Hökumət Əli Kərimlinin 7 gün öncə çıxdığı hoteldə ilişib
Iyunun 30-da ATƏT Parlament Assambleyasının iclaslarının keçirilidiyi “Fairmont” hotelində təşkilatın təmsilçiləri ilə AXCP sədri Əli Kərimlinin görüşünə imkan yaradılmadı və bu hadisə xeyli müzakirəyə səbəb oldu. Hətta Danimarkadan olan deputat Karsten Lauritzen baş verənləri müxalifət liderinə qarşı təzyiq kimi qiymətləndirdi və ölkədəki problemlərin göstəricisi kimi xarakterizə etdi.
Bu hadisədən 7 gün keçib və Əli Kərimlinin gündəmində indi başqa məsələlər var. Ancaq hakimiyyət 7 gündən sonra da özünə gələ bilməyib və bu məsələ hər gün qabardılmaqdadır. Görünür, hakimiyyət beynəlxalq səviyyəli ifşası ilə barışa bilmir və içindəki hikkəsini soyutmaq üçün yollar axtarır.
Belə ki, rejim qəzetlərində davamlı olaraq bu məsələ işıqlandırılır və Əli Kərimlini borclu çıxarmağa çalışırlar. Hətta “Yeni Azərbaycan” qəzeti bununla bağlı hər sayında 2 məqalə dərc edir.
Bir sözlə, Əli Kərimli məlum hoteldən 7 gün öncə çıxsa da, hökumət hələ də həmin hoteldə eşələnir.
YAP icra katibinin müavini Siyavuş Novruzovun “palatka” açıqlamasından sonra, Milli Məclisin sədr müavini Bahar Muradova da məsələylə bağlı “Azərbaycan” qəzetinə açıqlama verib.
“Əli Kərimli deyir ki, bu Azərbaycan hakimiyyətinin mənə qarşı olan münasibətinin elementidir. Azərbaycan hökumətinin işi-gücü yoxdur bəyəm, hansısa hotelə kiminsə girib-çıxması ilə məşğul olsun? Hesab edirəm ki, Əli Kərimli bir azərbaycanlı kimi öz qonaqpərvərliyini göstərərək, həmin deputatları başqa bir yerə dəvət etməli idi”- deyə Bahar Muradova bildirib.
Bahar xanımın “Azərbaycan hökumətinin işi-gücü yoxdur bəyəm” sualı lap yerinə düşür. Bugünə qədər olan mənzərə onu göstərir ki, Azərbaycan hökumətinin işi-gücü bundan ibarətdir.
Mən də Bahar xanıma sual vermək istəyirəm: Məgər Azərbaycan hökumətinin başqa işi-gücü yoxdur ki, Əli Kərimlinin evinin qarşısına güdükçü, çəkiliş kamerası yerləşdirir? Bu hökumətin başqa işi yoxdur ki, Əli Kərimlinin evinə soxulur, hər anını “mühafizə” edir? Hökumətin başqa problemi yoxdur ki, AXCP-nin qərərgahını partladır, Əli Kərimlinin qaynını saxta ittihamlarla həbs edir? Bu analoqu olmayan hakimiyyətin işi-gücü yoxdur ki, cəbhəçilərin rayonlarda görüş keçirməsinə, çayxanada toplaşmasına əngəl törədir?
Bahar xanım təmsil etdiyiniz hakimiyyətin sözçüsü rolunda çıxış edən qəzetlərin başqa mövzusu yoxdur ki, ancaq Əli Kərimlidən yazır?
Suallar çoxdur, cavab isə ondan ibarətdir ki, bu hakimiyyəti işlə təmin edən Əli Kərimlidir. Görünür, Əli Kərimli hakimiyyətin “oğurlamaq işinə” əngəl olduğu üçün hakimiyyət də Əli Kərimliyə əngəl olur.
Bahar Muradovanın təmsil olunduğu komandanı narahat edən də budur ki, “Fairmont” hotelində gördükləri “iş” bumeranq effekti verib. Ona görə də 7 gündür hoteldəki ifşanın “qalıq”ları altından çıxmağa çalışırlar.
Bahar Muradovanın Əli Kərimlini qonaqpərvərliyə səsləməsi isə ikiqat ifşa deməkdir. Xaricdən gələn qonağa və ölkənin müxalifət liderinə qarşı qeyri-etik münasibət sərgiləyib, sonra qonaqpərvərlikdən danışmaq üçün qurd ürəyi yemək lazımdır. Çünki normal ürəklə bu qədər absurda imza atmağa heç kim cəhd etməz. Yaxşı olardı ki, sevimli hökumətimiz Əli Kərimlidən vaxt tapıb qonaqpərvərlik anlayışının dərinliklərinə baş vursun.
Azadlıq.info
P.S İstənilən halda iyunun 30-da baş verənlərə görə hökumətə təşəkkür edirik. Çünki bizim haqlı olduğumuzu sübut etdilər və əksini iddia etməyə yer qoymadılar.