagəlməz məqamları ortaya çıxara bildi. Və bununla da ABŞ vətəndaşları sonuncu prezidentlərinin özlərinin seçib-seçmədikləri məsələsində ziddiyyətli şübhələrlə baş-başa qalmış oldular.

Son günlərdəsə, oxşar siyasi qalmaqal Böyük Britaniyada da baş qaldırdı. Belə ki, Böyük Britaniyada da son seçkilərə Rusiyanın müdaxiləsi və səsvermənin nəticələrinə kənar təsirlərin olması barədə kifayər qədər ciddi iddialar mövcuddur.

Картинки по запросу dövlət katibi Hillari Klinton

Hətta ABŞ prezidentliyinə keçmiş namizəd və sabiq dövlət katibi Hillari Klinton da bu iddialara eyham vurub. O, bildirib ki, Böyük Britaniya hökumətinin hələ də Rusiyanın Britaniya siyasətinə müdaxiləsi barədə hesabatını dərc etməməsi izaholunmaz məqamdır.

Hillari Klinton əminliklə qeyd edib ki, Rusiya Böyük Britaniyanın Avropa Birliyindən çıxmaq üçün (Brexit) 2016-cı ildə keçirildiyi referenduma və 2017-ci ildə isə ümumi seçkinin nəticələrinə təsir edə bilib və bununla bağlı ciddi sübutlar da var: "Rusiyanın seçkilərə müdaxiləsi heç bir şübhə doğurmur. Biz bunu ABŞ-da da gördük. Avropada da bu təsir açıq görünür. Rusiya bu cür müdaxilələr ilə Qərb demokratiyasını yeni formaya salmağa çalışır. Bu isə bizim yox, onların xeyrinədir".

Məsələ ondadır ki, Böyük Britaniya parlamentinin Kəşfiyyat və Təhlükəsizlik Komitəsi Rusiyanın bu ölkənin demokratik seçki sisteminə qeyri-qanuni müdaxiləsini araşdırıb. Ancaq bu ilin mart ayından hazır olan hesabatın açıqlanması bilərəkdən gecikdirilir. Və həmin sənəddə casusluq, təxribat və seçkilərə müdaxilə ilə bağlı olduqca ciddi iddiaların olduğu bildirilir.

Bəzi məlumatlara görə, Böyük Britaniya hökumət sözügedən hesabatı dekabrın 12-də keçirilməsi planlaşdırılan seçkilərdən sonra açıqlamaq niyyətindədir. Bu isə bəzi siyasi dairələrdə ciddi narahatlıq doğurmaqdadır.

Картинки по запросу Böyük Britaniyada seçkilər

Məsələ ondadır ki, seçkilərdə qələbəyə iddialı siyasi dairələrə görə, britaniyalı seçicilərin səsvermədən öncə öz iradələrinin seçkilərin nəticələrində əksini tapıb-tapmayacağından tam əmin olmaq hüququ var. Bu isə Böyük Britaniyada olduqca xoşagəlməz siyasi etimadsızlığın əsasının qoyulması anlamına gəlir.

Onu da nəzərə almaq lazımdır ki, seçki proseslərinə Rusiyanın müdaxilə etdiyi iddia olunan hər iki ölkə – ABŞ və Böyük Britaniya dünyanın ən nüfuzlu, eləcə də beynəlxalq siyasət məkanında şərtləri müəyyənləşdirən dövlətləridir. Və belə nəhəng dövlətlərdə seçki prosesinə etimadsızlıq daxili siyasi kataklizmlərə yol aça bilər.

Çünki indi bu dövlətlərin vətəndaşları növbəti seçkilərdə verəcəkləri səslərin nəticələrdə öz əksini tapıb-tapmadığına şübhə ilə yanaşmağa başlayıblar. Onların seçiləcək prezident və ya deputatların vətəndaşların iradəsiylə səlahiyyət qazandıqlarına inanması o qədər də asan olmayacaq.

Bu isə Rusiyanın ABŞ və Böyük Britaniya da daxil olmaqla, bəzi Qərb dövlətlərində səsvermənin nəticələrinə müdaxilə etməyə qadir olması barədə iddiaların həmin ölkələrdə seçki psixozuna yol açdığını göstərir. Belə anlaşılır ki, həm səsverdiyi namizədin seçilməsi, həm də dəstəklədiyi namizədin məğlub olması seçiciləri eyni səviyyədə narahat edəcək. Yəni heç kim səsvermənin nəticəsindən tam əmin ola bilməyəcək.

Əslində, bu, ABŞ və Qərb dövlətləri üçün sarsıdıcı siyasi zərbədir. Çünki Rusiya bu iddialar üzərindən şübhələrin yaradılmasıyla öz beynəlxalq rəqiblərində vətəndaş-hökumət etmadsızlığının əsasını qoymağa nail olmuş kimi görünür.

Məsələ ondadır ki, bu, həm də vətəndaşların qürurunu zədələyə biləcək qədər xoşagəlməz məqamdır. Hər halda, heç bir dövlətin normal vətəndaşı qəbul edə ki, onun ölkəsinin prezidenti və ya millət vəkili kənar beynəlxalq gücün müdaxiləsiylə müəyyənləşsin.

Bütün bunlar onu göstərir ki, Rusiya yalnız ABŞ və Böyük Britaniyanı deyil, digər Qərb dövlətlərini də “daxildən vurmağa” nail olub. Çünki digər Qərb dövlətlərində də vətəndaşların “Rusiya bizdə də seçkilərə müdaxilə edibmi” sualı qarşısında tərəddüd keçirdikləri bildirilir.

İndi Qərbdə “Rusiya ABŞ və Böyük Britaniyada seçkilərə həqiqətən müdaxilə edə bilibmi” sualından daha çox “Ruslar başqa hansı ölkələrdə səsvermənin nəticələrinə təsir göstərə biliblər” sualı ətrafında baş sındırılır. Və yəqin ki, həm ABŞ-da, həm də Böyük Britaniyada Rusiyanın seçkilərə müdaxilə etdiyi barədə iddialara tam dəqiqliyi ilə aydınlıq gətirilməyənə qədər bu “seçki psixozu” öz aktuallığını qoruyacaq.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert

13331023_1081110595260992_3771441806828143088_n.jpg (72 KB)

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.