Cənub bölgəsində onkoloji xəstəliklər üzrə profilaktik tibbi müayinələr aparılır
21-11-2019, 15:28
Azərbaycanın cənub bölgəsində əhali arasında skrininq proqramına uyğun olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin (MOM) təşəbbüsü və Heydər Əliyev Fondunun “Regional İnkişaf" İctimai Birliyinin (RİİB) dəstəyi ilə profilaktik müayinələr aparılır.
Noyabrın17-dən Milli Onkologiya Mərkəzinin səyyar həkim briqadaları bölgə sakinlərini onkoloji xəstəliklərin erkən aşkarlanması və qarşısının alınması məqsədilə səyyar mammoqrafiya, ultrasəs və rentgen müayinələrindən keçirir. Skrininq proqramı əsasında MOM-un səyyar həkim briqadaları tərəfindən ilkin olaraq noyabrın 17-18-də Biləsuvarda əhali arasında müayinələr aparıb. Noyabrın 19-20-də Astarada, 21-22-də isə Lənkəranda əhalinin tibbi müayinəsi keçiriləcək.
Noyabrın 22-də Lənkəran Şəhər Mərkəzi Xəstəxanasında onkoloji xəstəliklər aşkarlanmış xəstələr üzərində Milli Onkologiya Mərkəzinin əməkdaşları tərəfindən cərrahi əməliyyatların aparılması planlaşdırılır.
Skrininq proqramı çərçivəsində noyabrın 23-də Lənkəran şəhəri Heydər Əliyev Mərkəzində “Regional İnkişaf" İctimai Birliyi və Milli Onkologiya Mərkəzinin birgə təşkilatçılığı ilə “Bədxassəli şişlərin diaqnostika və müalicəsinə müasir yanaşma” mövzusunda elmi-praktik konfrans keçiriləcək.
Konfransda Milli Onkologiya Mərkəzinin həkim və mütəxəssisləri “Baş-boyun şişlərinin müasir cərrahi müalicəsi”, “Sinonazal və intrakranial yerləşmiş törəmələrə endonazal endoskopik yanaşma“,“Uşaqlıq boynu xərçənginə müasir yanaşma“ , “Magistral damar rezeksiyası iləperitonarxası törəmələrin çıxarılması”, “Milli Onkologiya Mərkəzində uşaq endoskopiyası”, “Süd vəzi xərçəngi epidemiologiya, risk faktorları, diaqnostikası”, “Uşaqlarda onkoloji xəstəliklərin erkən diaqnostikası”, “Onkourologiyada müasir diaqnostika və müalicə”, “Onkoloji diaqnostika və müalicədə yeni trend: nüvə təbabəti”mövzularında məruzələrlə çıxışlar edəcəklər. Konfransda ölkəmizin cənub bölgəsi və qonşu rayonlarda çalışan onkoloq, ginekoloq, endokrinoloq, uroloq və cərrahların iştirakı nəzərdə tutulur.
Gələcəkdə “Regional İnkişaf" İctimai Birliyi və Milli Onkologiya Mərkəzinin birgə təşkilatçılığı ilə skrininq proqramlarının Azərbaycanın digər bölgələrində də reallaşdırılması nəzərdə tutulur.