Oğlu zorlamada şərlənən marşal – Stalin onun işini araşdırmağı üç təhqiqat qrupuna həvalə edib

23-11-2019, 15:30   


1942-ci ildə Marşal Jukov Vasili Sokolovskinin baş qərargah rəisnin müavini vəzifəsinə təyin edilməsi ilə bağlı İosif Stalinə müraciət edəndə Ali Baş Komandan bu təklifdən təəcübünü gizlədə bilməyib:

- Yoldaş Jukov, siz elə düşünmürsünüz ki, özünüzə müavin seçməkdə yanılırsınız?

- Xeyr, yoldaş Stalin, Sokolovski təcrübəli hərbçidir, qərargah işlərində, əməliyyat planlarının hazırlanmasında o, əsl peşəkardır.

- Siz Sokolovskini mənə tanıtdırmağa çalışmayın, mən onun peşəkarlağına yaxşı bələdəm. Məsələ bunda deyil. Məsələ ondadır ki, siz xaraktercə fərqli adamlarsınız, Sokolovski son dərəcə mədəni, siz isə olduqca kobud. Bu fərq arasında işinizi necə quracaqsınız?

- Bu bizim işimizə mane olmayacaq.

Stalin Jukovun təklifini qəbul edib və Sokolovski baş qərargah rəisinin müavini təyin edilib.

Sonralar Sokolovskinin nəvəsi Olqa Zaxarkina da babası ilə Jukovun arasındakı münasibətlər haqqında yazıb:
“Onlar yaxın dost idilər. Müharibənin ağır illərini babam Jukovla birlikdə keçirib, onun müavini olub. Xarakterləri fərqli olsa da, bu onların dostluq münasibətinə təsir etmirdi. Jukov çox sərt və kobud insan idi, babam isə son dərəcə mədəni. O, tez-tez bizim evimizdə qonaq olurdu, hansısa məsələləri babamla müzakirə edirdilər, bəzən bu gecə yarıyadək davam edirdi. Mübahisələr başlanırdı, bəzən Jukov səsini də qaldrırdı, amma sonda müzakirələr, söhbətlər mehribanlıqla bitirdi, Jukov babamla çox mehriban görüşüb ayrılırdı. Sona qədər də cəbhə dostları bu cür doğma münasibətdə oldular...”
Marşal Vasili Sokolovski 1897-ci ildə Qrodnoda anadan olub. İki illik məktəbi bitirdikdən sonra təhsilini müəllimlər seminariyasında davam etdirib. 1918-ci ildən hərbi xidmətə başlayıb. Vətəndaş müharibəsinin iştirakçısı olub. Ali hərbi və akademik təhsil alıb.

Vasili Sokolovski müharibəyə qədərki illərdə hərbi nəzəriyyə və qərargah işinin təşkilində bacarıqlı və savadlı hərbçi kimi tanınıb. Onun hərbi karyerasında marşal Jukovun və və marşal Konevin xüsusi rolu olub.

1938-ci ildə Moskva hərbi dairəsinin qərargah rəisi vəzifəsində xidmət edərkən Stalinin hərbi vəsifəlilərin repressiya siyahısına Sokolovskinin də adı düşüb. O, I dünya müharibəsində çar ordusunun zabiti olmaqda ittiham olunub. Sokolovski ittihamları qəbul etməyib və çevik tərpənib, həmin illərdə müəllimlər seminariyasında təhsil almağı ilə bağlı sənədləri birbaşa Stalinə göndərib və xoşbəxtlikdən, həmin sənədlər Kremlin kabinetlərində “itməyərək” Stalinə çatıb. Beləliklə, qara buludlar Sokolovskinin başı üstündən çəkilib.

Müharibənin ilk günündən son dəqiqəsinə qədər marşal Sokolovski ən ağır cəbhələrdə olub. Bu illərdə o, baş qərargah rəisinin müavini, Qərb cəbhəsinin qərargah rəisi, Qərb cəbhəsinin komandanı, 1-ci Ukrayna cəbhəsinin qərargah rəisi, 1-ci Belarusiya cəbhəsinin komandan müavini kimi ən mürəkkəb və çətin hərbi əməliyyatlara başçılıq edib. Berlin əməliyyatının uğrlu keçirilməsində Sokolovskinin xüsusi xidmətləri olub.

Marşal Vasili Sokolovski Almaniyanın kapitulyasiyası ilə bağlı aktın imzalanmasında iştirak edib və sonra 1946-cı ildə Jukovun təşəbbüsü ilə Almaniyada sovet qoşunları qrupunun komandanı təyin edilib.

Almaniyada xidmət etdiyi dövrdə Sokolovski növbəti dəfə SSRİ-nin dövlət təhlükəsizliyi orqanları ilə problemlərlə üzləşib.
Stalinin keçirdiyi müşavirələrin birində çıxış edən Sokolovski SSRİ-dən Almaniyaya ezam olunan yüksəkçinli məmurların acgözlükləri məsələsinə toxunub, onların Almaniyadan saysız-hesabsız qiymətli əşyalar daşıdıqlarını söyləyib. Marşal çəkinmədən bu məsələdə SSRİ dövlət təhlüksizliti naziri Merkulovun adını çəkib. Sözsüz ki, Merkulov bu hadisəni unutmayıb və qisas üçün məqam gözləyib.

Bu hadisədən çox keçməmiş Dövlət Təhlükəsizliyi Nazirliyinin əməkdaşlarından biri, vaxtilə marşalın tabeliyində hərbçi kimi xidmət edən zabit Sokolovskiyə gizli bir məlumat ötürüb, bildirib ki, Merkulov onun və ailəsinin haqqında materiallar toplayır.

Daha bir neçə gündən sonra isə marşalın ailə maşınında cinayət hadisəsinin baş verməsi ilə bağlı xəbər yayılıb. Belə ki, Sokolovskinin Moskvada olan ailəsinə xidmət edən avtomoldə “rəsmi” olaraq zorlama faktı qeydə alınıb. Marşalın oğlu Yevgeni Sokolovski həmin maşında Leninqrad dövlət təhlükəsizlik idarəsinin rəisinin qızını zorlamağa cəhd etməkdə ittiham olunaraq həbs edilib. Marşalın oğlu həmin ərəfədə Tamanski dviziyasında zabit kimi xidmət edib. O, dərhal xidmətdən azad olunub və partiya sıralarından xariç edilib.

Sözsüz ki, Sokolovski zərbənin haradan gəldiyini anlayıb və o, təcili Almaniyadan Moskvaya yola düşüb. Müdafiə Nazirliyinin rəhbərliyinin köməyi ilə Sokolovski Stalinlə görüşməyə nail olub. Marşal baş verənlər haqqında Stalinə məlumat verib. Stalin məsələni araşdıracağını ona söz verib.

Stalin Yevgeni Sokolovskinin işinin araşdırmasını üç qrupa həvalə edib və bu qruplar bir-birindən xəbərsiz araşdırma aparıblar. Son nəticədə hər üç qrupun araşdırması ilə bağlı Stalinə təqdim olunan arayışlarada marşalın oğlunun günahsız olduğu göstərilib.

Bu dəfə Stalin özü Sokolovskini yanına dəvət edib. 40 dəqiqəlik görüşdə Stalin hərbi məsələlər haqqında danışıb, marşalın işləri ilə maraqlanıb, oğlu barəsində heç nə deməyib. Nəhayət, Stalin kürsüsündən qalxaraq Sokolovskini yola salıb:
- Gedə bilərsiniz, yoldaş Sokolovski, bu gülləri isə mənim adımdan Anna Petrovnaya çatdırın (Sokolovskinin həyat yoldaşı nəzərdə tutulur) və deyin ki, səhər oğlunu qarşılasın.

Stalin kabinetin küncündəki şkafın üstündə olan gül çələngini marşala verib və onu qapıya qədər yola salıb.

Sokolovski Almaniyadan sonra xidmətini Moskvada davam etdirib, o, baş qərargah rəisi, müdafiə nazirinin birinci müavini vəzifələrində çalışıb, SSRİ Ali Sovetinin deputatı olub. 1960-cı ildə marşal istefaya şıxıb.

Vasili Sokolovski 1968-ci ildə vəfat edib. Marşalın yandırılmış nəşinin külü Kreml divarlarında yerləşdirilib, üzərinə xatirə lövhəsi vurulub.

İlham Cəmiloğlu, Musavat.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.