Ceyms Rizen
“The Intercept”, 18.11.2019
Onlar qohum ruhlar idi. Əslində, dünyanın ən güclü geosiyasi parçalanmalarından birinin əks tərəflərində dayanmışdılar. Bununla belə, Yaxın Şərqdə iki ən nəhəng təşkilat məzhəb müharibəsi dövründə ortaq fikir axtarmaq üçün Türkiyədə, bir otelində əvvəlcədən açıqlanmamış sammit keçirib.
2014-cü ilin zirvə görüşü zamanı İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) “Qüds” Qüvvələri və bölgəyə əhəmiyyətli dərəcədə təsir göstərən islamçı siyasi hərəkat “Müsəlman Qardaşlar”la bir araya gəlib.
«Qüds» Qüvvələri dünyanın ən güclü şiə dövlətini təmsil edir, “Müsəlman Qardaşlar” isə sünni müsəlman dünyasında vətəndaşlığı olmayan, lakin nüfuzlu siyasi-dini qüvvədir.
Tramp administrasiyası bu ilin aprel ayında “İnqilab Keşikçiləri”ni xarici terror təşkilatı təyin edib, Ağ Ev “Müsəlman Qardaşları” da siyahıya əlavə etmək üçün lobbiçilik edir.
“Müsəlman Qardaşlar”ın dəstəklədiyi Məhəmməd Mursi 2012-2013-cü illərdə Misirdə prezident olarkən, İran və Misir rəsmiləri arasında təmaslar var idi. Lakin 2013-cü ilin iyul ayında Misir ordusu tərəfindən dəstəklənən çevrilişlə Mursi hakimiyyəti devrilib və daha sonra o həbs olunub. Əbdülfəttah Sisi rejimi “Müsəlman Qardaşlar”a qarşı təzyiqə başlayıb, onların bir çoxu Misirdə həbsdədir və ya sürgündə yaşayır.
2014-cü ilin görüşü Mursi hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra “Müsəlman Qardaşlar” və İran rəsmilərinin təmas qurmaq üçün gizli səy göstərməsini və hələ də birlikdə işləyə bilib-bilməyəcəyini müəyyən etməli idi.
Zirvə görüşü barədə İran Kəşfiyyat Nazirliyinin faş olmuş məlumatı “Müsəlman Qardaşlar” və «Qüds» – güclü sünni və şiə təşkilatlarını ayıran cəlbedici siyasi dinamikanı göstərir. Üstəlik hər şeydən əvvəl bu sammit Yaxın Şərqdəki siyasi mənzərənin mürəkkəbliklərini üzə çıxarır və xaricilər, o cümlədən ABŞ rəsmiləri üçün bölgədə nəyin baş verdiyini başa düşməyin nə qədər çətin olduğunu.
İlk baxışda «Qüds» Qüvvələri və “Müsəlman Qardaşlar” düşmən kimi görünüblər.
«Qüds» Qüvvələri Suriyadakı vətəndaş müharibəsində Bəşər Əsədin qəddar rejimini, İraqda sünnilərə qarşı vəhşiliklər etmiş şiə dəstələrini dəstəkləyərək İranın Yaxın Şərqdə nüfuzunu genişlənməsinə kömək edir.
“Müsəlman Qardaşlar”, əksinə, on illərdir sünni-ərəb siyasətində əsas rol oynayan, Misirdə və başqa yerlərdə avtokrat hökumətlərə qarşı mübarizə aparan fundamentalist islamçı təşkilatdır. Onlar “Həmas” kimi bəzən terrorizmə meyl edən qruplar da yaradıblar.
Sammit «Qüds» Qüvvələri və “Müsəlman Qardaşlar” üçün mühüm anda bş tutub, bu, tərəflərin niyə danışmağa razılaşdıqlarını izah edə bilər. Görüşün keçirildiyi 2014-cü ilin aprelində İŞİD İraqın şimalındakı sünni bölgələrini tutur, İraq ordusu terror qruplaşmasının amansız taktikaları qarşısında əriyir, Bağdadda İraq hökumətinin sabitliyi təhdid olunurdu.
İŞİD təhdidi «Qüds» Qüvvələrinin İraqda baş naziri Nuri əl-Malikinin şiə hökuməti adından müdaxilə etməsinə səbəb olub. «Qüds» Qüvvələri şiə birləşmələrini İŞİD-ə qarşı döyüşə səsləyib, lakin Maliki “İran kuklası” kimi İraq sünniləri arasında dərin qəzəb və nifrət sahibi idi. Tezliklə o, kənara çəkildi.
Sammitdə bir casusun olduğu bilinmirdi. İranın milli təhlükəsizlik aparatı, “İnqilab Keşikçiləri”nin rəqibi gizli görüşdə müzakirə olunan hər şeyi onun vasitəsi ilə öyrənib. “Ettelaat” bu görüşün koordinatoru idi. Aşkarlanan arxiv göstərir ki, “Ettelaat” “İnqilab Keşikçiləri”nin gücünə və təsirinə həsəd apararaq, gizli şəkildə dünyada mühafizəçilərin fəaliyyətini izləməyə çalışıb.
Türkiyə həm İran, həm də “Müsəlman Qardaşlar”la yaxşı münasibətlərdə olan bir neçə ölkədən biri kimi zirvə üçün etibarlı yer hesab edilib. Türkiyə hökuməti məsələnin meydana çıxmasından narahat imiş, buna görə də, «Qüds» Qüvvələrinin yüksək rütbəli rəisi, general-mayor Qasim Süleymaniyə viza verməkdən imtina edib. Süleymani Türkiyəyə gedə bilmədiyindən digər yüksək səviyyəli «Qüds» rəsmilərindən ibarət heyət iclasda iştirak edib.
Gizli sənəddə Süleymaninin müavini “Əbu Hüseyni” kimi tanıdılır.
Sənədə əsasən, “Müsəlman Qardaşlar” mühacirətdəki ən məşhur liderlə təmsil olunub: İbrahim Munir Mustafa, Mahmud əl-Abyari və Yusif Mustafa Nada (9/11-dən sonra Corc Buş administrasiyası və BMT “əl-Qaidə”nin maliyyələşdirilməsinə kömək şübhəsi ilə Nadanın bank hesabları dondurub və hərəkətlərini məhdudlaşdırıb. 2009-cu ildə BMT-nin ona qarşı tətbiq etdiyi sanksiyalar ləğv edilib).
“The Intercept”-ə verdiyi müsahibədə Nada deyib: “Heç yerdə belə görüşə getməmişəm. Heç yerdə belə bir görüş haqqında eşitməmişəm”.
Munir Mustafa və əl-Abyaridən şərh almaq mümkün olmayıb.
“Müsəlman Qardaşlar” gizli görüşdə “dünyanın 85 ölkəsində təşkilatlarına sahib olmaları ilə” lovğalanıblar. Bəlkə də bu, «Qüds» Qüvvələri ilə müqayisədə üstünlük qazanmaq səyi olub.
“Ettelaat”ın məlumatına görə, “şiə dünyasının simvolu və sünni dünyasının nümayəndəsi olaraq “Müsəlman Qardaşlar” arasındakı fərqlər mübahisəsizdir”. Ancaq sonuncular vurğulayıblar ki, “əməkdaşlıq üçün ortaq əsaslara diqqət yetirilməlidir”. Qrupların paylaşdığı ən vacib məsələ Səudiyyə Ərəbistanına – “ortaq düşmən”ə nifrət olub.
“Qardaşlar”ın heyəti tərəflərin Səudiyyəyə qarşı güclərini birləşdirə biləcəyini söyləyib. Bunun üçün ən yaxşı yer Yəmən idi. Səudiyyənin dəstəklədiyi Yəmən hökumətinə qarşı İran tərəfindən dəstəklənən husilərin üsyanı geniş miqyaslı müharibəyə keçirdi.
“Yəməndə İranın husilərə və “Qardaşlar”ın silahlı sünni qruplara təsiri nəzərə alınaraq, Səudiyyə Ərəbistanına qarşı bu güclərdən istifadə edə bilmək üçün husilər və sünni tayfaları arasındakı qarşıdurmanı azaltmaq üçün birgə səy göstərilməlidir”, – deyə “Qardaşlar” heyəti bildirib.
Onlar İraqda sülh istədiklərini ifadə edib. “Bölgədə sünni-şiə bölgüsünün aradan qaldırılmasına kömək üçün “Qardaşlar” və «Qüds» Qüvvələri müharibəni dayandırmaqda əməkdaşlıq edə bilər. İraqda şiələr və sünnilər arasındakı gərginliyi azaltmaq və sünnilərin də İraq hökumətində iştirak etməsinə şansı vermək yaxşıdır”.
2014-cü il görüşü ilə bağlı hər hansı bir məlumatı təkzib edərkən, Nada deyib ki, ““Müsəlman Qardaşlar” sünni-şiə qarşıdurmasını azaltmaqda maraqlıdır”.
Amma “Qardaşlar” «Qüds» Qüvvələri ilə regional əməkdaşlığa məhdudiyyətlərin olduğunu da etiraf edib. Məsələn, Suriya o qədər mürəkkəb bir qarışıqlıq idi ki, “Qardaşlar” sadəcə əllərini yuxarı qaldırıblar. Nada bununla bağlı deyib: “Əlbəttə, hazırda Suriya məsələsi İran və “Qardaşlar”ın əlindədir və bununla bağlı sirr yoxdur”.
“Müsəlman Qardaşlar” sammitdən bir il əvvəl Misir Ordusu tərəfindən hakimiyyətdən kənarlaşdırılsa da, qrup Misirdə İranın dəstəyini istəməyib. “Misir məsələsində, “Qardaşlar” olaraq, İranın Misir hökumətinə qarşı hərəkət etməsi üçün hər hansı bir yardımı qəbul etməyə hazır deyilik”.
Liderlər, ehtimal ki, Qahirədə hakimiyyətə qayıtmaq üçün İrandan kömək istəsəydilər, Misirdə nüfuzdan düşəcəkdilər.
İttifaq qurmaq istəyinə baxmayaraq, “Müsəlman Qardaşlar” liderləri «Qüds» səlahiyyətlilərini alçalda biliblər. Bunu “Ettelaat” sənədi təsdiqləyir. Görüş zamanı “Qardaşlar”ın nümayəndə heyəti Yaxın Şərqdə dəyişiklik etmək üçün “islahatçı və sülhsevər yanaşmaya” sadiq olduqlarını vurğulayıb. Heyət daha sonra qrup üzvləri “iranlılardan daha səbirli olduqlarını” vurğulayıblar.
«Qüds» Qüvvələrindən fərqli olaraq, “Müsəlman Qardaşlar”, həqiqətən də, tarixən zorakılığa meyilli olmayıb. Buna görə də, bəzi ekspertlər Tramp administrasiyasının “Qardaşlar”ı terror təşkilatı təyin etmək istəyinə etiraz ediblər.
Keçmiş CIA rəsmisi Ned Prays deyib: “Tramp administrasiyasının bundan imtinası rasionallığı göstərir. Əks hal qrupun nüfuzu olan ölkələrdə ortaqlığımızı risk altına alır”.
Bəlkə də “Müsəlman Qardaşlar” liderləri zirvə görüşündə iranlı həmkarları ilə səmimi olmağa qərar verib, «Qüds» Qüvvələri ilə ittifaq yaratmaqda maraqlı olmadıqlarını hiss etdirə biliblər.
Görüşün açıq-aydın uğursuz olmasına baxmayaraq, zirvədən xəbərçilik edən “Ettelaat” casusu hər hansı bir görüşdə “yenidən Türkiyəyə və ya Beyruta getməyə” hazır olduğunu bildirib. Sızdırılmış arxiv məlumatından bu məkanlarda növbəti görüşlərin olub-olmadığı isə məlum deyil.
Tərcümə: Strateq.az