İrandakı aksiyalarda öldürülənlərin sayı 106 nəfərə çatıb.
“Amnesty İnternational” beynəlxalq hüquq-müdafiə təşkilatının yaydığı açıqlamada belə qeyd edilir. “Amnesty İnternational”ın İrandakı hüquq müdafiəçilərindən aldığı məlumatlara görə, eləcə də sosial şəbəkələrdə yayılan videoların dəqiq araşdırılmasından sonra bəlli olub ki, son günlər İranda baş verən dinc etirazlarda hökumət qüvvələri tərəfindən qətlə yetirilənlərin sayı ən azı 106 nəfərdir: Həmin şəxslər əsasən İranın 21 şəhərində etirazların dağıdılması zamanı qətlə yetirilib. “Etirazlarda ən çox itki verənlər Xuzistan və Kirmanşah əyalətləridir. Belə ki, Xuzistanda 32, Kirmanşahda isə 30 etirazçı rejim qüvvələrinin birbaşa atəşi nəticəsində aldığı güllə yarasından həlak olub. Buna baxmayaraq, hesab edirik ki, etirazlarda öldürülənlərin sayı 106 nəfərdən çoxdur. Bəzi qeyri-rəsmi mənbələrin hesablamalarına görə, hökumət qüvvələrinin qətlə yetirdiyi etirazçıların sayı 200 nəfərdir” -deyə “Amnesty İnternational”ın yaydığı bəyanatında qeyd olunur.
İranın Kürdüstan əyalətinin hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, son günlər ölkədə baş verən dinc etirazlarda təkcə Kürdüstan şəhərlərində 45 nəfər rejimin polis və təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilib. Bildirilir ki, qətlə yetirilənlərin çoxu başından güllə yarası alıb. Qeyd edilir ki, rejim etirazlarda öldürdüyü aksiyaçıların cəsədlərini ailələrinə təhvil verməkdən imtina edir, özü gizli şəkildə onları naməlum qəbirlərdə dəfn edir, ölənlərin ailə üzvlərini təhdid edir. /Cebhe.info/