İranda gözlənilən proseslər : Molla rejiminin varlığı niyə ABŞ və İsrailə sərf edir? – Təbriz Araşdırmalar İnistutunun rəhbəri

22-11-2019, 15:30   

Təbriz Araşdırmalar İnistutunun rəhbəri M. Rıza Heyət İranda son həftələrdə baş verən etiraz aksiyaları ilə bağlı analiz yazısı ilə çıxış edib. 

Anaxeber.info bildirir ki, Avropa.info həmin yazını tərcümə edərək oxucuları ilə paylaşır.

Son günlər İran yenə çalxalanmağa başladı. Benzin qiymətlərinin bir anda üçqat artmasından sonra alovlanan etirazlar ölkənin demək olar ki, hər tərəfini əhatə edib. Əvvəlki etiraz aksiyalarında səssiz qalmağı tərcih edən Azərbaycan şəhərləri də bu dəfə hadisələrin mərkəzindədir. 1979-cu ildə korrupsiyaya, bərabərsizliyə, ayrı-seçkiliyə və diktaturaya qarşı inqilab edən İran xalqı 40 il sonra eyni səbəblərlə küçələrdədir. Zəngin neft və qaz ehtiyatlarına sahib olan ölkə yoxsulluq səviyyəsindədir. Orta sinfin belə ikinci və ya üçüncü iş görmədən keçinməsi demək olar ki, imkansızdır. Buna rəğmən, İranın İraqdakı şiə qruplara, Suriya hakimiyyətinə və Livan “Hizbullah”ına yardımları davam edir. Ölkə əhalisi hər gün yeni korrupsiya hadisəsi ilə sarsılır. İctimai azadlıqların məhdudlaşdırıldığı ölkədə seçkilər tamamilə görüntüdür. Dövlətin təsdiq etdiyi namizədlər xaricində namizəd göstərilməsi və dolayısı ilə seçilməsi imkansızdır. Dövlət sanki bir ailə tərəfindən idarə olunur. 35 il əvvəl ölkənin Ali Təhlükəsizlik Şurasının başında təmsil olunan şəxs bu gün prezidentdir. Sabiq prezident inqilab lideri…

Картинки по запросу M. Rıza HEYET

                        Təbriz Araşdırmalar İnistutunun rəhbəri M. Rıza Heyət

Ölkə konstitusiyasında hələ də tətbiq olunmayan, tətbiqi istənilməyən maddələr var. Xalqın etiraz aksiyalar keçirməsi konstitusion haqdır. Ancaq bu maddə heç bir zaman həyata keçirilmədi. Hər etirazda onlarla adam saxlanılır, yaralanır və öldürülür. Etnik qrupların bərabər haqlara sahib olduğunu nəzərdə tutan 19-cu maddə və ana dilinin təhsili ilə bağlı 15-ci maddə tamamilə arxivə atılmış haldadır. Namizədlərin seçkidən əvvəl verdiyi vədlərin heç biri yerinə yetirilmir. Seçkilər qurama olduğu üçün kimsənin hesabat tələb etmək haqqı yoxdur. İnqilab liderliyi məqamı başdan-başa müəmmadır. Ali Dini Şuranın sədri hər şeyə müdaxilə edə bilər, lakin ölkədəki problemlərin heç birinə görə məsuliyyət daşımır. Konstitusiyaya görə, Ali Dini Şuranın sədrinə nəzarət edən tək orqan var, onun da üzvləri dolayı yolla sədr tərəfindən müəyyən edilir.

Ölkədəki altı əsas etnik qrupdan dördü sünnidir. Lakin sünnilərin prezident və ya Ali Dini Şuranın sədri olması qəti şəkildə qadağandır. Bunu da keçdik, bir çox sünninin yaşadığı ölkənin paytaxtı Tehranda bir sünni məscidi belə yoxdur.

Bir az da xarici siyasətdən danışaq. İranın mövcud rejimin varlığı ABŞ və İsrail üçün böyük nemətdir. Rejimin dırnaqarası ABŞ və İsrail düşmənliyi sayəsində region ölkələrinə hər il milyardlarla dollarlıq silah satılır. İranın nüvə enerjisi oyunları və raket sınaqlarından ən çox qazanan ölkələr yenə ABŞ, İsrail və Qərb ölkələridir. Qərb İraq və Suriyada çaxnaşma istədikdə İran həmən dövriyəyə girir. PJAK-ın İranda terror aktı təşkil etməməsi şərti ilə PKK ilə əməkdaşlıq edir, terror təşkilatının liderlərini qurduğu düşərgələrdə qəbul edir və hətta PKK ilə Türkiyə dövlət arasında vasitəçilik etməyə hazır olduğunu belə utanmadan dilə gətirir.

Tehranda ermənilərə məxsus Ararat Klubunda Ermənistan bayrağının açılmasına, “Qarabağ Ermənistanındır” yazısına icazə verir, fəqət Təbriz stadionunda Türkiyə və ya Azərbaycan bayrağı açanları həbs edir, “Barış Pınarı” əməliyyatına dəstək verən futbolçuya diskvalifikasiya cəzası verir. Türkiyə universitetləri tərkibindəki Fars dili və ədəbiyyatı fakültələrinin açılmasını istəyir, müxtəlif şəhərlərdə farsca kurslar açır, lakin İranda İran universitetlərində Türk dili və ədəbiyyatı fakültələrinin açılmasının qarşısını alar. İslam və şiə dünyasının lideri olduğunu hər fürsətdə qeyd edər, lakin Qarabağ müharibəsində ermənilərin yanında dayanar. Birbaşa və ya dolayı yolla özünə bağlı mətbuat orqanlarından Türkiyə və türklük əleyhinə ən çirkin hərəkətlərə yol verər, lakin türk mediasında İranla bağlanan yayımlanan ən xırda tənqidə belə anında etiraz edər…

Vəziyyət bu cür ikən əsl verilməli sual budur: İranı nə gözləyir? Bundan sonrakı prosesdə İranda nələr ola bilər?

Əvvəlcə bunu qeyd etməyimiz lazımdır: Yuxarıda qeyd etdiyim səbəblərdən dolayı Qərb İranda rejim dəyişikliyinə qarşıdır. Bütün sanksiyalar və iqtisadi embarqolar əslində rejimin ömrünü uzatmaq üçün həyata keçirilən siyasətlərdir. Qərb üçün ideal vəziyyət inqilab liderinin də mənimsədiyi və ifadə etdiyi “nə müharibə, nə sülh” vəziyyətidir. Bu istiqamətdə ölkədə bəzi islahatların həyata keçirməklə yanaşı İranın ABŞ və İsrail əleyhinə çıxışları hələlik davam edəcək. Ancaq bunun qarşısındakı ən böyük problem xalqın ciddi mənada artan narazılığıdır. Böyük ailə strukturuna sahib olan rejim, ən kiçik islahatla çökə bilər. Bu baxımdan SSRİ-nin son dövrlərdəki vəziyyəti ilə oxşarlıq var. Bu üzdən rejim zorakılıqdan istifadə etməklə etirazları yatırmaqda qərarlıdır. Böyük ehtimalla Qərb ölkələr bu prosesin yalnız qınamalar və ya xırda islahatlarla ötüşdürülməsini istəyəcəklər. Lakin etirazların davam etməsi və genişlənməsi halında Ruhani hökumətinin istefa verməsi, ya da İnqilab Keşikçiləri Korpusunun çevriliş etməsi ehtimal olunur. Bu halda ABŞ başda olmaqla Qərb ölkələri alternativ axtararaq B planlarını fəaliyyətə keçirəcəklər.

B planında destruktiv olmaqla  iki qrup gündəmə gələcək. Destruktiv qrupa Xalqın Mücahidləri təşkilatı, PKK-nın İran qolu və ya qolları, ərəb-bəluc silahlı qrupları daxil ediləcək. Konstruktiv ünsür kimi hələlik sabiq şahın oğlu Rza Pəhləvinin oğlu hazırlanır. Rza Pəhləvinin fars olmayan etnik qruplar tərəfindən qəbul görməsi imkansız görünür. Lakin ikinci bir alternativin ortaya çıxmasına qədər onun adı ilk sırada yer alacaq.

İrandakı bütün siyasi proseslər eyni zamanda tarixi türk-fars rəqabəti oxunda baş verir. Türklər 1925-də min illik iqtidarı itirincə farslar hakimiyyəti tam mənasında ələ keçirdilər. Bu iqtidar savaşına rejimlərin xaricindən baxmaq lazımdır. Farslar yalnız iqtidarın özlərində qalması şərti ilə dəyişikliyə tərəfdardırlar. Başqa sözlə, mövcud rejim belə hakimiyyəti tarixi rəqibi olan türklərə verməkdənsə, siyasi rəqibi Pəhləviyə və ya farsları təmsil edən hər hansı birinə ötürməyi tərcih edər.

M.Rza HEYƏT –Təbriz Araşdırmalar İnstitutu müdiri  

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.