Soyuqlar düşür: İş nə vaxt dayandırıla bilər? - BÜTÜN ŞƏRTLƏR

22-11-2019, 15:35   


Soyuqlar düşür: İş nə vaxt dayandırıla bilər? - BÜTÜN ŞƏRTLƏR

Havanın tədricən soyuması xüsusilə də açıq havada işləyənlərlə bağlı narahatlıq yaranır.  

Qanunvericilikdə işin dayandırılması şərtləri ilə bağlı müddəalar var. 

Qış mövsümü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərin diqqətinə çatdırır ki, havanın temperaturunun +14 dərəcə Selsidən aşağı olduğu hallarda işçilərin həyat və sağlamlığının qorunması üçün əmək qanunvericiliyinə əsasən, işçilərə fasilələr verilir və iş dayandırılır. 

Cebhe.info xəbər verir ki, Əmək Məcəlləsinin 233-cü maddəsinə uyğun olaraq, havanın temperaturu +14 dərəcə Selsidən aşağı olduğu hallarda örtülü, lakin isidilməyən binalarda işləyərkən onlara bu maddə ilə müəyyən olunmuş qaydada iş dayandırılır. 

Yay mövsümü ilə əlaqədar da qaydalar var. Belə ki, Əmək Məcəlləsinin 233-cü maddəsinə uyğun olaraq işçilər havanın temperaturu azı 41 dərəcə Selsidən çox olan isti və açıq şəraitli iş yerlərində işləyərkən onlara bu maddə ilə müəyyən olunmuş qaydada fasilələr verilir və iş dayandırılır. Fasilələr iş vaxtına daxil edilir və bu fasilələr zamanı əməkhaqqı işçilərin tarif maaşına görə ödənilir. İş dayandırıldıqda, boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir. Əməyin mühafizəsinin təmin edilməsi məqsədi ilə bu Məcəllənin 230 və 233-cü maddələrində nəzərdə tutulmuş hallarda iş dayandırıldıqda işçi başqa işə keçirilə bilər. Bu halda işçi azmaaşlı işə keçirilərsə, onun əvvəlki vəzifəsi (peşəsi) üzrə əməkhaqqı saxlanılır. Bundan başqa işçilərə fasilələr verilməsi və işin dayandırılması üçün əsas hesab edilən havanın temperaturu və küləyin gücü Əmək Məcəlləsinin 233-cü maddəsinə 2-ci əlavədə nəzərdə tutulub:

1. Küləyin gücü 6 bal və daha artıq olduqda, quruda kranlarla görülən bütün növ işlər dayandırılır; 

2. Küləyin gücü 2 baldan artıq olduqda - kranlar qurulması üzrə quraşdırma işləri; 

3. Küləyin gücü 3 baldan artıq olduqda — qaldırıcıların quraşdırılması və sökülməsi işləri;

4. Küləyin gücü 6 baldan artıq olduqda — taxta-şalban işi, habelə taxta-şalbanın sökülməsi;

5. Küləyin gücü 3 baldan artıq olduqda — daşınan taxta-şalbanın yerinin dəyişdirilməsi işləri;

6. Dənizdə işləyərkən aşağıdakı hallarda işlər dayandırılır;

7. Küləyin gücü 4 baldan artıq olduqda — ayrı-ayrı özüllərdə kran gəmiləri vasitəsilə görülən tikinti-quraşdırma və sökmə işləri;

8. Küləyin gücü 4 baldan artıq olduqda — daimi dəniz özülləri və estakadayanı meydançaları yanındakı buxtalarda barjlara, kran gəmilərinə yükvurma və yükboşaltma işləri;

9. Küləyin gücü 8 baldan artıq olduqda — qazma işləri aparılan quyularda alətlərin quyulardan qaldırılması ilə əlaqədar bütün işlər;

10. Küləyin gücü 6 baldan artıq olduqda — daimi dəniz özüllərində istismar edilən quyularda işlər;

11. Küləyin gücü 6 baldan artıq olduqda — daimi dəniz özüllərində estakadayanı meydançalarda quyuların əsaslı və cari yeraltı təmir işləri;

12. Küləyin gücü 8 baldan artıq olduqda — özülün və ya estakadayanı meydançanın döşəməsi üstündəki işlər;

13. Küləyin gücü 8 baldan artıq olduqda — özülün və ya estakadayanı meydançanın döşəməsi altındakı işlər;

14. Küləyin gücü 4 baldan artıq olduqda — qaynaq tikişinin aşağı vəziyyətdə qoyulduğu bütün növ qaynaq işləri;

15. Küləyin gücü 3 baldan artıq olduqda — qaynaq tikişinin şaquli vəziyyətində qoyulduğu bütün növ qaynaq işləri;

16. Küləyin gücü 3 baldan artıq olduqda — qaynaq tikişin tavan vəziyyətdə qoyulduğu bütün növ qaynaq işləri;

17. Küləyin gücü 5 baldan artıq olduqda — ayrı-ayrı özüllərdə üzən vasitələr, qurğular olmadan tikinti-quraşdırma və sökmə işləri;

18. Küləyin gücü 4 baldan artıq olduqda — estakada tikən kranla quraşdırma işləri;

19. Küləyin gücü 5 baldan artıq olduqda — kopyor vasitəsilə dayaqlar vurulması işləri;

20. Küləyin gücü 4 baldan artıq olduqda — dəniz neft-mədən qurğularının sökülməsi işləri;

21. Küləyin gücü 5 baldan artıq olduqda — daimi dəniz özüllərində buruqların quraşdırılması, sökülməsi və dorların qaldırılması (endirilməsi) işləri;

22. Küləyin gücü 5 baldan artıq olduqda — traversin sürgü qollarının, mancanaq dəzgahının asma kanatının təmiri və dəyişdirilməsi, buruqda və ya dorda diyircəklərin, kran-blokun dəyişdirilməsi, tali kanatının təchizatı, dərinlik ölçmələri və quyuların debitinin ölçülməsi işləri;

23. Küləyin gücü 5 baldan artıq olduqda — estakada meydançalarında quyuların cari və əsaslı təmiri üçün səyyar aqreqatların dorlarının qaldırılması işləri;

24. Küləyin gücü 10 baldan artıq olduqda — quyunun yuyulması işlərindən başqa buruqda bütün işlər;

25. Havanın temperaturu Selsi ilə mənfi 10 dərəcə və daha aşağı olduqda və eyni zamanda küləyin gücü 3 baldan artıq olduqda açıq havada bütün növ işlər dayandırılır və ya işçilərə isinmək üçün fasilələr verilir. 

İşlərin dayandırılması və isinmək üçün fasilələr verilməsi, habelə bu fasilələrin sayının və müddətinin müəyyən edilməsi işəgötürənlə həmkarlar ittifaqları təşkilatının birgə qərarı ilə həyata keçirilir. 

Əli Bədir
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.