Artıq bir həftədir ki, II Dünya Müharibəsinin məşhur çörək növbəsi ənənəsi Bakıya geri qayıdıb.
Amma bu dəfə uzun növbələrə duran insanların əlində talon yox, şəxsiyyət vəsiqələri var. Əldə etmək istədikləri isə qətiyyən, çörək filan deyil. 20 manat puldur. Quruca 20 manat! Kimsə xəlvətdə onlara deyib ki, paytaxtın 5 nöqtəsində quraşdırılan bankomat pul paylayır. Həm də heç bir məbləğ ödəmədən. Sadəcə şəxsiyyət vəsiqəniz, başınız və sağ əlinizin baş barmağı üstünüzdə olmalıdır. Ona görə xəlvət ki, bu barədə nə Kütləvi İnformasiya Vasitələrində rəsmi və yaxud dolğun informasiya var, nə də sosial mediada. Əslində, bunların ikisinə də ehtiyac yoxdur. Çünki “pulsuz pul” özü ən yaxşı reklamdır. Bankomatları quraşdıran şirkət də heç şübhəsiz, bu şüardan istifadə edərək yola çıxıb və sadəcə olaraq insanları öz rzası ilə, baş barmağından tutub dartaraq pul makinasının dəmir barmaqlıqları arasına salır.
Lap axirət kimidir!
Gedəcəyini bilirsən, amma orada səni nəyin və ya nələrin gözləyəcəyini yox!
Yekə bir müəmma!
Bəs mürəbbəyə daraşan qarışqa sürüsü kimi bu tələyə özlərini salan kimlərdir?
“İş yoxdur” şablonunu dilində təsbehə çevirib bəlkə bu günə qədər əlli dənə işdən imtina etmiş tənbəllər, dəmir parçasından bir daha geri qayıtmayacaq şəkildə “pulsuz pul” qopardığını zənn edən hiyləgərlər və bu qəbildən olan paytaxt sakinləri.
Tələnin işləmə mexanizmi hansı imamın goruna tapşırılıb?
Bilinmir.
Dəmir barmaqlıqların arxasında kim var?
O (və ya onlar) da Leonardo Da Vinçinin “Mona Liza” tablosunda oturan şəxsin cinsiyyətinin naməlumluğunu geyinib, uzunömürlülüyünü qorumaq üçün özünü okeanların dərinliklərinə məhkum etmiş tısbağalar misali qınına çəkilib. Tapılmır!
Bəs bu tələ ağzını hansı istiqamətdə açıb insanları şəxsiyyət vəsiqələri ilə birgə udur?
Deməli, əvvəlcə bankomata yaxınlaşıb “BORC ALMAQ” düyməsini seçirsiniz. Daha sonra səsi dünya məlahətlisi bir xanım 10 saniyə ərzində sizə əhəmiyyət verməyəcəyiniz bir neçə xəbərdarlıq edir və sonda bildirir ki, siz şəxsi məlumatlarınızı sistemlə bölüşürsünüz. Siz buna da əhəmiyyət vermirsiniz, çünki insanın göz bəbəklərini deşən bu narıncı düymə sizi pula bir addım da yaxınlaşdırdığı siqnalını verir. Əlqərəz, əlaqə nömrənizi daxil edirsiniz, sizə təsdiq kodu gəlir. O kodu aparatın ekranında yazıb keçirsiniz növbəti prosesə. Şəxsiyyət vəsiqənizin hər iki tərəfini “cənab terminator”da skan etdikdən sonra Corc Oruellin “1984” romanındakı “Böyük qardaş sənə baxır” şüarını adamın alnına Sibir soyuqluğu ilə yapışdıran kameraya üzünüzü göstərirsiniz. Və siz məhz bu anda şəxsiyyət vəsiqənizdəki şəklinizə oxşamaq üçün minbir hoqqadan çıxmağa qeyri-ixtiyari olaraq, şüuraltı hazır olursunuz. Bu “böyük qardaş” şəxsiyyət vəsiqəsindəki müqəddəs foto ilə indicə çəkdiyi fotonu qarşılaşdırıb hakim soyuqluğu ilə qərar verəcək ki, vəsiqə sizindir, ya yox. Şərəfsiz, bir də 20 manata görə insanların şəxsiyyətləri ilə oynamağı özünə ar bilmir!
Daha sonra baş barmağınızı indicə namaz qılacaqmışcasına təmizliklə müvafiq yerə sıxırsınız və dünyada sadəcə sizə aid olan, yalnız dövlət qurumlarının istifadə edə biləcəyi daha bir şəxsi məlumatınızı öz əllərinizlə bu dəmir parçasına etibar edirsiniz. O dəmir parçası ki, ərk edib ailənizdən, qohumunuzdan istəyə bilmədiyiniz 20 manatı sizə verəcək. Yəni belə çıxır, siz ona atanızdan və ya xalanızdan daha çox güvənirsiniz! Mənə elə gəlir, kiminsə dayısı borc pul verəndə Federal Təhqiqatlar Bürosu kimi adamdan baş barmağının izini istəmir…
Emosionallığı bir kənara buraxıb, keçək əsas məsələyə.
Bu ağıllı “terminator” hansı müqəddəs kitaba istinadən pul paylayır?
Aparat sizin “yalançı” olmadığınıza əmin olduqdan sonra ilk məbləğ kimi 20 manat təklif edir. Bu məbləği 5 gündən 21 günə qədər müddətdə qaytarmalısınız. Həm də üstünə əlavə 1 manat faiz qoyaraq. Göründüyü kimi, heç də “pulsuz pul” deyilmiş! Bu məbləğ 1000 manata qədər qalxa bilər. Bir halda ki, götürülən məbləğ təyin olunan vaxt çərçivəsində ödənilsin. Onu da qeyd edim ki, bankomat 1 nəfərə sadəcə 3 kredit haqqı tanıyır. Atalar da 3-dən demişdi.
Yaxşı, bəs ödəməsəm necə? 20 manatı götürüb sirlər dünyasının ənginliklərində boğulsam və bir daha o aparatın yaxınlığından belə keçməsəm? Hardan tanıyacaq ki məni?
Əlbəttə tanıyacaq. 10 dəqiqə bundan əvvəl vicdanlı atanın cinayətkar oğlunu polisə öz əllərilə təslim edirmişcəsinə qızıl teştdə qabağına qoyduğun şəxsiyyət vəsiqən sayəsində inzibati məsuliyyətə cəlb olunacaqsan. Bundan sonrası isə həqiqətən də axirətdən betərdir. Çünki “inzibati məsuliyyət”in nədən ibarət olduğunu biləcək bir adəm övladı tapa bilmədik bu boyda şəhərdə: nə bir əlaqə telefonu, nə ünvan, nə ad, nə cavabdeh şəxs.
Aparatda “böyük qardaş”la əlaqə qurmaq üçün sadəcə bir nömrə qeyd edilib. Nömrə gah işləmir, gah da 20 manatı burun deşiklərindən gətirəndən sonra bir qadının səsi ilə sənə alo deyir. O da “Çağrı mərkəzi”nin əməkdaşıdır. Aparatın mexanizmi ilə bağlı məlumatdan savayı bir var-dövləti yoxdur.
Şəxsi məlumatlar harada saxlanılır?
Əməliyyatın kim tərəfindən aparılması, hansı serverdə saxlanılması məlum deyil. Ona görə də bu prosesdən sonra başınıza nəyin gələcəyi, şəxsi məlumatlarınızdan naməlum şəxslər tərəfindən hansı niyyətlə istifadə olunacağı qalıb Allahın ümidinə.
İnternetdə axtarış
Müasir dünya insanı kimi əldə olunan məlumatlar əsasında internetə daxil olub geniş məlumat toplamaq istədim. Aparatın üzərində yazılan “AZPULMANAT” açar sözləri vasitəsilə bir neçə məlumat çıxdı. “Azpul.az” saytında aparatın mexanizmi barəsində bir neçə istiqamət qeyd edilmişdi. Lakin aparatın hara məxsus olduğu, kimin nəzarətində saxlandığı, serverin hansı proqram vasitəsilə qorunduğuna dair bir kəlmə də tapılmadı. Aparatın bir də mobil tətbiqi var. “Azpulmat” adlı bu tətbiqlə bankomatların hansı nöqtələrdə yerləşdiyini xəritədən tapa, həmçinin hesabınızda borc olub-olmaması barədə məlumat əldə edə bilərsiniz. Tətbiqdə bankomatların Bakının 5 nöqtəsində, Azadlıq prospekti, 3-cü mikrorayon, Həsən bəy Zərdabi küçəsi, Razin və Qaraçuxur qəsəbəsində yerləşdirildiyi xəritə üzrə göstərilir.
Ekspertlər nə deyir?
Məsələnin iqtisadi tərəflərini izah edən iqtisadçı ekspert Elşad Məmmədov bildirir ki, əvvəlcə ətraflı araşdırma aparmaq lazımdır: “Bankomatın hansı quruma aid olduğu dəqiqləşdirilməlidir. Çünki bu istiqamətdə müvafiq qanunvericilik var və buna uyğun şəkildə tədbirlər həyata keçirilir. Əgər onlar aidiyyəti dövlət qurumunun lisenziyası əsasında fəaliyyət göstərirlərsə, o zaman diqqət sırf iqtisadi istiqamətə yönəlməlidir. Söhbət qısamüddətli və yüksək faizlə verilən kreditlərdən gedirsə, bu, bizim iqtisadiyyatımıza yalnız zərər verə bilər. Kreditlərin qaytarılması ilə bağlı problemlər yaranar. İqtisadiyyat elmi onu deməyə əsas verir ki, kreditlər uzunmüddətli olmalıdır”.
Ekspert bildirib ki, bankomatın təklif etdiyi 20 manatla biznes qurmaq mümkün deyil: “Prosesin kütləvi hal alması ölkə əhalisinin yenə də borclanmasına və borcların ödənilməsindəki çətinliklərə şərait yaradacaq. Fikrimcə, daha effektiv olardı ki, maaşların, sosial müavinətlərin artımı davam etdirilsin ki, əhali daha yüksək alıcılıq qabiliyyətinə malik olsun. Yoxsa hansısa təşkilatın spekulyativ xidməti sayəsində əhalinin borclanması ilə nəyisə həll etmək mümkün deyil. Çünki borcların qaytarılmasındakı ləngimələr kredit faizinin şişməsinə səbəb olacaq. Bütün bunlar sosial baxımdan da problemlər yaradacaq. 20 gün ərzində 5 faizlə verilən kredit illik 60-70 faiz olacaq. Bu da çox yüksək rəqəmdir”.
E.Məmmədov bankomatın etibarlılığının kibertəhlükəsizlikdən asılı olduğunu qeyd edib: “Burada informasiya təhlükəsizliyi təminatı lazımi səviyyədə deyilsə, ciddi hüquqi problemlər ortaya çıxacaq. Krediti geri qaytarmayanların inzibati məsuliyyətə cəlb olunması da bunu deməyimizə əsas verir. Çünki o həcmdə və o faizlərlə kreditlərə müraciət edən insanların xeyli hissəsi ödəniş qabiliyyəti olmayan insanlardır. Bir hissəsi krediti ödəməkdən imtina edəcək. İş məhkəməyə gedəcək. Onsuz da, məhkəmələrdə iqtisadi mübahisələrin həcmi çoxdur. Nəticədə problemlərin həlli üçün ödənilməli olan xərclər əldə olunan mənfəəti üstələyə bilər. Ona görə də məsələyə daha ciddi yanaşmaq lazımdır”.
Ekspert Mərkəzi Bankı, Maliyyə Bazarlarına Nəzarət Palatasını və bu istiqamətdə fəaliyyət göstərən qurumları məsələyə ciddi yanaşmağa, biz isə vətəndaşları daha soyuqqanlı və tələbkar olmağa çağırırıq.
Qeyd edək ki, Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası nağd pul vəsaitinin verilməsi (kredit) məqsədilə quraşdırılmış “Azpulmat” özünəxidmət terminalların fəaliyyətini araşdırıb. Qurum qeyd olunan sahələrin tənzimlənməsinin səlahiyyətləri daxilində olmadığı üçün aidiyyəti dövlət orqanlarına rəsmi müraciət edib. (publika.az)