"Bu dəqiqələrdə də “Azəriqaz”ın “qayğısı sayəsində” qaçqın ata-anamın yaşadığı evə qaz əvəzinə hava verilir..."
Neçə illərdir ki, Bakıda işləsəm də, hər ayın azı, 3 gününü Bərdə rayon mərkəzində keçirməli oluram. Moderator.az, düşmənlə təmas xəttinə çox yaxın olduğundan, demək olar ki, cəbhəyanı rayon hesab edilən bu bölgənin problemlərindən çox yazıb. Digər bir neçə əməkdaşımız da mütəmadi Bərdədə olduğundan burada baş verənlər haqda kifayət qədər məlumatlıyıq. Sonuncu dəfə hələ yay aylarında kəndlərdə, hətta rayon mərkəzində baş verən elektrik enerjisi kəsilmələri haqda geniş material vermişdik.
Əhalinin yaşayışındakı çətinliklər, sosial problemlər, işsizlik, müəllimlərin, həkimlərin və s. maaşlarından pul tutulması və digər məsələlər başqa yazının mövzusudur. Bəndəniz bu dəfə özünün şəxsən şahidi olduğu müşküllərdən qısaca danışacaq. Hər dəfə bu bölgəyə gələndə işıq, yanacaq, telefon, internet problemlərinin yaşandığının şahidi oluram. Ədalət naminə, demək lazımdır ki, 1990-cı illərdən 2000-ci illərin ortalarına qədər olan vəziyyətlə yerlə göy arasında fərq var. Xüsusən sayğaclaşdırma prosesi başa çatdırıldıqdan sonra, son təxminən 10 ildə işıq problemi o illərdəki kimi dərin deyil. Eləcə də rayon mərkəzinin qazla təminatı da ümumilikdə pis yaxşıdır. Ancaq mütəmadi yaranan problemlər XXI əsrin 20-ci ilinə yan aldığımız bir vaxtda, neft-qaz ölkəsi Azərbaycanın statistik rəqəmlərdə dünyanın ən çox iqtisadi artıma malik ölkələrdən biri hesab olunduğu, Türkiyəyə, Avropaya neft, qaz verdiyi, haylı-küylü beynəlxalq tədbirlər, yarışlar, olimpiya oyunları keçirdiyi bir dövrana, eləcə də öncə dediyimiz kimi, ermənilərlə təmas xəttinə yaxın, üstəgəl, məhsuldar torpaqlı, bağlı-bağatlı bir bölgəyə qətiyyən yaraşmır...
Yay-qış heç bir təbii fəlakət-filan olmadığı bir şəraitdə günün-günorta çağında iş gördüyün, yaxud istirahət etdiyin və ya evdə günorta xörəyi hazırlandığı bir vaxtda gözlənilmədən işıqlar sönür, 10-15 dəqiqə keçir – qaz da kəsilir. Elə hallar olur ki, paralel olaraq telefon və ya internet verilişi də heç bir əsas olmadan dayanır. Bu da onsuz da bir çox sosial problemlər, işsizlik, pulsuzluq, borc, kredit girdabında çabalayan əksər sakinlərin əsəb, stres keçirməsinə, depressiyaya qapanmasına səbəb olur. Belə çıxır ki, gərək elə işini-gücünü atıb rayonda işıq, qaz, internet və s. problemlərinin həlli ilə bağlı o qaynar xəttə, bu idarəyə, o quruma zəng etməklə, məmurların qapılarını döyməklə məşğul olmalısan...
Bax, elə bu gün də - oktyabrın 21-də Bərdədə, havanın temperaturunun 5-6 dərəcə aşağı düşdüyü bir vaxtda oxşar problemlərlə üz-üzəyik. Səhər saatlarında bir müddət internetdə fasilə yarandı, saat təxminən 11-də təbii qaz kəsildi, “104” xidməti ilə 10-15 dəqiqə ərzində bir təhər əlaqə yaradıb qazın kəsilməsinin səbəbini soruşduq. Cavab verdilər ki, rayon ərazisində kiçik bir texniki qəza olub, uzağı, yarım saata düzələr. Elə otaqları qızdırmaq üçün elektrik qızdırıcısını yenicə işə salmaq istəyirdik ki, işıqlar da söndü. Yaxşı ki, təxminən yarım saatdan sonra elektrik verilişi bərpa olundu. Bu müddət ərzində yaşı 80-i keçmiş atam-anam soyuqdan böyük əziyyət çəkdi. Hazırda 3 saatdan çoxdur ki, qaz gəlmir... Elektrik qızdırıcıları otaqları normal qızdırmadığından valideynlərimiz hələ də soyuqdan əziyyət çəkir. Bizim kimi, rayonda minlərlə ailə eyni vəziyyətdədir...
Onu da qeyd edək ki, son vaxtlar digər bölgələrdə olduğu kimi, Bərdə də əhali qazın keyfiyyətindən də şikayətlidir. Deyilənə görə, sayğacların çox yazması üçün borulara qazla bərabər hava da vurulur. Təbii ki, bu sahədə mütəxəssis olmadığımızdan dəqiq bir söz deyə bilmərik. Amma onun dəfələrlə şahidi olmuşam ki, qaz plitəsini işə salırsan, azı, 10-15 dəqiqə, bəzən bir saat qaz əvəzinə hava gəlir. Elə materialı hazırladığım bu dəqiqələrdə də “Azəriqaz”ın “qayğısı sayəsində” ata-anamın məcburi köçkün kimi müvəqqəti yaşadığı həyət evinə qaz əvəzinə pulsuz hava verilir...
Xülasə, Bərdədə əsəbsiz, sakit yaşamaq, işləmək çox müşkül məsələdir....
İndi, rəhbər məmurlar yazıdan xəbər tutan kimi göstəriş verəcəklər ki, araşdırın, görün, onu yazanlar kimdir, nəçidir, hansı təxribatçıdır, bəlkə radikal müxalifətçidir.... “Niyə bu yaramaz ünsürlər rayonun inkişafına, görülən işlərə kölgə salırlar?”... Amma heç bir partiya-filan mənsubiyyəti olmayan biz müstəqil jurnalistlərin heç kəslə qərəzimiz-filanımız yoxdur, cənablar, yoldaşlar. Yazdıqlarımız isə gerçəklikdir, şahidi olduğumuz faktlardır... Aşağıda-yuxarıda kimin şübhəsi, etirazı varsa, buyurun, gəlin, təğyiri, libas olub Bərdə rayon mərkəzini gəzək və camaatla hal-əhval tutaq. Görəcəksiniz ki, Mirzə Ələkbər Sabir demiş, biz hələ gördüyümüzün dörddə birini yazmırıq...
Sultan Laçın