“20-50 yaş arasında namizədlər 60 faiz, 20-30 yaş arası namizədlər 26 faiz, 21-40 arası namizədlər isə 52 faiz təşkil edir”.
Bunu Cebhe.info-ya açıqlamasında Mərkəzi Seçki Komissiyasının katibi Mikayıl Rəhimov bələdiyyə seçkisində iştirak etmək istəyən namizədlərin yaş kateqoriyasından danışarkən deyib.
Onun sözlərinə görə, müraciət edənlərin 70 faizi kişilər, 30 faizi qadınlardır. MSK katibi bildirib ki, namizədlərin qeydiyyat prosesi seçkilərə bir ay qalmışa qədər, yəni 23 noyabradək davam edəcək.
Qeyd edək ki, Azərbaycanda bu il keçiriləcək bələdiyyə seçkilərində iştirak etmək üçün 41 841 nəfər müraciət edib. Namizədlərdən 27 249-u fərdi, 14 564-i siyasi partiyalar tərəfindən irəli sürülüb. Onlardan 22 529 nəfəri qeydə alınıb. Azərbaycanda bu il keçiriləcək bələdiyyə seçkilərini izləmək üçün indiyə qədər 499 müşahidəçi qeydə alınıb. Müşahidəçilərin 72-si MSK, 427-i isə dairə seçki komissiyalarında akkreditasiyadan keçib.
Xatırladaq ki, Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək.
Alçina Amilqızı
Cebhe.info