Bakı şəhər Səhiyyə İdarəsindən əlillik almaq istəyənlərlə bağlı absurd qərar

18-11-2019, 12:37   


“Əlilliyin təyin edilməsi üçün tibbi-sosial ekspertiza müayinəsinə göndərişin verilməsi üçün poliklinikaya müraciət edən zaman absurd imtina cavabı ilə üzləşdik”.

Bunu saytımıza müraciət edən Bakı şəhər sakini Aynur Ələkbərova deyib. Şikayətçinin sözlərinə görə, ona göndərişin keşirilmiş 8 aylıq prossedurdan ən tezi 1 ay sonra veriləcəyi bildirilib. Əsas kimi də onu göstəriblər ki, Bakı şəhər Baş Səhiyyə İdarəsi rəhbərliyinin və nazirlikdən nurməmməd adlı vəzifəli şəxsin şifahi göstərişinə əsasən, bir ay ərzində yalnız 20 nəfərə göndəriş verilə bilər:

“Halbuki qanunvericilikdə belə bir müddəa nəzərdə tutulmayıb. Hansısa şəxsin verdiyi göstərişi isə qanundan üstün ola bilməz. Ancaq Biləcəri qəsəbəsində yerləşən 15 saylı poliklinikada bildirdilər ki, artıq bu ay ərzində 20 nəfərə göndəriş verilib. Göndərişin növbəti ayda veriləcəyi belə sual altındadır. Bildirilər ki, növbəti ay ümümi müraciət edəcək ilk 20 nəfərin sırasına düşə bilsəm, göndəriş verilə bilər. “

Hazırda neçə nəfərin müraciət etməsi barədə də hansısa məlumatı dəqiqləşdirmək mümkün deyil. Məlum olan odur ki, bu məsələ, sadəcə, hansısa səlahiyyət sahibinin şəxsi qənaətinə və mülahizəsinə görə (Nurməmməd adlı nazirlik səlahiyyətlisinin) tənzimlənir. Bu isə qanunvericiliyin tələblərinə ziddir.

Qeyd edək ki, bu proses Nazirlər Kabinetinin 2016-cı il 30 mart tarixli 140 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi QAYDALARI”na əsasən tənzimlənir.

Bu sənədə əsasən,göndəriş verilməsi üçün müraciət edən (yazılı və ya elektron formada) şəxslərin müraciət etdikdən sonra 7 iş günündən gec olmayaraq, səhiyyə müəssisəsi tərəfindən sağlamlıq vəziyyətinin müəyyən edilməsi üçün funksional, diaqnostik, laborator və obyektiv müayinələri aparılır, xəstəlik tarixindən çıxarışlar (epikrizlər) toplanılır, ehtiyac yaranarsa, diaqnozun dəqiqləşdirilməsi üçün şəxs əlavə ambulator və ya stasionar müayinəyə göndərilir.

“Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarına uyğun olaraq əlilliyin müddətsiz təyin edilməsinə əsas verə bilən tibbi göstərişlərin olduğu hallarda göndərişlər sadələşdirilmiş qaydada (əlavə müayinələr, xəstəlik tarixindən çıxarışlar (epikrizlər), funksional diaqnostik müayinələr tələb edilmədən) verilir. Göndəriş müalicə həkimi tərəfindən doldurulur. Göndərişdə şəxsin fərdi identifikasiya nömrəsi qeyd edilməklə, onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər və ağırlaşmalar göstərilməlidir.

Şəxsin sağlamlıq vəziyyəti ilə bağlı Tibbi-Sosial Ekspert Komissiyasına (TSEK) getmək imkanı olmadıqda (şəxsin hərəkət imkanı məhdud olduqda və heç bir reabilitasiya vasitəsinə sahib olmadıqda, səhiyyə müəssisəsində stasionar müalicə aldıqda), bu barədə göndərişdə həkim-məsləhət və ya hərbi-həkim komissiyasının rəyi qeyd olunur. Qaydalara uyğun doldurulmuş göndəriş protokolla rəsmiləşdirilir. Protokol həkim-məsləhət və ya hərbi-həkim komissiyasının sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. Protokolla rəsmiləşdirilmiş göndəriş 2 iş günü ərzində “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilməlidir.

Göndəriş Reyestrə “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə səhiyyə müəssisəsi rəhbərinin səlahiyyət verdiyi şəxslər tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında daxil edilir. Göndəriş Reyestrə daxil edilən gün şəxsə bu barədə məlumat verilir. Göndərişin elektron sənəd forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən Reyestrə və “Vətəndaşın Elektron Sağlamlıq Kartı Sistemi”nə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin çıxışı təmin edilir. Göndərişin qüvvədəolma müddəti onun Reyestrə daxil edildiyi gündən etibarən 30 iş günü təşkil edir.

24saat.org

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.