RUSİYA İLƏ MÜHARİBƏNİN 2 SSENARİSİ – “Kütləvi hücum ciddi risk daşıyır”

21-11-2019, 09:05   

 



Çinin ekspansiya məkanını məhdudlaşdırmaq, faktiki əlçatmaz kimi görünür. Ona görə də, ABŞ, ilk növbədə Arktika başda olmaqla, Rusiyanı geosiyasi təsir məkanı ilə birlikdə özünə tabe etdirməyə cəhd göstərir. Çünki Rusiya öz təbii resurslarıyla 21 əsrin Eldoradosuna çevrilir. Deməli, qarşıda müharibə var?
Belə güman etmək olar ki, Vaşinqton ciddi şəkildə iri miqyaslı müharibəni gözdən keçirir və digər məsələlər Amerikan baxış bucağından daha az cazibədar görünür. Lakin bu cür bir savaşın proqnozlaşdırılması ağlasığmaz qlobal nəticələrə gətirib çıxara bilər, hətta nüvə kataklizmindən qaçmaq mümkün olsa da.
Bəs, Rusiya ilə hər hansı müharibə necə aparıla bilər? Ümumiyyətlə bu, realdırmı?
İki ssenari var və onlar belə görünür: Birinci ssenari çərçivəsində hidrogen-nüvə vasitələri də daxil olmaqla, bütün mümkün silahlardan istifadə etməklə, kütləvi hücum həyata keçirilir. Bu konsepsiya ciddi risklər daşıyır, axı, Kremlin buna qarşı dağıdıcı cavab vermək imkanı var. Elə bu səbəbdən də, son illər ikinci strategiya həyata keçirilir. Həmin strategiyaya müxtəlif vasitələrdən istifadə etmək, hətta pauza verməklə, əsas kursdan yayınma, bilərəkdən gərginliyi artırma və yumşaltma kimi epizod və mərhələlər daxildir. Məqsəd addım-addım Rusiyanı iqtisadi izolyasiyaya salmaq, onun üçün maksimal narahat vəziyyət yaratmaq və onu məhvə sürükləməkdir.
Bu cür vasitələr artıq işə salınıb. Belə ki, Rusiya hakimiyyət dairələrinin nüfuzlu nümayəndələrinə, beynəlxalq səviyyədə işləyən Rusiya şirkətlərinə qarşı sanksiyalar tətbiq olunub və burada məqsəd karbohidrat məhsullarının ticarətini məhdudlaşdırmağa yönəlib.
Lakin xeyli mürəkkəb şəraitdə fəaliyyət göstərən Putin, bir neçə usta şahmat gedişi edib. O, ilk növbədə Qərb güclərinin Kiyevdə tam qələbə qazanmasına imkan vermədi və Krımı tutdu, Donbasa kömək etdi. Putin Dnestryanı ərazini öz əlində saxladı, Cənubi Osetiya və Abxaziyaya yardımlar göstərdi. Bəli, vəziyyət Rusiya üçün heç də yaxşı deyil, amma Vaşinqtonun da istəkləri alınmadı. Bundan əlavə Rusiya Suriyada hərbi-siyasi əməliyyatlar apardı və orada uğur qazandı. Bu, əksəriyyətdə təəccüb yaratdı. Kreml təhlükəsizliyin mühüm təminatçısı kimi Türkiyə və İsrail ilə yaxşı münasibətlər qurub. Moskva, eyni zamanda Tehranla da sıx əlaqələr yaratmaqda davam edir.
İndi iki şey aydınlaşıb: ABŞ Yaxın Şərqdə məğlubiyyətə düçar olub. Düzdür, onlar orada hansısa fəaliyyət göstərirlər, amma bu, Putinə sərf edir, çünki Moskvanın qurduğu balans yerində qalır. Belə bir vəziyyətdə təkcə bir təhlükəli məsələ qalır: Dünya siyasətinin zirvəsində durmaq üçün amerikanlara iri miqyaslı hər hansı avantüra lazımdır. Hazırda onların İran barədə nə düşünmələri aydın görünür.
Amerikanın vurmaq istədiyi zərbənin bu istiqaməti də Rusiyanın xeyrindir. Çünki onlar özlərini ABŞ-dan fərqli olaraq, daha məsuliyyətli, sülhpərvər və ciddi ölkə kimi göstərərək, mövqelərini möhkəmləndirə bilərlər. Onda belə şərtlər daxilində ABŞ-ın işi çətinləşir. (“Mysl Polska”-Polşa)
“AzPolitika”nın əlavəsi: Hazırda ABŞ rəqiblərinə qarşı hərtərəfli hücuma keçib və onları tutduqları mövqedən uzaqlaşdırmağa çalışır. Bəs, ABŞ-Rusiya qarşıdurmasının sonu necə olacaq? Əgər bunu bilmək istəyiriksə, onda həmin ölkələrin resurslarına nəzər salmalıyıq. Rusiya məhdud imkanlara malikdir. Tarix göstərib ki, zorla nəhəng geostrateji güc olmaq nonsensdir.
Son yüz il ərzində Rusiya iki böyük səhv edib. Birincisi Rusiyanın Birinci Dünya Müharibəsinə qoşulmasıdır. Düzdür, bu müharibə zamanı ilk olaraq Almaniya Rusiyaya müharibə elan etmişdi, lakin ona qədər artıq II Nikolay mövqeyini açıq ortaya qoymuşdu. Rusiyanın ikinci böyük səhvi Sovet İttifaqıyla bağlıdır. Belə ki, SSRİ ABŞ-la silahlanma yarışına girişib və dünyanın hər tərəfinə sosializm toxumu səpməyə çalışırdı. Bunun maliyyə məsrəflərini qaldırmaq gücündə olmadığından, ölkənin iqtisadi-təsərrüfat sistemi çökdü. Niyə bunu edirdilər? Ağılları çatmırdı, yoxsa hansısa düşünülmüş qəsd vardı? İndi deyəsən yenə də köhnə əyyamlar qayıdır. Lakin iş ondadır ki, SSRİ ilə müqayisədə bugünkü Rusiya distrofikə bənzəyir.
Bəli, elə ona görə də, Rusiyadakı düşüncəli politoloqlar deyirlər ki, bütün səhvlərinə və qəddarlığına baxmayaraq, Lenini çıxmaq şərtiylə, Rusiya məkanında ən ağıllı dövlət rəhbəri Stalin olub.
Vaqif NƏSİBOV
AzPolitika.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.